Məhkəmə qərarları › İş №2(103)-851/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-851/2024

18.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-851/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 ASC-nə və "xxxx" MMC-nə qarşı “hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh1 ASC-nin X3 və İddiaçı qarşı iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 06 iyun 2011-ci il tarixli KT 009 saylı kredit müqaviləsi üzrə 192 946 manat əsas, 22 647,7 manat faiz borcu, dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla cəmi 215 623,7 manatın X2 alınıb Cavabdeh1 ASC-nə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140 000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan puldan cəmi 215 623,7 manatın Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, qalan məbləğin İddiaçı qaytarılması qət olunmuş, qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir.

2. 15 fevral 2019-cu il tarixdə Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş, xx.xx.2020-ci il tarixdə isə "xxxx" MMC-nə sifariş məktubu göndərərək Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 16 nömrəli mənzilinin satışının təşkil olunmasını xahiş etmişdir.

3. "xxxx" MMC tərəfindən əmlakla bağlı ilkin hərracın xx.xx.2020-ci il tarixdə keçiriləcəyi barədə Cavabdeh1 ASC-nə, habelə Rəşid və Rasim Abdullayevlərə xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, bu barədə “Birja yenilikləri” qəzetinin 14-20 fevral 2020-ci il tarixli buraxılışında elan yerləşdirilmişdir.

4. Əmlakla bağlı keçirilən ilkin hərrac baş tutmadığından, əmlakın xx.xx.2020ci il tarixində ilkin satış qiymətindən 15% aşağı (140 000 – 15%) qiymətlə təkrar hərraca çıxarılacağı barədə Cavabdeh1 ASC-nə, habelə Rəşid və Rasim Abdullayevlərə xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, eyni zamanda “Birja yenilikləri” qəzetinin 19 avqust 2020-ci il tarixli buraxılışında müvafiq elan yerləşdirilmişdir.

5. Əmlakın təkrar hərracdan satışı da baş tutmamış, bu barədə “Atribut” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və eyni tarixdə "xxxx" MMC-nin direktoru tərəfindən Cavabdeh1 ASC-nə məktub göndərilərək əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə, yəni 89 250 manata almaq təklif olunmuşdur.

6. 23 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında “Hərracın yekunları üzrə alqı-satqı müqaviləsi” bağlanmış, mənzil 89 250 manat qiymətlə Cavabdeh1 ASC-nə satılmışdır.

7. Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 16 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ASC-nin adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

8. Hərraclarla bağlı Rasim və İddiaçılərin məlum olan ünvanlarına göndərilmiş bildirişlər “bu ünvanda yaşamır” və “ünvan sökülüb” qeydləri yazılmaqla geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) ləğv prosesində olan Cavabdeh1 ASC-nə və Əmtəə Birjasının "xxxx" MMC-nə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" MMC-nin keçirdiyi hərracın yekunları barədə 32/03 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020 tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin iddia tələbi qismən təmin edilərək, 06 iyun 2011-ci il tarixli KT 009 saylı kredit müqaviləsi üzrə 192 946 manat əsas, 22 647,7 manat faiz borcu, dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla cəmi 215 623,7 manatın X2 alınıb Cavabdeh1 ASC-nə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş ona məxsus Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi qət edilmiş, "xxxx" MMC hərrac mərkəzinin hərracın yekunları barədə 32/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020 tarixli müqavilə əsasında Bakı şəhəri, Nərmanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzili 89 250 manata ipoteka saxlayanın mülkiyyətinə keçirilmişdir. Hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmiş, əmlakın dəyəri süni şəkildə azaldılaraq dəyərindən aşağı qiymətə tələbkara təqdim edilmişdir. Bu barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nəsimi Rayon Məhkəməsində ona qarşı qaldırılmış iddiadan sonra məlumatlı olmuşdur.

11. Cavabdeh1 ASC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin əsassız olduğunu, hərracın qanunvericiliyin tələblərinə uyğun keçirildiyini, hərracla bağlı iddiaçıya bildirişlər göndərildiyini bildirmiş, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bununla belə MMC, məhkəmənin sorğusu əsasında iddiaçıya məxsus əmlakla bağlı keçirilən hərracla əlaqədar sənədlər toplusunu məhkəməyə göndərmişdir.

13. Birinci instansiya məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. Əmlakın ilkin satış qiyməti 140 000 manat olmaqla xx.xx.2020-ci il tarixdə ilk dəfə hərraca çıxarılması ilə bağlı bildiriş olsa da, bu bildirişin tərəflərə göndərilməsi barədə xəbərnamə və ya bu kimi hər hansı poçt qaiməsi mövcud deyil. Cavabdehin iddiaya etirazın əsası kimi göstərdiyi, lakin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan etirazın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yəni, əmlaka dair ilk hərracın keçirilməsi barədə bildiriş ipoteka qoyan tərəfə göndərilməmiş, bununla da qanunvericiliyin tələbləri pozulmaqla növbəti hərrac kerilmiş, sonda isə əmlak ipoteka saxlayana təklif edilmişdir. 14.2. Növbəti hərraca dair bildirişlər və əmlakın ipoteka saxlayan təklif olunmasına dair bildirişlər ipoteka qoyan və borcluya göndərilsə də, ikinci hərraca dair xəbərnamədə ünvanın sökülmüş olması, əmlakın ipoteka saxlayan təklif olunmasında dair bildiriş isə şəxsin ünvanda yaşamaması səbəbindən geri qaytarıldığı göstərilmişdir. Xəbərnamələrin geri qaytarılmasına əsas olaraq göstərilmiş iki hal arasında olan ciddi fərqliliklər də göndərişlərin həyata keçirilməsi zamanı “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın pozulduğunu göstərir. 14.3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun bu, habelə "Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinin tələblərinə riayət olunmamış, iddiaçı hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və hüquqi nəticə etibarı ilə ilkin hərrac iddiaçının, yəni mülkiyyətçinin məlumatı olmadığından onun iştirakı olmadan keçirilmişdir. 14.4. Digər tərəfdən, iş materiallarından ilk hərracın xx.xx.2020-ci il tarixdə, ikinci hərracın isə xx.xx.2020-ci il tarixdə keçirildiyi aydın olur. Halbuki qanunvericilik normalarından aydın olur ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Lakin hazırki halda birinci və ikinci hərraclar ayasında 6 aya yaxın müddət fərqi var.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 415.2-ci, 416.1-ci, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2-ci, 41.3-cü, 41.5-ci, 42.1ci, 43.1-ci, 43.2-ci, 43.4-cü, 43.5-ci, 43.7-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına istinad etmişdir.

16. Qətnamədən Cavabdeh1 ASC-nin nümayəndəsi (bankın ləğvedicisinin nümayəndəsi) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, “İpoteka haqqında” Qanunda bildirişin ipoteka qoyana çatdırılması ilə bağlı göstərişin olmadığını, qanunvericiliyin bildirişin təsdiqedilmə üsulu ilə göndərilməsini tələb etdiyini və bu tələbə əməl edildiyini nəzərə almadığını, hərraclar arasında yaranmış zaman intervalının həmin dövrdə ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olduğunu diqqətdən qaçırdığı, iddiaçının iddia müddətini ötürdüyünə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

18. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

20. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

21. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)

22. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

23. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

30. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin mənasından görünür ki, qanunverici ipoteka qoyana təsdiq etmə üsulu ilə bildirişin göndərilməsini tələb edir – hazırkı iş üzrə də müəyyən olunan odur ki, hərracı keçirən təşkilat tərəfindən ipoteka qoyana məhz təsdiq etmə üsulu ilə bildiriş göndərilmiş, lakin bildirişlərin çatdırılması hərrac təşkilatının cavabdehlik daşımadığı hallara görə mümkün olmamışdır.

31. Qanunda göstərilən qaydada göndərilən bildirişin ipoteka qoyana çatdırılmalı olması barədə qanunda göstəriş yoxdur və bu hal hərracın etibarsız sayılmasına əsas yaradan hal kimi nəzərdə tutulmamışdır.

32. Həmçinin nəzərə alınmalıdır ki, hərraclar barədə qəzetlərdə elanlar yerləşdirilmişdir və 2018-ci ildə çıxarılmış qətnamənin icrası qaydasında əmlakına tutma yönəldiləcəyindən iddiaçının 2 ildən artıq müddət ərzində xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında onun keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir.

33. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir.

34. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

35. Kollegiya, ilkin hərracın keçirildiyi tarixlə təkrar hərracın keçirildiyi tarix arasında 6 ay müddət keçməsinin hərracın keçirilmə qaydasının pozulduğuna dəlalət etməsi barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab etmir. Belə ki, birincisi, həmin halın ortaya çıxmasına səbəb müvafiq dövrdə ölkədə elan edilmiş karantin rejimi olmuşdur; ikincisi isə, hətta həmin hal pozuntu kimi qiymətləndirilsə belə, bu pozuntu ipoteka qoyanın deyil, əksinə tələbkarın mənafeyinə təsir göstərmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1853/2023 saylı iş üzrə 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh1 ASC-nə və "xxxx" MMC-nə qarşı “hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar