Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-851/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2411/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onunla bağladığı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin və X3 və X10 arasında bağladığı xx.xx.2018-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2411/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə 2018-ci ilin yanvar ayında “xxxx” (hazırkı adı xxxx) Şirkətinin direktoru Cavabdeh1 arasındakı razılaşmaya əsasən iddiaçı onun rəhbərlik etdiyi “xxxx” şirkətindən malları alıb Bərdə və Bərdə ətrafı rayonlarda satışı üçün ticarət obyektlərinə paylamalı və ümumi satışdan əldə edilən vəsaitin 10 faizi nağd bonus kimi, əlavə olaraq 5 faiz bonusun əvəzində isə satış üçün gələn mallardan verilməli idi. Bərdə və Bərdə ətrafı rayonlara malların satışı yalnız iddiaçının vasitəsilə həyata keçirilməli idi. Tərəflər arasında olan razılaşmanı pərdələmək məqsədilə Cavabdeh1 tərəfindən iddiaçıya aralarında formal olaraq kredit müqaviləsi bağlanması təklif edildi və bildirildi ki, narahat olmasın, bu müqavilə formal xarakter daşıyır. Bundan sonra, xx xxxxxx 2018-ci ildə Cavabdeh1 təklifi ilə digər əqdi pərdələmək məqsədilə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərində qeyd edilmişdir ki, iddiaçıya guya Cavabdeh1 100.000 (bir yüz min) manat borc alır və həmin borcun təminatı olaraq da X10 və X3 arasında ipoteka müqavilələri bağlanmışdır. Əslində isə İddiaçı Cavabdeh1 100.000 manat borc almamışdır. Bu müqavilənin məqsədi əslində “xxxx”, sonradan adı dəyişmiş “xxxx” Şirkətindən satış məqsədilə alacağı malların ödənişinin təminatı olaraq bağlanmışdır, yəni digər əqdi pərdələmək məqsədilə. İddiaçı Cavabdeh1 rəhbərlik etdiyi şirkətlə əməkdaşlığa başladılar və bir müddət əməkdaşlıqları davam etdi. Lakin sonradan tərəflər arasındakı sövdələşmə Cavabdeh1 tərəfindən pozularaq Bərdə və Bərdə ətrafı rayonlara malların satışı iddiaçıdan başqa şəxslərə də həvalə edildi. Buna görə də, iddiaçı ilə “xxxx” şirkəti arasındakı satış dövriyyəsi aşağı düşdü. Daha sonra keyfiyyətsiz mallar vuruldu və hətta dəfələrlə göndərilmiş mallar keyfiyyəti aşağı olduğu üçün qarşılıqlı razılığa əsasən geri qaytarmalar da olmuşdur. xxxx şirkəti ilə əməkdaşlıqları müddətində fəaliyyətləri qarşılıqlı inama və etimada əsasən davam etmişdir. Bundan sonra, işlər zəiflədiyi üçün dəfələrlə qalan malların və ticarət obyektlərinə verilmiş lakin pulu ödənilməmiş satış nöqtələri ilə təhvil-təslim aparılması üçün dəvət olunsa da, bugünədək münasibət bildirilməyib. Lakin bir neçə gün əvvəl “xxxx” Şirkəti tərəfindən iddiaçının barəsində Bərdə rayon Polis Şöbəsinə şikayət edilsə də, aralarındakı mal dövriyyəsinin təminatı olaraq xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə istinad edilməmişdir. Əslində isə həmin müqavilə “xxxx” şirkətindən iddiaçıya göndərilən malların satışı ilə əlaqədar Cavabdeh1 ilə aralarındakı razılaşmanı pərdələmək məqsədilə bağlanmış əqddir. İddiaçı Bərdə rayon Polis Şöbəsinə verilmiş onun barəsində şikayət ərizəsində aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə istinad etmədiyini görəndə Cavabdeh1 tərəfindən aldadıldığını anlayıb məhkəməyə müraciət etmişdir. Məhkəmə isə onun iştrakı olmadan mülki işi tam hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh kimi iddia ərizəsində qeyd edilmiş 14 saylı Notariat Ofisi tərəfindən aralarında bağlanmış kredit müqaviləsi üzrə qovluq tələb edilməmişdir. Həmin notariat qovluğuna baxılsa, həqiqətən də X9 tərəfindən ona 100.000 manat borc verilməmiş və verilməsini təsdiq edən hər hansı bir sübut yoxdur.Birinci instansiya məhkəməsi yanlış olaraq mübahisəyə bir illik müddət tətbiq edərək rədd edilməsi barədə qətnamə qəbul edib. Əslində isə iddia ərizəsində qeyd etdiyi kimi, Cavabdeh1 tərəfindən barəsində Bərdə rayon Polis Şöbəsinə əsassız şikayət olunanda başa düşdü ki, cavabdeh əslində onu aldadıb kredit müqaviləsini bağladıb ona, əlbəttə İbrahimovun məqsədini əvvəldən bilsəydi belə müqavilə bağlamazdı. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 bildirdi ki,apellyasiya şikayətini müdafiə edir və məhkəmədən təmin edilməsini xahiş edir. Müqaviləni bu müddət ərzində mübahisələndirməməsinin səbəbi iddiaçının aldadılmasından xəbəri olmamasıdır. Polisə müraciətdən sonra aldadıldığını bilib. Müqavilə formal olaraq bağlanıb və təminat üçün bağlanıb. “xxxx” Şirkəti Cavabdeh1 işlədiyi şirkət olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddiaçı mövqeyini təsdiq edən sübut təqdim etməyib. Kredit müqaviləsi formal müqavilə deyil. Müqavilə faktiki olaraq bağlanıb, borc verilib. Onlar pullarını tələb etdikdə isə belə bir iddia qaldırıb. Bu müddət ərzində müqaviləni mübahisələndirməyib. Cavabdeh fiziki şəxs kimi borc verib və iddiaçı ilə müqavilə bağlayıb. Tərəflər arasında uzun müddət şəxsi münasibətlər olub. İddiaçını Bərdədə biznes fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyırlar. Bərdədə biznes fəaliyyəti ilə məşğul olması üçün Cavabdeh1 Rafilə borc verib. Tərəflər arasında digər müqavilələr də var. İddiaçı həmin müqavilələr üzrə də öhdəliklərini yerinə yetirmir və bununla əlaqədar artıq məhkəməyə müraciət edilmişdir. Cavabdeh1 “xxxx” Şirkətinin icraçı direktoru olması müqavilələrin etibarsızlığı üçün əsas ola bilməz. İşə baxılması vaxtı və yeri haqqında 3-cü şəxslər X6 və X1 və cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, notarius Elmar Əliyev məhkəmə prosesinin onların iştirakı olmadan kesirilməsini xahiş etmiş, 3-cü şəxslər isə səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə notariat ofisinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının Cavabdeh1 ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Cavabdeh1 tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır.... Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni İddiaçı iddiasının təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçı X2 şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, hazırki iş üzrə, İddiaçı iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə(MM.mad.340.2) uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi bu iddianı təmin etməli idi. Belə ki, qanunun mənasına görə yalan əqd bağlayan tərəflərdən hər ikisi bağladıqları əqd barədə razılığa gəlir, hər iki tərəfin qarşılıqlı razılığına əsasən heç bir hüquqi nəticəyə səbəb olmayan başqa əqdi pərdələmək, görünüş məqsədi daşıyan müqavilə bağlanır, hər iki tərəf də belə müqavilə bağlandığını dərk edir və buna uyğun hərəkət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, cavabdeh tərəf bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, təqdim edilmiş sübutlardan, X4 izahatlarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında başqa, yəni ya əmək yaxud da digər mülki hüquq münasibətləri olmuş, cavabdeh iddiaçının mal götürdüyü şirkətin rəhbəri olduğu üçün bu malların satılması və pulunun razılaşmalarına uyğun olaraq qaytarılmasının təminatı olaraq Vuqar İbrahimovun təkidi ilə aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün Vuqar İbrahimovun kredit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi kredit münasibətləri olmamışdırsa, yəni Vuqar İbrahimovun qeyd olunan kredit müqaviləsinə görə X7 hər hansı bir məbləğdə pul verməmişdirsə və vermək niyyəti olmamışdırsa, bu əqd etibarlı hesab edilə bilməz. Başadüşüləndir ki, tərəflər aralarında yaranmış bu qeyri-kredit münasibətlərinin davam etdirmək üçün bunun təminatlı yaxud hansısa şərtlə olması labüd ola bilər. Lakin bütün bu hallar heç də tərəfləri mübahisə predmeti olan kredit müqaviləsi bağlamalarına əsas vermirdi. Çünki, tərəflər aralarında yaranan münasibətləri rəsmiləşdirmək və davam etdirmək üçün iradələrinə və hüquqa uyğun, qanuna zidd olmayan başqa əqdlər də bağlaya bilərdilər. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa yalan əqddən mübahisə aparmaq olmaz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd əmək müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki, həmin maddə əmək münasibətlərinə deyil, mülki münasibətlərə tətbiq edilir. Eyni zamanda tərəflərin bağladığı bu yalan kredit müqaviləsində əmək müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi istisna edilir. Tərəflər arasında olan münasibətlər tapşırıq müqaviləsindən, ticarət nümayəndəsi(agent) haqqında müqavilədən, kommersiya konsenssasiyası müqaviləsindən və s.yaransa belə yenə də Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki, tərəflərin bağladığı bu yalan kredit müqaviləsində həmin müqavilələrin forma tələblərinə riayət edilmədiyindən və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi də istisna edilir. Bundan başqa, işdən və tərəflərin izahatlarından bəlli olur ki, tərəflər arasında həqiqətən mövcud olmuş münasibətlər üzrə də artıq aralarında mübahisə yaranmış, bununla əlaqədar iddiaçı barəsində həm cinayət təqibi qaydasında istintaq orqanına müraciət edilmiş və araşdırma aparılaraq cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin münasibətlər üzrə mülki icraat qaydasında da məhkəməyə müraciət olunduğu barədə də cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə məlumat verildi. Bundan başqa, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki işdə tərəflər arasında olan kredit müqaviləsinin yalan, əhəmiyyətsiz, puç əqd olduğunu açıq-aşkar görə-görə, eləcə də tərəflər arasında olmuş həqiqi münasibətlər üzrə də iddiaçının cavabdehə hansısa bir məbləğdə borcu olduğu və ya sonuncuya hansısa formada zərər vurmasının təsdiq olunmadığını bilə-bilə bu müqaviləni etibarlı hesab edib cavabdehin gələcəkdə iddiaçıya qarşı bu kredit müqaviləsi üzrə olacaq iddiasını təmin etmək mümkün ola bilərmi, əlbətdə ki, olmaz. Çünki, bu cür məhkəmə aktı mülki dövriyyə iştirakçıları arasında haqlı narazılıq yaratmaqla məhkəmə hakimiyyətinin nüfuzuna da xələl gətirə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulayır ki, birinci instansiya məhkəməsi iddiaçının kredit və ipoteka müqavilələrinin etibarsızlığını tələb etmək üçün kəsici müddəti ötürdüyü barədə gəldiyi qənaət də əsaslı hesab edilə bilməz. Çünki, hazırki iş üzrə kəsici müddətin keçməsindən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər.(MM. mad. 354.1) Lakin iddiaçının hazırki iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır(MM.m.337.3, 337.4).Ona görə də hansı müddətin keçməsindən söhbət gedə bilər. Belə çıxır ki, müddətin ötürülməsi ilə əhəmiyyətsiz(puç) əqd dönüb bir ildən sonra etibarlı əqdə çevrilməsinə səbəb olacaqdır. Bu yanaşma mülki hüququn prinsiplərinə açıq-aşkar zidd hesab olunur. Bu cür hallarda əlbətdə ki, məhkəmənin iddianı təmin etməkdən başqa çıxış yolu qalmır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı institutunun yaranmasına zərurət və əsas olmazdı. Göstərilənlərdən əlavə, Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əsas öhdəlik olan kredit müqaviləsinin etibarsızlığı ipoteka müqavilələrinin də etibarsızlığına səbəb olur. Ona görə də ipoteka müqavilələrinin etibarsızlığı ilə bağlı hallara ayrıca hüquqi qiymət verilməsinə lüzum yoxdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2411/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməldir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2411/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi, X3 və X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqavilələri etibarsız hesab edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-851/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-851/2021
03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver