Məhkəmə qərarları › İş №2(103)-850/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-850/2023

13.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-850/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 vəkili Vəkil1, iddiaçılar Hökumə Hüseynova, İddiaçı3 və İddiaçı4, müstəqil tələb irəli sürən üçüncü şəxslər Sədaqət Səlimova və Rahilə Qulamova, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “reyestr çıxarışının hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payın bağışlanması müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi barədə” iddiasına, üçüncü şəxslər X4, X6, X7 və X5 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Sabunçu rayonu, “Vişnyovka-1” bağlar massivində yerləşən, sahəsi 0,25 ha təşkil edən 1337 №-li bağ sahəsi ilə bağlıdır (bundan sonra – bağ sahəsi). Bağ sahəsi əvvəlcə dövlət mülkiyyətində olub və xx.xx.1988-ci il tarixli müqavilə ilə Zeynəb Əliyevanın icarəsinə verilib. Müqavilənin müddəti xx.xx.1998-ci ildə bitib. Bundan 7 il sonra – xx.xx.2005-ci ildə Zeynəb Əliyeva ölüb. Ölümdən 4 ay əvvəl – xx.xx.2005-ci ildə keçmiş icarədar Zeynəb Əliyevanın və keçmiş icarədarın ailə üzvlərinin razılığı əsasında bağ sahəsinin X1 Əliyevin istifadəsinə verilməsi barədə müqavilə bağlanıb. Həmin müqavilənin müddəti xx.xx.2015-ci ildə bitib. Novruzəli Əliyevin müqavilənin qüvvədə olduğu zaman – xx.xx.2014-cü ildə ölüb. Novruzəli Əliyevin ölümündən sonra – xx.xx.2015-ci ildə bağ sahəsi onun mülkiyyəti kimi qeydə alınıb. xx.xx.2015-ci ildə Novruzəli Əliyevin 3 vərəsəsinin – arvadı Sara Əliyeva, qızı Aybəniz Əliyeva və oğlu Cavabdeh1 adına bağ sahəsinə dair bərabər pay hüquqlu vərəsələr kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Eyni gündə - xx.xx.2015-ci ildə bağlanmış, miras payın bağışlama müqaviləsinə əsasən vərəsələr Sara Əliyeva və Aybəniz Əliyeva öz miras paylarını digər vərəsə Cavabdeh1 bağışlayıblar. xx.xx.2015-ci ildə bağ sahəsi Cavabdeh1 mülkiyyəti kimi qeydə alınıb və hazırda onun mülkiyyətindədir. İddia irəli sürən şəxslər ilk icarədar Zeynəb Əliyevanın qohumlarıdır. Belə ki, iddia ərizəsi üzrə 1-ci İddiaçı1 və 2-ci İddiaçı2 mərhum Zeynəb Əliyevanın övladları, 3-cü İddiaçı3 və 4-cü İddiaçı4 mərhum Zeynəb Əliyevanın nəvələridir. Üçüncü şəxslərin müstəqil iddia ərizəsi üzrə 1-ci üçüncü şəxs Sədaqət Səlimova və 2-ci üçüncü şəxs Rahilə Qulamova mərhum Zeynəb Əliyevanın nəvələridir, 3-cü üçüncü şəxs Aynurə Qulamova və 4-cü üçüncü şəxs Gülnar Qulmova isə mərhum Zeynəb Əliyevanının nəticələridir. Tələb və onun həlli: İşdə 2 iddia var: iddiaçıların iddiası və üçüncü şəxslərin iddiası. İddiaçıların iddia ərizəsində tələb olunub: 1) X2 və İstismarı Birliyi ilə Novruzəli Əliyevin arasında bağlanmış, bağ sahəsinin istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli müqavilə etibarsız hesab olunsun; 2) bağ sahəsinin xx.xx.2015-ci ildə Novruzəli Əliyevin mülkiyyəti kimi qeydə alınması barədə reyestr çıxarışı hissəvi etibarsız hesab olunsun; 3) bağ sahəsinə dair xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə hissəvi ləğv olunsun; 4) bağ sahəsinə dair xx.xx.2015-ci il tarixli miras payın bağışlanması müqaviləsi tam ləğv olunsun; 5) bağ sahəsinin xx.xx.2015-ci ildə Cavabdeh1 mülkiyyəti kimi qeydə alınması barədə reyestr çıxarışı ləğv olunsun; 6) bağ sahəsi miras əmlak kimi vərəsələrin arasında bölünsün. İddiaçıların iddia ərizəsi onunla əsaslandırılıb ki, iddaçılar bağ sahəsinə dair Novruzəli Əliyevin adına müqavilə bağlanmasına razılıq versələr də, bağ sahəsinin Novruzəli Əliyevin adına özəlləşdirilməsinə razılıq verməyiblər. Nəticədə isə icarədar Zeynəb Əliyevanın ailə üzvləri kimi iddiaçıların bağ sahəsinə olan hüquqları pozlub. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsində eyni tələb irəli sürülüb. Üçüncü şəxslərin iddia ərizəsi onunla əsaslandırılıb ki, üçüncü şəxslər bağ sahəsinə dair Novruzəli Əliyevin adına müqavilə bağlanmasına və daha sonra bağ sahəsinin Novruzəli Əliyevin adına özəlləşdirilməsinə razılıq verməyiblər. Nəticədə isə icarədar Zeynəb Əliyevanın ailə üzvləri kimi üçüncü şəxslərin bağ sahəsinə olan hüquqları pozlub. Qətnamə ilə iddiaçıların iddiası təmin edilməyib, üçüncü şəxslərin iddiası isə qismən təmin olunub. Üçüncü şəxslərin iddiası qismən təmin olunarkən göstərilənlər qət edilib: 1) X2 və İstismarı Birliyi ilə Novruzəli Əliyevin arasında bağlanmış, bağ sahəsinin istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli müqavilə etibarsız hesab olunsun; 2) bağ sahəsinin xx.xx.2015-ci ildə Novruzəli Əliyevin mülkiyyəti kimi qeydə alınması barədə reyestr çıxarış ləğv olunsun; 3) bağ sahəsinə dair xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ləğv olunsun; 4) bağ sahəsinə dair xx.xx.2015ci il tarixli miras payın bağışlanması müqaviləsi ləğv olunsun; 5) bağ sahəsinin xx.xx.2015ci ildə Cavabdeh1 mülkiyyəti kimi qeydə alınması barədə reyestr çıxarışı ləğv olunsun. Üçüncü şəxslərin iddiasının qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən digər şəxslər apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisə prdedmeti bölünməz olduğuna görə qətnamə tam yoxlanılmalıdır. Qətnamə tam ləğv olunmalı, hər iki iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci: Zeynəb Əliyevanın adına olan icarə müqaviləsinin müddəti xx.xx.1998-ci ildə bitib. Bu tarixdən 7 il sonra – xx.xx.2005-ci ildə Zeynəb Əliyeva ölüb. Zeynəb Əliyeva icarə müddəti bitdikdən sonra öldüyünə görə icarə hüququnun vərəsəlik qaydasında keçməsi mümkün deyil. Belə ki, “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsinə görə, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar onun hüquqi varislərinə keçir. O cümlədən Torpaq Məcəlləsinin 51-ci maddəsinin 7-ci hissəsinə görə, icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Qanunvericilikdən göründüyü kimi, icarəçinin ölümü icarə müddəti ərzində baş verdiyi təqdirdə onun hüquqları vərəsəlik üzrə keçir. xx.xx.1998-ci ildə icarə müqaviləsinin müddəti bitdikdən sonra müqavilənin müddəti uzadılmayıb. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci hissəsində göstərilib: “Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər”. Göründüyü kimi, həmin maddədə müqavilənin müddətinin prolonqasiya qaydasında uzadılması imkanı müəyyən edilsə də “icarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər” məzmunlu göstəriş qeyd olunub. İcarə müqaviləsinin bir növü torpaq icarə müqaviləsidir, həmin müqavilə növü ilə bağlı Torpaq Məcəlləsində başqa qayda müəyyən edilib. Belə ki, əvvəlki Torpaq Məcəlləsinin 32-ci maddəsində torpaq üzərində sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilib. Həmin maddənin 1-ci hissəsinin 2-ci bəndinə görə, torpaq sahəsinin verildiyi müddət qurtardıqda torpaq üzərində hüquqlara xitam verilir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsində də eyni məzmunlu göstəriş qeyd olunub. Bu isə o deməkdir ki, Torpaq Məcəlləsi torpaq icarə müqaviləsinə münasibətdə prolonqasiyaya yol vermir, müqavilənin müddəti qurtardıqda torpaq sahəsi üzərində hüquqlar xitam olunur. Odur ki, Zeynəb Əliyevanın torpaq sahəsi üzərində icarə hüququna müqavilənin müddəti bitdiyi zaman (1998-ci ildə) xitam verilib və o, öldüyü zaman (2005-ci ildə) torpaq sahəsi üzərində onun icarə hüququ mövcud olmayıb. Mövcud olmayan hüquq vərəsəlik üzrə keçə bilməz. Torpaq icarəsi ilə bağlı münasibətləri tənzimləyən, qüvvədən düşmüş və qüvvədə olan qanunvericilik aktlarının heç birində prolonqasiya imkanı müəyyən edilməyib. O cümlədən hazırda qüvvədə olan Mülki Məcəllədə də torpaq icarəsinə münasibətdə prolonqasiya imkanı müəyyən edilməyib. Mülki Məcəllənin 719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Konstitusiya Məhkəməsinin “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunub ki, məhkəmələr tərəfindən torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Zeynəb Əliyeva öldüyü zaman torpaq sahəsi üzərində icarə hüququna malik olmadığından icarə hüququ mirasa daxil olmayıb. Ona görə də Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları baxımından icarə hüququnun vərəsəlik üzrə keçməsi mümkün deyil. İkinci: Keçmiş icarədar Zeynəb Əliyeva və onun ailə üzvlərinin verdiyi, bağ sahəsinin icarə müqaviləsinin Novruzəli Əliyev ilə bağlanmasına dair razılıq ərizələrinin hüquqi əhəmiyyəti yoxdur. X9 adına olan icarə müqaviləsinin müddəti daha əvvəl (1998-ci ildə) bitdiyinə görə, həmin ərizələrin verildiyi zaman (2005-ci ildə) Zeynəb Əliyeva “icarədar”, onun ailə üzvləri isə “icarədarın ailə üzvləri” sayılmırdı. Odur ki, ərizələrin kim tərəfindən yazılması və imzalanmasının hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Üçüncü: Ekspert rəyi ilə müəyyən olunub ki, həmin ərizələri yazmış şəxslərdən yalnız bir nəfərin - Aynurə Qulamovanın adının qarşısındakı imza (cild 1, iş v. 114) onun özünə məxsus deyil, başqa şəxs tərəfindən icra olunub. Bununla bağlı məhkəmə qeyd edir: Birinci, Aynurə Qulamova xx.xx.1986-cı il təvəllüdlüdür, ərizənin yazıldığı zaman (xx.xx.2005-ci ildə) 18 yaş olub. Özündən yaşca böyük ailə üzvləri və qohumlarının hamısı icarə müqaviləsinin Novruzəli Əliyevin adına bağlanmasına razılıq verdiyi halda, 18 yaşlı şəxsin razılıq verməkdən imtina etməsi ağlabatan deyil. Başqa sözlə, keçmiş icarədarın (Zeynəb Əliyevanın) övladları və nəvələri razılıq verdiyi halda, onun nəticəsinin (Aynurə Qulamovanın) razılıq verməkdən imtina etməsi məntiqsiz görünür. Çünki belə imtina üçün motiv (dərk olunmuş maraq) olmalıdır, lakin motiv müəyyən edilmir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, razılıq ərizəsindəki imza Aynurə Qulamovaya məxsus olmasa da o, faktiki olaraq razı olub. İkinci, Aynurə Qulamovanın adı olan ərizə 1 şəxs tərəfindən deyil, 5 şəxs tərəfindən kollektiv yazılıb. Yəni ərizədə daha 4 nəfərin imzası var. Həmin 5 nəfər bir ailənin üzvləridir. Onlardan 4-nün imzasının həmin şəxslərin özünə məxsus olması faktı dolayası ilə onu təsdiq edir ki, Aynurə Qulamovanın iradəsi ailə üzvlərinin iradəsi ilə eyni olub. Çünki belə mübahisələrdə adətən bir ailənin maraqları eyni olur. Üçüncü, həmin ərizə 17 il bundan əvvəl yazılıb. Bu müddətdə Aynurə Qulamovanın ərizədən məlumatsız olması inandırıcı deyil, çünki ailə üzvləri və qohumları bundan məlumatlı olub, onların həmin məlmatı Aynurə Qulamovadan gizlətmək üçün səbəbi olmayıb. Lakin 17 il ərzində Aynurə Qulamova icarə müqaviləsinin onun iradəsinə zidd olaraq Novruzəli Əliyevin adına bağlandığını iddia etməyib. 17 illik müddətin özü də onu təsdiq edir ki, icarə müqaviləsinin Novruzəli Əliyevin adına bağlanmasına Aynrə Qulamova faktiki olaraq razı olub, baxmayaraq ki, razılıq ərizəsindəki imza ona məxsus deyil. Hazırda tərəflərin (qohumların) arasında başqa səbəbdən mübahisə yarandığına görə onlar formal mülahizələrlə bağ sahəsinə dair mübahisə qaldırıblar. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və hər iki iddianın yuxarıda göstərilən əsaslarla rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçılar İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “reyestr çıxarışının hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payın bağışlanması müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi barədə” iddiası rədd olunsun. Üçüncü şəxslər X4, X6, X7 və X5 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiası rədd olunsun. Ekspertiza xərci olan 264 (iki yüz altmış dörd) manat İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3, İddiaçı4, X4, X6, X7 və X3 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3, İddiaçı4, X4, X6, X7 və X3 müştərək qaydada Cavabdeh1 xeyrinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar