Məhkəmə qərarları › İş №2(103)-8577/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8577/2020

24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8577/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Toğrul Allahyarovun iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “abunə kodunun dəyişdirilməsi” tələbinə dair Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-2272/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “abunə kodunun dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddiası X1 haqqında qanunun tələblərinə əsasən, həmçinin MPM-nin 36.9-cu maddəsinə əsasən, aidiyyat qaydalarına uyğun olaraq Bakı Şəhər Səbail Rayon Məhkəməsinin yurisdiksiyasına aid edilir. Lakin məhkəmə tərəfindən qərardad qəbul olunaraq, iddia predmeti inzibati məhkəməyə aid olunduğu üçün geri qaytarılmışdır. Belə olan halda, MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid edilir. Qanuna əsasən, “xxxx”ASC inzibati orqan siyahısına aid edilmir və ümumillikdə cavabdeh ilə onlaırn arasında olan münasibətlər mülki mübahisə olduğu üçün hazırki iddiaya, həmçinin qoşma kimi əlavə etdiyi Bakı Şəhər Qaradağ Səbail Rayon Məhkəməsinin qiyabi qətnaməsinə əsasən, mülki münasibətlərdir və aidiyyat üzrə rayon məhkəməsi tərəfindən baxılmalıdır. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 13-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418-1.3-cü maddəsinə görə, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Hazırkı iş üzrə İddiaçı elektrik enerjisi təchizatını həyata keçirən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarına əsasən, təbii inhisar subyekti olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hərəkətsizliyindən verilmiş iddialara inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Birinci instansiya məhkəməsi haqlı olaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-2272/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar