Məhkəmə qərarları › İş №2(103)-8502/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8502/2021

26.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8502/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı vəkili-nümayəndəsi X2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Abşeron rayonu 1 saylı Notariat Kontoruna (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “bağışlama müqavilələrin etibarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2486/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna, Abşeron rayonu 1 saylı Notariat Kontoruna (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “bağışlama müqavilələrin etibarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X3 ilə X11 arasında bağlanmış 4Ə seriyalı 2467 nömrəli 27.05.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə onun əsasında X16 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19.06.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, o cümlədən, X11 ilə Cavabdeh1 arasında həmin torpaq sahəsinin bağışlanmasına dair 14.12.2019-cu il tarixli, 4Ə seriyalı 408 nömrəli müqavilənin etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27.05.2014-cü il tarixdə Abşeron rayonu, Dilgah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa edilmiş təxminən 140 kv.m sahəsi olan evini mərhum qardaşı X9 müqavilə ilə bağışlamışdır. Lakin həmin müqavilə formal olaraq bağlanmışdır. Belə ki, iddiaçı həmin vaxt kreditorların ona qarşı olan borc tələbinin mülkiyyətində olan əmlakına yönəldilməməsi üçün müvəqqəti qardaşına bağışlamaq məcburiyyətində oldu. Əslində iddiaçının torpaq sahəsini heç vaxt bağışlamaq və ya satmaq niyyəti olmamışdır. 15.06.2020-ci tarixdə iddiaçının qardaşı vəfat etmişdir. Bu yaxınlarda isə iddiaçıya məlum olmuşdur ki, mərhum qardaşı Abşeron rayonu, Dilgah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini və üzərində inşa edilmiş evi 04.12.2019-cu il tarixdə ondan xəbərsiz bacısı Cavabdeh1 bağışlamışdır. İddiaçı mərhum qardaşı ilə aralarında bağlanmış əqd (bağışlama müqaviləsi) uydurma əqd olduğundan bağışlama müqavilələrin etibarsız hesab edilməsini və onların əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən X3 ilə X11 arasında bağlanmış 4Ə seriyalı 2467 nömrəli 27.05.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə onun əsasında X16 adına AR ƏmDk yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19.06.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, o cümlədən, X11 ilə Cavabdeh1 arasında həmin torpaq sahəsinin bağışlanmasına dair 14.12.2019-ci il tarixli, 4Ə seriyalı 408 nömrəli müqavilənin etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-872/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 27.05.2014-cü il tarixdə 4Ə/2467 nömrəli bağışlama müqaviləsi bağlanmışdır. İşin mahiyyəti bundan ibarətdir ki, onun qardaşı X11 ilə bağışlama müqaviləsi bağlamaqda məqsədi 1997-ci il tarixdə rəhmətə gedən həyat yoldaşının qardaşları və ögey qızı tərəfindən ona qarşı müxtəlif tələblərlə məhkəməyə müraciət etmələri olmuşdur. Onun həmin torpaq sahəsini heç vaxt bağışlamaq və ya satmaq niyyəti olmamış, müqavilə formal olaraq bağlanmışdır. 15.06.2020-ci il tarixdə qardaşı vəfat etmişdir. Onun vəfatından sonra ona məlum olmuşdur ki, mərhum qardaşı Abşeron rayonu, Dilgah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə və üzərində inşa edilmiş evi 04.12.2019-cu il tarixdə ondan xəbərsiz bacısı Cavabdeh1 bağışlamışdır. Hesab edir ki, mərhum qardaşı ilə aralarında bağlanmış əqd (bağışlama müqaviləsi) uydurma əqd olduğundan bağışlama müqavilələrinin etibarsız hesab edilməsini və onların əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb etməkdə haqlıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və nümayəndələrinin iştirakını təmin etmədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, 27 may 2014cü il tarixdə Abşeron rayon 1 saylı Notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən təsdiq edilmiş torpaq sahəsinin bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 27.05.2014-cü il tarixdə verilmiş 3183 №-li arayışa və Azərbaycan Repsublikası torpağın mülkiyyətə verilməsinə dair JN-1136A KOD 30800066 olan şəhadətnamə əsasında Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini bütövlükdə hədiyyə alan X7 mülkiyyətinə verir, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul edir. 04 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu C.B.Məlikov tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə görünür ki, hədiyyə verən X1 rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini bütövlükdə hədiyyə alan Cavabdeh1 mülkiyyətinə verir, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13.12.2019-cu il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 105 saylı reyestr kitabının 17 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsininmövqeyi ilə razılaşmır və qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Belə olan halda, hazırkı mübahisə üzrə iddia müddəti tədbiq edilə bilməz. İddiaçı həm iddia ərizəsində, həmdə apellyasiya şikayətində 27.05.2014-cü il tarixli bağışlama müqaviləsini uydurma əqd kimi qiymətləndirir. Lakin, həmin əqdin uydurma əqd olmasına dair halları məhkəmədə sübut edə bilməmişdir. Belə olan halda, tərəflər arasında bağlanmış qeyd olunan bağışlama müqaviləsinin uydurmma ədq olması sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri ilə bağlı xərclər iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2486/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşüzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar