Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-857/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh İB-nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3304/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 31 mart 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçı barəsində Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda sayğac sərfiyyatı qeyd etmir, boş (xolostoy) rejimdə işlədiyi qeyd edilmişdir.
2. 31 mart 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair hesabat aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Təbii qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqı müqaviləsinin 2.2.5-cı bəndinin itirilmiş qazın həcmi 51840m3 hesablanmış, hesablanmış zərərin abonent tərəfindən ödənilməsi qərara alınmışdır.
3. **********00010 kodlu abonent saldosuna əsasən abonentin hesabına 2023-cü ilin mart ayı üzrə 6220,80 manat məbləğində borc əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh İB-nə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq cavabdeh təşkilat tərəfindən hesablanmış 6220,80 manat məbləğində bocun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzil üzrə quraşdırılmış qaz sayğacına Cavabdeh İB əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi əsası ilə iddiaçıya 6220,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı sayğaca müdaxilə etməmişdir. Qaz sayğacı mənzildən bir neçə metr aralıqda yerləşən qaz sayğacına istənilən şəxs, həmçinin Cavabdeh İB-nin səlahiyyətli təsdiq edilməyən işçiləri tərəfindən də baxış keçirilən zaman da müdaxilə edilə bilərdi.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3304/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzrə İddiaçı hesablanmış (abonent kodu: **********00010) 6220,80 manat (altı min iki yez iyirmi manat səksən qəpik) manat məbləğində borcun silinməsi, 82,2 (səksən iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X3).
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən isthelakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmiş, bununla yamaşı ziyanın hesablanması “Təbii qazdan istitifadə qaydaları” ilə müəyyən edilmiş normalarına uyğun aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş akt əsasında 6220,80 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 6220,80 manat məbləğində borc silinməlidir.
8. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5-ci, 6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 77.1-ci, 88-ci, 119-cu, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə edilmiş, nəticədə qaz təchizatını təmin edən qurum kimi cavabdehə zərər vurulmuş, qazın talanması həyata keçirilmişdir. Zərərin vurulması cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən iddiaçıya məxsus fəri yaşayış evinə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsinə dair xx.xx.2023-cü il tarixli ******* saylı aktla öz təsdiqni tapır. Bundan başqa tərtib edilmiş akta müvafiq olaraq tələbnamə tərtib edilmiş, aktın tərtib edilməsi zamanı qazz sayğacının şəkili çəkilmiş, qanunsuz qoşulma halı çəkilmiş şəkillə öz təsdiqini tapmışdır. Hazırki iş üzrə inzibati xəta protokolunun tərtib edilməməsi və ya qaz sayğacının işlək vəziyyətdə olmasına görə cavabdehliyin cavabdehə aid olmasını əsas gətirilməsi iddiaçı tərəfindən hər-hansı formada qaz sayğacına müdaxilə edilməməsi kimi xarakterizə olunmamaqdadır. Tərtib edilmiş aktdan da bəlli olur ki, quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, faktiki olaraq qaz sayğacına müdaxilə edilmiş, sayğac qaz sərfiyyatını qeyd etmir. Mövcud hal yəni aktın tərtib edilməsi faktiki olaraq qaz sayğacını müdaxilə edildiyini, müdaxilə nəticəsində isə cavabdehə zərər vurulmasını təsdiq etməkdədir. Dəymiş ziyanın məbləği məh hadisənin müəyyən edilməsi ilə bağlı aktın tərtib edilməsindən və mövcud qaz sayğacının yenisi ilə əvəz edilməsindən sonra əvvəlki sayğacda aparılmış yoxlamaların nəticələri nəzərə alınmaqla hesablanmışdır ki, mövcud vəziyyətdə cavabdehin səlahiyyətli əməkdaşlarının baxış keçirilməməsi halında qazdan qanunsuz istifadə halları davam etmiş olacaqdı. Məhkəmə iddia tələbini rədd edən zaman zərərin vurulması faktını nəzərə almamışdır ki, nəticədə cavabdehə vurulmuş ziyanın əvəzi ödənilməmiş olaraq qalmışdır. Məhkəmə qeyd edilənləri nəzərə almamış, mövcud vəziyyətdə zərər vurulması faktını müəyyən etməsinə baxmayaraq, zərərin vurulmasında iddiaçının hansısa formada hərəkət və ya hərəkətsizlik nümayiş etdirməsini aydınlaşdırmamış, yalnız sayğaca müdaxilə üçün iddiaçının məsuliyyət daşımamasını əsas gətirməklə iddia tələbini rədd etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyası məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məlumat verməmiş iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən,
14. 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
15. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
16. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:
19. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Hazırkı işin halları baxımından Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən isthelakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.
31. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.
33. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş akt əsasında 6220,80 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olduğundan abonent hesabından silinməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı omuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Həmçinin kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3304/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.