Məhkəmə qərarları › İş №2(103)-8546/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8546/2021

23.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8546/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “ödənilməmiş əmək haqqı və mənəvi ziyan tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)-4364/2021 saylı iddianın təmin tədbiri barədə qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin müvafiq əmrləri ilə digər işçinin də vəzifəsini icra etdiyinə görə müvafiq dövrlər üzrə həmin işçi üçün nəzərdə tutulmuş ümumilikdə 280000 manat məbləğində əmək haqqının (vəzifə maaşının) və 2020-ci ilin sentyabr ayından bu günə kimi aylar üzrə azaldılmış 100000 manat məbləğində ödənilməli olan əmək haqqı məbləğinin fərqi miqdarının, həmçinin, irqi ayrıseçkiliyə məruz qaldığından 50000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddia təmin tədbiri barədə ərizə ilə müraciət edərək, məhkəmə mübahisəsi yekunlaşanadək ona qarşı aparılan aşağılayıcı və qanunsuz hərəkətlərin həyata keçirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)- 4364/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2, 158.1.3). İddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Eyni zamanda belə ərizə nəticəsində tətbiq edilən tədbirlər qanuna uyğun olmalı, qüvvədə olan normativ hüquqi aktlarla və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ziddiyyət təşkil etməməli, habelə onları icrası qeyri-mümkün olan aktlara çevirməməlidir. Birinci instansiya məhkəməsi ərizəyə baxaraq belə qənaətə gəlmişdir ki, cavabdehə hansısa hərəkətlərin qadağan edilməsi ilə cavabdehdən pul tutulması ilə bağlı qətnamənin gələcək icrasında yaranacaq hansısa çətinliyin aradan qaldırılması müəyyən deyil, iddiaçı ərizədə bu cür təmin tədbirinin tətbiq edilməsinin zəruriliyini lazımi qaydada əsaslandıra bilməmiş, həmin təmin tədbiri görülməzsə qətnamənin gələcəkdə icrasında hansı çətinliklərin yaranacağından, yəni, ödənilməmiş əmək haqqının ödənilməsində hansı çətinliklərlə üzləşiləcəyindən, bu təmin tədbirinin görülməsi ilə hansı çətinliklərin aradan qaldırılacağından ərizəsində ümumiyyətlə bəhs etməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə ərizəni kiifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ərizədə iddianı təmin etmək üçün qeyd edilən tədbirin görülməsi zərurəti və tələb olunan iddianı təmin tədbirinin irəli sürülmüş tələbə mütənasib olması kifayət qədər əsaslandırılmamışdır. Belə bir iddianın təmin tədbirinin görülməsini zəruri edən hər hansı bir əsas yoxdur. Kollegiya qeyd edir ki, şikayətin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)- 4364/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar