Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8584/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3849/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2018-ci il tarixli ******* saylı aktının ləğv edilməsi, dəymiş ziyan kimi və yeni quraşdırılan sayğacın dəyəri kimi ondan tələb edilən 486 manat pulun silinməsi və ödənilmiş cərimənin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni massivdə yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evində qazdan istifadə edir. O, evdə olmadığı zaman Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. İddiaçı bir müddət həmin evdə yaşamamışdır və qazdan istifadə etməmişdir. O, yaşadığı dövrdə istehlak etdiyi qazın dəyərini həmişə vaxtlı-vaxtında ödəmişdir. 14 noyabr 2018-ci il tarixdə iddiaçı evdə olmadığı zaman Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının evinə quraşdırılmış qaz sayğacı yeni smart tipli sayğacla əvəz edilmişdir. 2018-ci ilin noyabr ayında iddiaçının mənzilinə verilən qaz sayğacının kartına pul yüklənməsi dondurulmuş, bloka salınmışdır. Həmin vaxt iddiaçı “ASAN Kommunal” mərkəzinə müraciət etmiş, ona yeni quraşdırılmış sayğacın kartı verilmişdir. İddiaçı hal-hazırda qaz kartına pul yükləyib ondan tam istifadə edə bilmir, qaz kartına yüklədiyi pullar borca tutulur. Bu günədək iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə edərək, cavabdeh tərəfindən hesablanmış 421.30 manat borcun silinməsi və 64.70 manat pulun abonent hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(011)-3849/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, 1-ci instansiya məhkəməsi istehlakçının təqsiri sübuta yetirilmədiyinə görə iddianı təmin etmişdir. Lakin təqsirli tərəfin müəyyən edilməsi cavabdehin funksiyalarına aid deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14 noyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın (plombun) çıxarılma səbəbi texniki baxış keçirilməsi olmuşdur. Sayğaca texniki baxış zamanı sayğacın çıxış plastmas borusunda dəlik aşkar edilmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasının səbəbkarının məhz iddiaçı olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın və sayğacın dəyəri iddiaçıdan tələb oluna bilməz. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Ona görə də cavadehin iddiaçının abonent hesabından sildiyi 64.70 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır İddia tələbinin bu hissəsində də birinci intansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3849/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8584/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8584/2021
27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver