Məhkəmə qərarları › İş №2(103)-853/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-853/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-853/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs İbrahimov Firuz Akif oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Şirkətlər Qrupu MMC-yə qarşı hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş 14.09.2020-ci il tarixli hərracın qanunsuz keçirilmiş hərrac hesab edilməsi, "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş 14.09.2020-ci il tarixli "Hərrac təşkilatının hərracın yekunlarına dair" 54 nömrəli protokolun və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-3157/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İbrahimov Firuz Akif oğlu ona qarşı "fərdi yaşayış evinin inşasına çəkilmiş xərc ilə bağlı pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1989-2014-cü illər ərzində inşasına sərf etdiyi tikinti və inşaat materiallarının pul ilə dəyərini təşkil edən 26.399 (iyirmi altı min üç yüz doxsan doqquz) manatın ondan alınıb İbrahimov Firuz Akif oğluna verilməsi qət edilmişdir. Həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərari ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 mart 2018-ci il tarixli 2(106)- 817/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, qətnamə apellyasiya şikayətinə əsasən ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26.399 manatın və 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 19.03.2020-ci il tarixli 17/68-112414-30 nömrəli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılmışdır. 14.09.2020-ci ildə Bakı şəhərində təşkilatçı X4 MMC tərəfindən keçirilmiş hərrac zamanı ona məxsus fərdi yaşayış evi 21150 manata İbrahimov Firuz Akif oğluna satılmışdır. Qanunverciliyə əsasən evin mülkiyyətçisi olaraq hərraca dəvət olunmalı idi və hərraca çıxarılmış daşınmaz əmlakın alınması ona təklif olunmalı idi. Lakin hərrac təşkilatçısı bütün bunları etməmiş, fərdi yaşayış evimi qiymətindən aşağı məbləğdə iş üzrə iddiaçıya satmış və bununla da onun hüquqları kobud qaydada pozulmuşdur. Belə ki, hərrac təşkilatçısı nə iddiaçıya bu barədə bildiriş göndərmiş, nə də iştirakını təmin etmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X6 yazılı etiraz təqdim edərək iddianı qəbul etməmiş və rədd olunmasını xahiş edərək göstərmişdir ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 19.03.2020-ci il tarixli sifariş məktubu hərrac təşkilatına 01.06.2020-ci il tarixdə daxil olmuşdur. Covid-19 epidemiyası ilə bağlı karantin şəraiti ilə əlaqədar olaraq, hərracın keçirilməsi təxirə salınmış və ilk hərrac 27 avqust 2020-ci il tarixdə keçirilmişdir. Hərracın keçirilmə vaxtı 27 avqust 2020-ci il tarix göstərilməklə, 12 avqust 2020-ci il tarixdə 160 nömrəli bildiriş borclu X1 məktubunda qeyd olunan ünvana göndərilmiş və şəxsən X5 tərəfindən imzalanaraq qəbul edilmişdir. Hərrac baş tutmadığından 14 sentyabr 2020-ci il tarixində ikinci hərrac keçirilmişdir. İkinci hərracın keçirilmə vaxtı 14 sentyabr 2020-ci il tarix göstərilməklə, 28 avqust 2020-ci il tarixində 10% endirimlə hərracın keçirilməsi ilə bağlı 160-1 nömrəli bildiriş borclunun sifariş məktubunda qeyd olunan ünvana göndərilmişdir. Həmçinin, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bu da onu göstərir ki, qanunvericilik süni şəkildə yaranmış problemleri ortadan qaldırmaq məqsədilə təkmilləşdirilməkdədir. Cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş üçüncü şəxs İbrahimov Firuz Akif oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş 14.09.2020-ci il tarixli hərracda qanunvericiliyin tələbləri pozulmamış, bütün prosessual hərəkətlərə əməl edilmişdir. İddiaçının ərizəsində göstərdikləri formal mülahizələr olmaqla hərracın ləğvi üçün heç bir əsas yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mübahisəli evin hərraca çıxarılmasından, hərracın keçirilməsindən heç bir xəbəri olmamış, həmin hərracla bağlı ona heç bir rəsmi məlumat verilməmişdir. Belə ki, məhkəmə iclasında Firuz İbrahimov da həmin əmlakla bağlı dəfələrlə hərrac olduğu, pandemiya səbəbindən dəfələrlə təxirə düşdüyünü bildirsə də, cavabdehin keçirilmiş hərraclarla bağlı ona məlumat verməsinə dair heç bir sübut olmadığı halda məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin, 16.09.2021-ci ildə məhkəmənin icraatında olan həmin mülki işi Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın icraatında olan İddiaçı “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə qarşı “qiymətləndirilmə barədə hesabatın etibarsız hesab edilməsi və maliyyə, texniki ekspertizasının yenidən təmin edilməsi tələbinə dair” mülki işlə bir icraatda birləşdirilməsini xahiş etsə də, məhkəmə tələsik qərar qəbul etmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində yalnız həmin hərracın keçirilməsinə səbəb olan qətnamələri qeyd edərək, hərracın keçirilməsi və hərracın hüquqi nəticələrinin etibarsızlığı barədə iddia tələbini formal mülahizələrlə rədd etmişdir. Bundan başqa, Firuz İbrahimovun izahatı təhrif olunmuş və dəfələrlə hərrac olmasına dair ifadəsi qətnamədə öz əksini tapmamışdır. Məhkəmə qətnaməsi o halda əsaslı hesab olunardı ki, məhkəmə cavabdeh tərəfindən hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməsinə, çatmasına dair hər hansı bir xəbərnamə və ya digər rəsmi sənəd kimi sübuta istinad etmiş olsun. Lakin nə cavabdeh belə sübutlar təqdim etmiş, nə məhkəmə belə sübutlara əsaslanaraq iddianı rədd etmişdir. Eyni zamanda cavabdeh tərəfindən hərracın keçirilməsinə dair elanın hansı qəzetdə və ya KİV-də verilməsini təsdiq edən hər hansı sübut olmadığı təqdirdə məhkəmə iddianı əsassız olaraq rədd etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlunun kassasiya şikayəti təmin olunaraq, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26399 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qərardadı ilə mübahisəli evin üzərinə həbs qoyulmuşdur. Bundan sonra icra məmurunun sifarişi əsasında Cavabdeh tərəfindən hərrac keçirilmiş, hərracın keçirilməsi barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş və İddiaçı məxsus Hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evini alıcı İbrahimov Firuz Akif oğlu 21150,00 manata almışdır. İddiaçı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini bildirərək onun nəticələrinin etibarsız hesab olunmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, İddiaçı məxsus Hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 415, 416-cı maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının apellyasiya şikayəti üzrə yeganə dəlili hərracın keçirilməsi ilə bağlı ona rəsmi məlumat verilməməsindən ibarətdir. İddiaçı cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübutun təqdim edilmədiyini və məhkəmənin belə bir sübuta istinad etmədən iddianı rədd etdiyini bildirir. Halbuki, cavabdeh "xxxx" MMC tərəfindən birinci instansiya məhkəməsinə iddia ərizəsinə etiraz və həmin etirazın əsası kimi istinad edilən halların sübutu olaraq müəyyən sənədlər təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərdən müəyyən edilir ki, Cavabdeh tərəfindən sifarişçiyə, tələbkara və borcluya (İddiaçı) keçirilməsi 27 avqust 2020-ci il tarixə saat 11:00-ə təyin olunmuş açıq hərrac barədə 12 avqust 2020-ci il tarixli bildiriş ünvanlanmışdır (i.v.32). İddiaçı yaşadığı Bakı şəh, Binəqədi ray, S.Bəhlulzadə küç, yataqxana 41, mən 113 ünvanına göndərilmiş həmin bildiriş 18.08.2020-ci il tarixdə göstərilən ünvana çatdırılmış, bu barədə müvafiq xəbərnamənin “şəxsən” qrafası “İbrahimov A” tərəfindən imzalanmışdır(i.v.33). Daha sonra İddiaçı yaşadığı ünvana 14 sentyabr 2020-ci il tarixə saat 11:00-ə təyin olunmuş hərracın keçirilməsi ilə bağlı 160-1 saylı, 28 avqust 2020-ci il tarixli bildiriş göndərilmiş (i.v.35), 16.09.2020-ci il tarixdə “İddiaçı” Tərəfindən qəbul edilmiş, bu barədə müvafiq xəbərnamə imzalanmışdır (i.v. 37). Həmçinin, Cavabdeh Hərrac Mərkəzinin keçirdiyi hərraclarla bağlı “KASPİ” qəzetinin 12 avqust 2020-ci il və 29-31 avqust 2020-ci il buraxılışlarında müvafiq elanlar dərc edilmişdir (i.v.38-39). Beləliklə, keçirilmiş hərraclarla bağlı iddiaçının məlumatlandırılması tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar