Məhkəmə qərarları › İş №2(103)-8586/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8586/2021

24.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8586/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Bakı şəhəri, Maştağa qəsəbəsi, A.Şeyx Hüseyn küçəsi, döngə 4-də yerləşən 58 nömrəli fərdi yaşayış evində itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 1.944 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1.944 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin borc cavabdehin tərtib etdiyi 27.07.2018-ci il tarixli akta əsasən hesablanıb. Aktda qeyd olunub ki, qaz sayğacının çıxış plastmas borusu deşilib. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi iddiaçıya borc hesablanıb. Lakin iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar