Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8520/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Ərizəçi, vəkil X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2562/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Ərizəçi (Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyası maraqlı şəxs qismində göstərilməklə) “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 15.02.1947-ci il təvəllüdlü anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını və bu qətnamənin icra olunmasının Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova, iş № 2(006)-2562/21) ərizə təmin edilməmişdir. Ərizəçi qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, anası 15.02.1947-ci il təvəllüdlü X3 uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyinə görə xəstəxanalarda müalicə almışdır. Lakin müalicə almasına baxmayaraq sağalması mümkün olmamışdır. Əksinə, səhhəti daha da pisləşmişdir və hazırda o, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də anasına o, yəni ərizəçi qulluq edir. Odur ki, 15.02.1947-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən X3 ərizəni qəbul etməyib, özünün hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyini, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında olduğunu bildirmişdir. Ərizənin əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi ərizə ilə eyni məzmunda olan apellyasiya şikayətində göstərmişdir ki, anasının fəaliyyət qabiliyyəti olmadığını bütün qohumlar, qonşular, müalicə və müayinə etdiyi həkimlər bilir və təsdiq edə bilərlər. Anası öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün ona daim o qulluq edir. Qeyd edilənləri birinci instansiya məhkəməsi nəzərə almamış, nəticədə onun haqlı ərizəsini təmin etməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Ərizəçinin anası X3 məhkəmə kollegiyasının iclasında dindirildi və o, birinci instansiya məhkəməsində olduğu kimi ərizəni və apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi, tamamilə sağlam olduğunu və öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olduğunu bildirdi. Onun vəkili M.Qasımlı da apellyasiya şikayətinin əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etdi. Maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, ərizəçinin tələbi 15.02.1947-ci il təvəllüdlü anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədədir. Birinci instansiya məhkəməsi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanuni əsasların olub-olmadığını aydınlaşdırmaq məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin etmiş və Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin 07.06.2021-ci il tarixli 1215 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X3 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Onda keçirilmiş insultdan sonrakı yüngül koqnitiv zəifləmə müəyyən edilir. X3 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də X3 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən X3 işə baxan məhkəmə tərəfindən də dindirilmişdir. Birinci instansiya məhkəməsi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün hər hansı əsas müəyyən etmədiyindən ərizəni rədd etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8ci, MPM-nin 14.2, 77.1 və s. maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq ekspert rəyinə əsasən X3 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olması, buna görə də X3 fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi müəyyən edildiyindən, Ərizəçi 15.02.1947-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə sübutlar qiymətləndirilərkən məhkəmə yuxarıda göstərilən tələblərə əməl etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8520/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8520/2021
03.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver