Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8580/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “sayğacın yenilənməsi və borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(004)-2150/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən ona məxsus olan obyektin su sayğacının yenilənməsi və yaranmış 7000 manat məbləğində su borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Qarabağ müharibəsinin iştirakçısıdır və Qarabağ qazisidir. Ailə vəziyyətinin ağır olması və ailə üzvlərinin çoxluğu səbəbindən Ölkə Rəhbəri tərəfindən onlara iaşə obyekti tikmək üçün Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 63 kv.m. sahəsində kafe və avtoyuma məntəqəsi inşa etmişlər. Dəfələrlə su sayğacının işləməməsi ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı idarəsinə müraciət etmiş və cavabdehin razılığı ilə öz hesablarına su sayğacı alıb, yenisi ilə əvəz etmişlər. Bir müddətdən sonra həmin su sayğacında yaranmış problemlərlə bağlı, təkrarən Binəqədi rayonu Sukanalı idarəsinə müraciət edib, su gəlmədiyini və su kartına pul yüklənməsinə baxmayaraq, sayğacın su buraxmadığını bildirmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı İdarəsinin əməkdaşları gəlmiş və həmin su sayğacına baxış keşirmiş, sayğacı yerində söküb yoxlamışlar. Lakin su sayğacı yenə də işləməmişdir. Ona görə də həmin su sayğacının içərisindən keçən klapanını açıq qoymuşlar ki, sudan istifadə olunsun. Eyni zamanda, ona bildirmişlər ki, hər ay su istifadəsinə görə 30-40 manat məbləğində ödəniş etsin. O, 2019-cu ildən etibarən sudan istifadə edib, işlətdiyi vaxtlar hər ay 40-50 manat pul ödəmişdir. Axırıncı 4 ay müddətində 200 manat ödəniş etmişdir. 2020-ci ilin mart ayından 2020-ci ilin axırına kimi Respublikada yayılmış Koronavirus pandemiyası (COVİD-19) ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən obyekti, avtomobil yuma məntəqəsi işləməmişdir. Ona görə də su sərfiyyatı olmamışdır. 25.09.2020-ci ildə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı idarəsinə müraciət etmiş, 41 Smart-kart tipli su sayğacının dəyişdirilib, yenisi ilə əvəzləşdirilməsini xahiş etmişdir. Gəlib su sayğacını açıb, təmirə aparmaqlarını bildirmişlər. Ona görə də 25.09.2020-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti 13 SMART-KART tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə akt tərtib edib, su sayğacını çıxarıb aparmışlar. Bir müddətdən sonra o, cavabdehə müraciət edib, su sayğacının yerinə qoyulmasını tələb etsə də, ona bildirmişlər ki, həmin sayğac istismara yararsız vəziyyətdədir. Təkrarən ona yeni su sayğacı almağını təklif etdilər. O da məcbur olub, 300 manat dəyərində 7-ci mikrorayonda yerləşən özlərinə məxsus mağazadan 2 ədəd su sayğacı alıb gətirmişdir ki, həmin sayğacları laboratoriyada yoxlayıb nizamlasınlar və yerinə quraşdırsınlar. Lakin bu günə kimi həmin su sayğacları da cavabdeh tərəfdə qalmış və aidiyyati qurumlar tərəfindən yerinə quraşdırılmamışdır. Halbuki, həmin sayğacların yenisi ilə əvəz olunması və quraşdırılması cavabdeh tərəfin vəzifəsidir. Havaların soyuq, şaxtalı keşməsi nəticəsində su sayğacının tez-tez sıradan çıxması nəticəsində əvvəllər də 2 dəfə öz hesabına sayğac alıb quraşdırmışdır. Hazırda ona bildirirlər ki, “7000 manata yaxın su pulu borcun var, həmin borcu ödə, sonra su sayğacını quraşdırarıq.” Dəfələrlə ərizə ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 müraciət etmişdir. Lakin "COVİD-19” pandemiyası bəhanə gətirilərək onu qəbul etməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı İdarəsi tərəfindən 101855 nömrəli İcarə Müqaviləsinə əsasən su xətti üzərində 03.10.2013-cü il tarixdə quraşdırılmış, Alfasu-20 markalı, 49933660 nömrəli smart-kart tipli su sayğacına görə 03.10.2013-cü ildən 25.10.2020-ci il tarixə kimi guya 6043 kubmetr istifadə olunmuş su sərfiyyatına görə 3362 kubmetr istifadə olunmuş dəyəri ödənilməmiş sərfiyyat hesab olunmuşdur və 6724 manat pul tələb edilmişdir. Cavabdehin ondan 03.10.2013-cü ildən 25.10.2020-ci il tarixinə kimi istifadə etmədiyi 3362 kubmetr su sərfiyyatına görə 6724 manat pul tələb etməsi tam qanunsuz və əsassızdır. O, istifadə etdiyi su sərfiyatına görə həy ay 40-50 manat məbləğində pul ödəmişdir. Əgər onun istifadə etdiyi su sərfiyatına görə hər ay pul borcu yaranırdısa, cavabdeh nə üçün 7 il gözləməli idi və sonda ondan nəyə görə 6724 manat pul tələb etməli idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(004)- 2150/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin su sayğacının yenilənməsi və yaranmış 6724 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC tərəfdən apelyasiya şikayəti verilərək, onun iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı Alfasu - 20 markalı, zavod nömrəsi 49933660 və plomb nömrəsi B062184 olan su sayğacının dövri yoxlamadan keçirilməsi üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin struktur tərkibinə daxil olan Binəqədi Rayon Sukanal İdarəsinə müraciət etmiş, sayğac iş əmrinə əsasən 25.09.2020-ci il tarixdə çıxarılmış və Cəmiyyətin X4 İdarəsinin Suölçən X1 gətirilməsi üçün iddiaçıya təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən sayğac laboratoriyaya təqdim edilmişdir. Həmin şəxsin iştirakı ilə sayğacın müayinəsi keçirilmiş və bu barədə 25 sentyabr 2020-ci il tarixli 33660/0063133 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində: su sayğacının hesablayıcı mexanizminin qoruyucu metal halqasında müdaxilə izlərinin aşkar edilməsi, elektron hissəsinin işlək vəziyyətdə olmaması və sayğacın təmirə və istismara yararsız olması müəyyən edilmişdir. Beləliklə, sayğacın elektron hissəsində yaranmış nasazlıq səbəbindən sayğacın elektron hissəsinə impuls getməmişdir. Bundan sonra su sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə əsasən aparılmışdır. Həmin rəy əsasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanununun 30-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq istifadə olunmuş, lakin dəyəri ödənilməmiş su sərfiyyatı hesablanmışdır. İstehlakçı isə bu məbləği ödəməkdən imtina etmişdir. İstifadə olunmuş dəyəri ödənilməmiş su sərfiyyatının hesablanmasının əsası kimi Cavabdeh ASC X4 İdarəsinin X2 Laboratoriyasının 28.09.2020-ci il tarixli 33660/0063133 nömrəli rəyində öz təsdiqini tapmışdır. Daha sonra laboratoriya yoxlamasının rəyinə əsasən sayğacın elektron hissəsinin işlək vəziyyətdə olmaması müəyyən edilmiş və nəticədə istifadə olunmuş dəyəri ödənilməmiş sərfiyyat hesablanaraq abonentə təqdim edilmişdir. Beləliklə, sayğacın işlək vəziyyətdə olmamasını və onun sərfiyyat göstəricisinin 6043 kub.m. olmasını laboratoriya rəyi təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh ASC X4 İdarəsi “X2 Laboratoriyası” tərəfindən 33660/0063133 saylı Rəydən görünür ki, S.C-ın hesablayıcı mexanizminin qoruyucu metal halqasında müdaxilə izləri var. S.C-in hesablama mexanizmində müdaxilə aşkar olundu. S.C təmirə və istismara yararsızdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, 06043 kub metr mexaniki sərfiyyat olmuşdur. İş materiallarında olan icraçı Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibi Əli Hüseynova ünvanlanmış məktubdan görünür ki, Binəqədi rayonu Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 101855 olan obyektin su xətti üzərində 03.10.2013-cü il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 49933660 nömrəli smart-kart tipli su sayğacı 25.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X4 İdarəsinə aparılmışdır. Laboratoriyanın 28.09.2020-ci il tarixli 33660/0063133 nömrəli rəyinə əsasən sayğacın əks bağlayıcısı işlənməyib balans bitdikdə su bağlanmayıb və sayğac sərfiyyatı qeydə aldığı məlum olmuşdur. Sözügedən sayğac təmir olunaraq yenidən istifadəyə verilmişdir. Yaranmış borcla bağlı bildirilir ki, sayğacın sərfiyyatı 03.10.2013 – 25.09.2020ci illər ərzində 6043 m3 olmuşdur ki, bunun da 3362 m3 istifadə olunmuş dəyəri ödənilməmiş sərfiyatdır. İstifadə olunmuş ödənilməmiş sərfiyyat 6724 manat təşkil edir. İş materiallarında olan Smart Sayğacların satışlarına baxış aktından görünür ki, abunə kodu 101855 olan 49933660 saylı sayğac üzrə 04.10.2013-10.12.2013-cü il tarixə müddət üzrə 2655.30 kvadrat metr, 3781 manat mexaniki sərfiyyat olmuşdur. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi izahatında iddiaçının obyektində quraşdırılmış sayğacda həqiqətən problem oldğunu, yəni saycağın daxilindəki klapanın suyu ötürmədiyini, buna görə də sayğaca baxış keçirən əməkdaşların klapanı açıq qoyduqlarını, suyun fasiləsiz verildiyini, abonentin hesabında pul olmasa da suyun verilməsinin dayanmadığını, bunun nəticəsində isə ödənişlərdən artıq su istifadəsinin baş verdiyini göstərmişdir. Məhkəmə yaranmış 6724 manat məbləğində borcun silinməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin Cavabdeh ASC tərəfindən mübahisəli borcun necə yarandığı və hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş, hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və borcun hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh tərəfindən qeyd edilən borcun qanuni əsaslarla hesablanması barədə nə birinci instansiya məhkəməsi zamanı, nə də ki apelyasiya baxışı zamanı hər hansı sübut təqdim edilməmişdir. İş materiallarından belə bir hal müəyyən edilmir. Kollegiya qeyd edir ki, iddiaçının sayğacında nasazlığın olması cavabdeh təşkilata məlum olmuş, lakin cavabdehin əməkdaşları bu nasazlığı aradan qaldırmaq (sayğacı təmir etmək və ya yenisi ilə əvəz etmək) əvəzinə sayğaca özləri qanunsuz müdaxilə edərək, artıq sərfiyyəta şərait yaratmışlar (əgər belə bir hal baş vermirşə). İddiaçı qanunsuz sudan istifadədə maraqlı olmamış, mütəmadi olaraq ödənişlərini etmişdir. Hazırda cavabdeh mötəbərliyini sübut edə bilmədiyi əsasla iddiaçıdan əlavə ödəniş tələb edir ki, bu da qanunsuz tələbdir. İddia tələbinin su sayğacının yenilənməsi hissəsində də Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6-cı maddəsinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır (6.1). İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir (6.5). Suölçən cihazlar AİBNDA-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir (6.6). Suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir (6.8). Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir (6.10). Göründüyü kimi, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, habelə zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2150/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8580/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8580/2021
06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver