Məhkəmə qərarları › İş №2(103)-8513/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8513/2020

17.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8513/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2, Maraqlı şəxslərin nümayəndəsi (vəkili) X5 iştirakı ilə ilə, İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «tikintinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(009)- 1318/2020 saylı qərardadından maraqlı şəxslər X2, X3 və X4 nümayəndəsi (vəkili) X7 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «tikintinin sökülməsi» tələbinə dair iddia ərizə ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının qonşuluğunda cavabdehin apardığı tikinti işlərinin qanunsuz hesab edilərək sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə verərək, ünvan 1 ünvanının qonşuluğunda cavabdeh və digər şəxslərin tikinti işlərinin dayandırmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(009)- 1318/2020 saylı qərardadı ilə ərizə təmin olunmuş, ünvan 1 ünvanının qonşuluğunda hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh «xxxx» MTK-ya və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət vermiş, şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-7416/2020 saylı qərardadı ilə şikayət təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(009)-1318/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, maraqlı şəxslər X2, X3 və X4 nümayəndəsi (vəkili) X7 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(009)-1318/2020 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti – qərardadın əsassız olması, maraqlı şəxslərin hüquqlarının pozulması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışı zamanı maraqlı şəxslərin nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti əsaslı sayaraq, təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) şikayəti əsassız sayaraq, təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə digər rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). İşdən görünür ki, mübahisə predmeti olan cavabdeh tərəfindən inşa edilən tikili iddia tələbinin obyektini təşkil edir. İddiaçı əmlak mülkiyyətçisi kimi həmin tikilinin inşasının onun mülkiyyətinə zərər vurmasını (həyat və sağlamlığa təhlükə törətməsi) və s. iddia etmiş, bu səbəbdən də iddianın təmini tədbirinin tətbiqinin zəruriliyini əsaslandırmışdır. Qeyd edilməlidir ki, iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Eyni zamanda işdən görünür ki, iddianın təmin olunması barədə maraqlı şəxslər tərəfindən mübahisələndirilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, e-2(009)-1318/2020 saylı qərardadın qanuniliyi cavabdehin şikayəti üzrə apellyasiya qaydasında yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin olunmamış, qərardadı dəyişdirilmədən saxlanılmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları, habelə iddianın təmini tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «tikintinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(009)- 1318/2020 saylı qərardadından maraqlı şəxslər X2, X3 və X4 nümayəndəsi (vəkili) X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e- 2(009)-1318/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar