Məhkəmə qərarları › İş №2(103)-8575/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8575/2020

30.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8575/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)-3199/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi ev 546 ünvanına hesablanmış 731 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi 546 saylı evdə yaşayır. xxxx ASC-nin işçiləri onun evində yerində baxış keçirərək əlavə xəttin olmasını əsas gətirib işıq xəttini sayğacdan ayıracaqlarını bildirib ona 731 manat cərimə yazmışlar. O, əlavə xəttin onun ünvanına aid olmadığı üçün işıq xəttinin sayğacdan ayırılmasına və ona cərimə yazılmasına dair cavabdehin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 3199/2020 saylı qətnaməsi (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla) ilə iddia təmin edilmiş, xxxx ASC-nin İddiaçı tələb etdiyi 731 manat cərimənin silinməsi qət edilmişdir. Qətnamədən “xxxx” ASC-nin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2018-ci il tarixli 731708 saylı məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında protokolun surətindən müəyyən olunur ki, İddiaçı məxsus elektrik sayğacı yenisi ilə əvəz olunmuş, çıxarılan sayğac laboratoriyada yoxlanılması və rəy verilməsi üçün torbaya qoyulmuş və möhürlənmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli 099336 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunun surətindən müəyyən olunur ki, 731708 saylı akta əsasən aparılmış laboratoriya yoxlaması zamanı termiki təsir nəticəsində sayğacın “0” xəttinin yanması və sayğacın istismara yararsız olması qərara alınmışdır. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunan NDM № 018307 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus elektrik sayğacına baxış zamanı elektrik sayğacına başqa kənar xəttin qoşulması müəyyən edilmiş, elektrik sayğacına kənar xəttin ləğv edilməsi və uçotun bərpa olunması qərara alınmışdır. “xxxx” ASC-nin abonent haqqında elektron çıxarışından müəyyən olunur ki, abonent İddiaçı xx.xx.2020-ci il tarixli akt üzrə 731,83 manat borc hesablanmışdır. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş aktdan görünür ki, aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmış, hal şahidləri və abonent tərəfindən imzalanmamışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmaması və istehlakçının hüquqlarının pozulması barədə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3199/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar