Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8535/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Cavabdeh2 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(004)-3490/2021 nömrəli qətnaməsindən İddiaçı oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vəkilin sorğusuna DƏDRXdən verilən cavabdan ona məlum olmuşdur ki, 2014-cü il tarixində qardaşı tərəfindən aldadılmış, o, ata mülkünü bölməyək deyərək, əslində əmlakla bağlı notariusa müraciət etmiş, onun vərəsə olması barədə məlumat verməmiş, miras əmlakı öz adına rəsmiləşdirmiş və onun üzərində istədiyi kimi sərəncam vermişdir. Bu səbəbdən də tərəfindən miras əmlakın qəbulu ilə bağlı buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın ilkin vəziyyətə gətirilməsi, qanuni vərəsə kimi vərəsəlikdə payının müəyyən edilməsi və ona vərəsəlik şəhadətnaməsinin verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(004)-3490/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qardaşı Cavabdeh1 vərəsələrin dairəsi müəyyən edilərkən onun adını gizlətmiş və bununla da özünün miras əmlakda payını artırmışdır. Mübahisələndirilən bağ sahəsi ilkin olaraq xüsusi mülkiyyətdə olmamış, atasının adına sonradan xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Bağ sahəsi icarə müqaviləsi əsasında olduğu üçün 2013-cü ildə Cavabdeh1 yalnız vərəsələrin dairəsinin müəyyən edilməsi və bağ sahəsinin miras qoyanın adına özəlləşdirilməsi üçün müraciət etmiş, ona 2013-cü ildə pay ayrılmamışdır. Sonradan onun miras əmlakdan pay almaq hüququnu pozaraq və bunu ondan gizlədərək bütünlüklə öz adına keçirmiş, sonra ondan bacısı oğlu Qorxmaza guya alqı-satqı etmiş, əslində bağışlamış, vəfat etmiş qardaşı uşaqları Elxan və Elnur Bədəlovlar mirasdan pay istəmədikləri və notariusa müraciət etmədikləri halda onların miras əmlakdan pay götürmələrinə razı olmuş, sonradan onların payını özünə bağışladaraq, vərəsəlikdə miras payının artırılmasına səbəb olmuşdur. O, mirasın bir hissəsindən, yəni evdən imtina etmiş, bağ sahəsi miras kütləsinə aid olmamışdır, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməmişdir. Bağ evi 08.05.2014-cü ildə miras kütləsinə daxil olmuş, ona görə də 29.05.2013-cü ildə bağa dair miras payından imtina edə bilməzdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı da nümayəndəsi və vəkilinin bildirdiklərini təsdiqləyərək apellyasiya şikayətini müdafiə etdi şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənanətini belə əsaslandırmışdır ki, məhkəmənin 04.05.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.05.2021-ci il tarixli, **********09 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1033 nömrəli bağ sahəsinə (0.21 hektar) dair keçmiş X1 və İstismarı Birliyi ilə bağlanılmış 08.09.1992-ci il tarixli 8495 nömrəli icarə müqaviləsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 27.07.2011 -ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi və vərəsələr dairəsinin müəyyən edilməsi barədə notariat kontorundan təqdim edilmiş 923 nömrəli, 09.03.2013-cü il tarixli məktubu əsasında Binəqədi rayonu, Novxanı kəndi, 1033 saylı bağ sahəsi (0.21 hektar) 08.05.2014-cü il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Bakı şəhəri, 5 saylı notariat kontorunda 22.05.2014-cü il tarixdə 2V-1-104 reyestr nömrəsi ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli miras əmlakın bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsi 10.06.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra 5 saylı notariat kontorunda bağlanılmış 19.06.2014-cü il tarixli, 4Ə-01- 149 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında 1033 saylı bağ sahəsinin 0.175 hektar hissə 08.07.2014-cü il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmin bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsinin yerdə qalan 0.035 hektar hissəsi və 1034K saylı bağ sahəsi (0.065 hektar) 4Ə-61 reyestr nömrəli, 19.05.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.10 hektar torpaq sahəsindən ibarət olan 1034K saylı bağ sahəsi kimi 23.02.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri 5 saylı DNK-da təsdiq olunaraq reyestrdə 2V-1-119 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında işdə olan: 09.03.2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 DNK-ya müraciət edərək vəfat etmiş atası X2 miras qalmış yaşayış evinə və torpaq sahəsinə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş ərizənin surətindən görünür ki, o, atası X2 miras qalmış Mirzə Fətəli, dalan 7, ev 8-dəki mənzildən ona düşən payı qəbul etmədiyini, etmək niyyətində olmadığını, gələcəkdə də, bu haqda heç bir iddiasının və tələbinin olmayacağını göstərmiş və imzası ilə təsdiqləmişdir. 29.05.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25.09.2001-ci ildə vəfat etmiş X3 vərəsələri, oğlu Cavabdeh1 1/4 hissədə, nəvələri- X5 və X6 ikisi birlikdə 1/2 hissədə miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən miras qoyana məxsus olan 1/2 hissə paydan ibarətdir. 22.04.2021-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X5 və X6 babaları Cavabdeh1 miras qalmış əmlakdan onlara çatan paylarını əmiləri Cavabdeh1 bağışlamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Həmin Qərarda daha sonra qeyd olunur ki, “Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.... Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1033 nömrəli bağ sahəsinin 25.09.2001-ci ildə vəfat etmiş X2 miras qalması, miras əmlaka dair Cavabdeh1 adına 29.05.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən İddiaçı tərəfindən ərizə ilə notariat orqanına müraciət edilərək, ona çatan paydan imtina etməsi, eyni zamanda mübahisələndirilən bağışlanma müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanması və müvafiq hüquqi nəticələr yaratması təsdiq edilmişdir. Həmçinin, iddiaçının mirasın qəbul edilməsi üçün müddətin üzrlü səbəbdən buraxılması və bərpa edilməsi barədə ərizəsi heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, əsassız olduğuna görə, eyni zamanda, mirasın qəbulu müddətinin ötürülməsinə dair heç bir üzrlü səbəb təqdim olunmadığından, iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Əvvəla, iddiaçı mübahisəli bağ evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və bundan törəyən digər tələbləri irəli sürsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanunsuz olduğunu və qanunsuzluğun təkcə aldadılma, ümumiyyətlə əqdlərlə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğunu göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, aldadıldığını sübut etmək yükü onun üzərinə düşür. Lakin aldadıldığını sübut edə bilmir. İkincisi, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1033 nömrəli bağ sahəsinə mütəmadi olaraq getdiyini, aylarla orada qaldığını, payını istədikdə cavabdeh olan qardaşının ona ata mülküdür bölməyək, hamımız istifadə edək deməsini, bağ sahəsinin qardaşının adına qeydə alınmasından və hazırda mülkiyyətində olmasından yalnız vəkilinin etdiyi sorğulardan sonra məlumatlandığını, ondan qabaq aldadıldığını, istədiyi vaxt bağa getdiyini və istədiyi qədər qaldığını, vərəsəlik və miras əmlakın bölünməsi barədə heç bir söhbət olmadığını bildirsə də bu hallar işdə olan hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdən açıq-aşkar görünür ki, iddiaçı həmin bağ evində yaşamamış və qeydiyyatda olmamış, bağ evində qalmış olsa belə bu mirası qəbul etmək niyyəti ilə olmamış və mirası qəbul etdiyini hansısa formada nümayiş etdirməmişdir. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmişdir. Üçüncüsü, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onun bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Əksinə, notariat orqanına müraciət edərək atasından miras qalmış Bakı şəhəri, Yasamal rayonu M.F.Axundov küçəsi , dalan 7, 8 nömrəli evin miras qoyana məxsus ikidə bir hissəsindən imtina etmişdir. Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Demək mirasın bir hissəsindən imtina etmə, bütövlükdə mirasdan imtina deməkdir. Çünki, mirasdan qismən imtinaya yol verilmir. Dördüncüsü, iddiaçının vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulduğu dəlili də əsaslı deyildir. Belə ki, mübahisəli bağ sahəsi və orada yerləşən ev mərhum X3 08.09.1992-ci il tarixli 8495 nömrəli icarə müqaviləsinə əsasən icarəsində olsa da 25 sentyabr 2001-ci onun vəfat etməsi ilə əlaqədar avtomatik olaraq miras açıla bilməzdi. Çünki, işdən də görünür ki, mübahisəli bağ sahəsinə dair X4 ilə X1 və İstismarı Birliyi ilə 08.09.1992-ci il tarixli 8495 nömrəli icarə müqaviləsi bağlanmışdır. Demək mübahisələndirilən bağ torpaq sahəsi X17 ölənədək icarəsində olmuşdur. Başqa cür ola da bilməzdi. Çünki, bağ sahələri həmin vaxt dövlət mülkiyyətində olmuşdur. Dövlət mülkiyyətində olan bağ sahəsinə dair X3 ölümü ilə əlaqədar həmin vaxt necə miras açıla bilərdi. İşdən görünmür ki, X3 ölümündən sonra həmin bağ sahəsinə dair kiminləsə yeni müqavilə bağlanıb. Demək mübahisəli bağ sahəsi X3 ölümündən sonra faktiki olaraq cavabdehin istifadəsində qalsa da hər hansı bir hüquqla nə ona, nədə digər şəxslərə məxsus olmamışdır. On görə də, iddiaçı atası öldükdən sonra bağ sahəsinə mütəmadi getməsi, orada qalması təsdiq olunsa belə bu ona hansısa üstün imtiyaz verə bilməzdi. Yalnız respublikamız müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən torpaq islahatlarının davamı olaraq bağ torpaq sahələrinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Ona görə də mərhum X3 mübahisəli bağa dair mirasın 25 sentyabr 2001-ci ildə açılması və bu mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində yəni, ən geci 25 mart 2002-ci il tarixdə qəbul edilməli olması əsaslı hesab edilə bilməz. Təsadüfü deyil ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli bağ sahəsi 08.05. 2014-cü il tarixədək 08.09.1992-ci il tarixli 8495 nömrəli icarə müqaviləsi və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beşincisi, iddiaçı iddia ərizəsi ilə 03.05.2021-ci ildə məhkəməyə müraciət etmiş, yəni 22.05.2014-cü il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Belə ki, qeyd olunan müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac yoxdur. Ona görə bu da iddianın təmin edilməsini istisna edən haldır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(004)-3490/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8535/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8535/2021
25.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver