Məhkəmə qərarları › İş №2(103)-8542/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8542/2021

06.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8542/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)-849/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla sözügedən evin üzərində onun 7/8 pay hüququ üzrə mülkiyyət hüququ qeydə alınmışdır. Mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsində Cavabdeh qanunsuz 2 mərtəbəli ev tikmişdir. Həmin evin hər hansı hüquqi sənədi olmamaqla özbaşına tikili hesab olunur. Cavabdeh tikdiyi qanunsuz ev onun öz mülkiyyətindən sərbəst surətdə istifadə etməsinə mane olur. Belə ki, həmin qanunsuz tikilinin pilləkənlərində və pəncərəsində dayanarkən onun həyətində və evinin içərisində olan hər kəsi və hər şeyi aydın görmək mümkündür. Hər bir vətəndaş kimi onun da öz mülkiyyətindən sərbəst və müstəqil şəkildə istifadə etmək hüququ vardır. Lakin onun öz həyətində işlər görərkən hər hansı şəxs tərəfindən müşahidə edilməsi onu narahat edir. Bu isə öz növbəsində həm onu, həm də onun mülkiyyətində olan evdə yaşayan hər kəsi narahat etməklə bərabər şəxsi həyatı haqqında informasiyaların yayılmasına və rahat yaşayış hüququnun pozulmasına səbəb olur. Digər tərəfdən Cavabdeh məxsus qanunsuz tikili səbəbindən onun evinə gediş-gəliş yolundan istifadə etməsinə maneə yaranır və bu da öz növbəsində sərbəst hərəkətini məhdudlaşdırır. Həmçinin Cavabdeh məxsus qanunuz tikili texniki-təhlükəsizlik qaydalarına əməl olunmadan tikilmişdir və bu da həmin tikilinin gələcəkdə təhlükə mənbəyinə çevirilməsinə səbəb ola, onun mülkiyyətində olan evdə yaşayan şəxslər, həm də mülkiyyətində olan əmlak üçün təhlükə mənbəyinə çevrilə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)- 849/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, iddia əsassız olaraq rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsindəki 50 saylı evin 7/8 hissəsi İddiaçı Ağabala oğlunun, 1/8 hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Evin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla, tərəflərin istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilsə də, eyni qaydada cavabdehin də istifadəsinədir. Yaşayış evi tərəflərin paylı mülkiyyətində olduğundan, hər ikisinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, evin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla, tərəflərin istifadəsində olduğundan, iddiaçının xüsusi mülkiyyətində olmadığından və bununla da iddiaçının hazırki iddianın irəli sürmək üçün subyektiv hüququ olmadığından, həmçinin də qeyd olunan payların aralarında naturada bölgüsü aparılmadığından, iddiaçının və cavabdehin paylarının hədləri müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla üzərində iddiaçının və cavabdehin istifadə hüququ var, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsindəki 50 saylı yaşayış evinin 7/8 hissəsi İddiaçı Ağabala oğlunun, 1/8 hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir, tərəflərin paylarının naturada bölgüsü aparılmamışdır. Eləcə də torpaq sahəsindən istifadə qaydası da müəyyən olunmamışdır. Belə vəziyyətdə isə cavabdehin mübahisəli sahədən istifadəsinin qanunsuz olması və iddiaçının maraqlarına xələl gətirməsi kimi nəticəyə gəlmək olmaz. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Beləliklə, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-849/2021 saylı iş üzrə 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar