Məhkəmə qərarları › İş №2(103)-8587/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8587/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8587/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)-3352/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin 28.02.2020-ci il tarixli ******* №-li, 30.03.2020-ci il tarixli ******* №-li və 30.04.2020-ci il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktların ləğv olunması, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00000) qanunsuz hesablanmış 795 manat 80 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, o, Bakı şəhəri, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 668 saylı ev ona məxsusdur, 2020-ci ilin fevral ayından həmin evdə yaşayış yoxdur, Cavabdeh İB tərəfindən ona bildirmişlər ki, onun 795,80 manat borcu vardır, borcu araşdırarkən guya onun təbii qazdan qeyri-qanuni istifadə etməsi səbəbindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli və 30.04.2021-ci il tarixli aktlar tərtib olunduğu məlum olmuşdur, hər dəfə də aktlara əsasən guya təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılırdı, sual olunur ki, o, kənar xətt aşkar olunduqdan sonra sayğacdan kənar qazdan necə istifadə edə bilərdi, çünki əgər sayğacdan kənar xətt aşkarlanmışdırsa, onda xətt ləğv olunmalı idi, qaz xəttinə baxış onun iştirakı olmadan keçirilmişdir, həmçinin Cavabdeh İB-nin işçiləri saxtakarlıqa yol verərək ona aid olmayan qaz borusuna baxış keçirmiş və əsassız olaraq onun abonent koduna cərimə yazmışlar, bunun nəticəsində o ziyan çəkmişdir, hesab edir ki, hesablanmış borc əsassızdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)-3352/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 795 (yeddi yüz doxsan beş) manat 80 (səksən) qəpik məbləğində borcun silinməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarınav düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia təələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsini və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28.02.2020ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, aktda mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanması nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 28.02.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş təbii qazın bərpası üzrə 2520 kub.m qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30.03.2020ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda mənzildə qaz sayğacından qeyri-qanuni təbii qazdan istifadə olunmasının aşkarlanması nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30.03.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, itirilmiş təbii qazın bərpası üzrə 2520 kub.m qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30.04.2020ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin aktda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə olunmasının aşkarlanması nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30.04.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, itirilmiş təbii qazın bərpası üzrə 2952 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan məlumatdan görünür ki, iddiaçının **********00000 saylı abonent hesabına 795,80 manat borc hesablanmışdır. İş materiallarında olan aktların surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyinə görə təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. İş materiallarında olan 26.04.2011-ci il tarixli iddiaçının abonent saldosundan görünür ki, onun **********00000 saylı abonent hesabına 11/2020-ci il üçün 799 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı gasrep sənədindən görünür ki, onun abonent koduna 11/2020ci il üçün 799 manat borc hesablanmışdır. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçıya yaşadığı evə baxış keçrilərəkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə müxtəlif tarixlərdə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə 795,80 manat borc hesablanmışdır, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən paylayıcı xətdən sayğacdan kənar qoşulma və iddiaçının qazdan qeyri-qanuni istifadə etmə halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdehtərəfindən iddiaçının hesabına (abonent kodu **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 795,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)- 3352/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar