Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8519/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi tələbinə”dair 2(006)-3294/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 745,18 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən guya sayğaca baxış keçirilən zaman qeyd edilən mənzilə quraşdırılan sayğac sistemindən kənar xəttin daxil olması ilə əlaqədar 745,18 manat borc yazılmışdır. Lakin İddiaçı və mənzildə yaşayan şəxslər tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtlı-vaxtında edilmişdir. "xxxx" ASC tərəfindən yazılmış cərimə əsassızdır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 16.02.2021-ci il tarixli, 021405 nömrəli akt etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 695,83 manat (altı yüz doxsan beş manat, səksən üç qəpik) manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 201-ci il tarixli, 2(006)-3294/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 fevral 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri. Xətai rayonu, ünvan 2 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı tərdi yaşayış evində kəııar xətdən istifadə olunması aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı 16.02.2021-ci il tarixli, NDM № 021405 saylı akt tərtib edilmişdir. Abonent yaşadığı evin qapısını açamadığından akt onun iştirakı olmadan tərtib olunmuş və bu barədə qeyd aktda öz əksini tapmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 6653 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 695,83 manat məbləğində müəyyən edilməklə abonentin **********40112 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir.16.02.2021-ci il tarixdə iddiaçının sayğacına keçirilən baxışın və bu zaman aşkar olunmuş qüsurların "xxxx" ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmışdır. Həmin videoçəkilişin əks olunduğu disk sübut qismində cavabdeh tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə qeyd edilən sübuta lazımi hüquqi qiymət verməmiş və bu hal öz növbəsində məhkəmə tərəfindən əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi F.Abdullayev şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 16 fevral 2021-ci il tarixli, NDM 021405 nömrəli Aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə (abonent kodu: **********40112) elektrik sayğacından kənar xəttin istifadə olunması, sayğacın dövrədən kənarlaşdırılmış və işlədicilərin şəbəkəyə bibaşa qoşulması, ampermaşa vasitəsi ilə ölçü aparılan zaman işlədicilərin abonent tərəfindən söndürülməsi aşkar edilmiş, akt "xxxx" ASC-nin əməkdaşları Fərid Şükürov, Ceyhun Quliyev və Yusif Salahov tərəfindən imzalansa da, məişət abonenti qarşısında qrafada abonentin iştirak etmədiyi qeyd edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, X3 (abonent kodu: **********40112) tərəfindən 6653 kvt elektrik enerjisində istifadə etməsi qeyd edilmiş, nəticədə enerjidən istifadə qaydalarının pozulması ilə bağlı 695,83 manat məbləğ hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13- cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları Fərid Şükürov, Ceyhun Quliyev və Yusif Salahov tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli NDM 021405 nömrəli Akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tərtib edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin yerləşdiyi binanın girişində, yaxud pilləkən meydançasında quraşdırılımş elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi İddiaçı (abonent kodu: **********40112 X1 adınadır.) deyil, cavabdeh-enerjitəchizatı müəssisəsi özü daşıdığından, elektrik sayğacının işlək vəziyyətdə olmaması onun təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) səbəbindən baş vermədiyindən İddiaçınun adına tərtib edilmiş 06.01.2021-ci il tarixli, NDM 021405 nömrəli akt etibarsız hesab edilməli, sərf olunmuş elektrik enerjisinin bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 6653 kvt enerjinin sərfiyyatına dair əsassız olaraq hesablanmış 695,83 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (560.1). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (560.2). Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(006)-3294/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8519/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8519/2021
14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver