Məhkəmə qərarları › İş №2(103)-859/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-859/2021

05.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-859/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mehti qızı və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli qərardad nəzərə alınmaqla) cavabdehlərin birlikdə verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsinin (əri) X1 və cavabdehlərin iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 16 saylı evin 48 saylı mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, bu məqsəd ilə onun tərəfindən cavabdehlərə 25.000 manat məbləğində kompensasiya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil kirayə müqaviləsinə əsasən mənzil iddiaçının istifadəsinə verilmiş, iddiaçı, iddiaçının əri (iddiaçının nümayəndəsi) Mikayıl Həsənov və onların övladı Nizami Həsənov xx.xx.1990-cı il tarixdə mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Sonra Nizami cavabdeh Şirin Allahevrdiyeva ilə nikaha daxil olmuş, Şirin mənzilə gəlin köçmüşdür. xx.xx.1992-ci il tarixdə Nazim ilə Şirinin nikahından iş üzrə digər Cavabdeh2 doğulmuşdur. 2001-ci ilin noyabr ayında ailə üzvlərinin, o cümlədən cavabdehlərin razılığı ilə mənzil iddiaçı tərəfindən özəlləşdirilmiş və xx.xx.2001ci il tarixdə iddiaçıya bu barədə “Qeydiyyat vəsiqəsi” verilmişdir. 2012-ci ildə Nizami vəfat etmiş və bundan sonra cavabdehlər iddiaçıya və iddiaçının ərinə qarşı qərəzli və mənfi mövqe tutmuşlar. Onların münasibətləri pozulmuşdur. Bunun nəticəsində birgə yaşayış dözülməz vəziyyətə çatmışdır. Cavabdehlər ilə aralarında mübahisələrə son qoymaq üçün iddiaçı hesab edir ki, onun tərəfindən cavabdehlərə cəmi 25.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli qərardad nəzərə alınmaqla) ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları xx.xx.2000-ci il tarixədək yaranmışdır. Belə olan halda iddiaçı tərəfindən onlara kompensasiya verilməklə onların mənzildən istifadə hüquqlarına xitam verilə bilməz. Hazırki mübahisəyə Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından yanaşılmalı və iddia rədd edilməlidir, çünki həmin maddi normada mənzil sahəsinin mülkiyyətçisi tərəfindən yaşayış sahəsinə istifadə hüququ olan şəxsə kompensasiya verilməklə şəxsin istifadə hüququna xitam verilməsi nəzərdə tutulmamışdır. İşə baxmış Rayon Məhkəməsi mübahisəni həmin normaya uyğun deyil, Azərbaycan Respublikasında xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından həll etməklə əsassız qətnamə qəbul etmişdir. Cavabdehlər apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Habelə cavabdehlər bildirdilər ki, əgər iddiaçı tərəfindən onlara 30.000 – 32.000 manat məbləğində kompensasiya verilərsə onlar özlərinə heç olması bir otaqlı mənzil ala bilərlər və belə olan halda iddia ilə razılaşarlar. İddiaçının nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, mənzil kirayə müqaviləsinə əsasən mənzil iddiaçının istifadəsinə verilmiş, iddiaçı, iddiaçının əri (iddiaçının nümayəndəsi) Mikayıl Həsənov və onların övladı Nizami Həsənov xx.xx.1990-cı il tarixdə mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Sonra Nizami cavabdeh Şirin Allaheverdiyeva ilə nikaha daxil olmuş, Cavabdeh1 mənzilə gəlin köçmüşdür. xx.xx.1992-ci il tarixdə Nazim ilə Şirinin nikahından iş üzrə digər Cavabdeh2 doğulmuşdur. 2001-ci ilin noyabr ayında ailə üzvlərinin, o cümlədən cavabdehlərin razılığı ilə mənzil iddiaçı tərəfindən özəlləşdirilmişdir. ÖM seriyalı, 095404 saylı “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və iddiaçının mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra müəyyən edilir ki, Nazim 2012-ci ildə vəfat etmiş və bundan sonra iddiaçı ilə cavabdehlərin münasibətləri pozulmuş, onların bir mənzildə birgə yaşamaları qeyri-mümkün olmuşdur. Cavabdehlər ilə aralarında mübahisələrə son qoymaq üçün iddiaçı hesab edir ki, onun tərəfindən cavabdehlərə cəmi 25.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə işin araşdırılmış və mübahisəsiz halı kimi qeyd edir ki, tərəflər arasında mübahisə doğurmur ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları nəinki yeni Mənzil Məcəlləsi qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən əvvəl yaranmışdır, həmin hüquq hətta yeni Mülki Məcəllənin qüvvəyə mindiyi xx.xx.2000-ci il tarixdən əvvəl yaranmışdır. Belə olan halda nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan MPM-nin 217.2ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd edilən şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllədən görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən yaşayış sahəsinə istifadə hüququ olan şəxsə kompensasiya verilməklə şəxsin istifadə hüququna xitam verilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında da mübahisə doğuran birinci hal ondan ibarətdir ki, əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüquqları yaranmış cavabdehlərin bu hüququna mənzilin mülkiyyətçisi olan iddiaçı tərəfindən kompensasiya verilməklə xitam verilə bilər ya yox. Bununla bağlı Məhkəmə bildirir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair Azərbaycan Respublikasının (hazırda qüvvədə olan) Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqini mümkündür. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Odur ki, Məhkəmə Konstitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsinə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından mümkündür, lakin bu zaman yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təklif olunana kompensasiyanın məbləğinin istifadə hüququna xitam verilməsi üçün kifayət edib-etməməsi yoxlanılmalıdır. İddiaçı bildirir ki, o, hər iki cavabdehə cəmi 25.000 manat məbləğində kompensasiya ödəməyə hazırdır. Cavabdehlər isə bu məbləğ ilə razılaşmayaraq təklif edirlər ki, kompensasiyanın məbləği 30.000-32.000 manat civarında müəyyən edilsin ki, onlar özlərinə heç olması bir otaqlı mənzil ala bilsinlər. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, mülkiyyətçi olaraq iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 25.000 manat məbləğində kompensasiya hazırki bazar qiymətlərinə uyğundur. Belə olan halda hesab olunmalıdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə imkan verir ki, onlar, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın. Məhkəmə hesab edir ki, daha yüksək məbləğdə kompensasiya iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Buna görə də cavabdehlərin tələbləri əsaslı hesab oluna bilməz. Bundan başqa Məhkəmə qeyd edir ki, qanunverici kompensasiya məbləğinin istifadə hüququna xitam verilən şəxs tərəfindən müəyyən edilməsini nəzərdə tutmamışdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddianın “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” iddia əsaslıdır və işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 Mehti qızı və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli qərardad nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar