Məhkəmə qərarları › İş №2(103)-8601/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8601/2020

25.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8601/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahədə yerləşən ona məxsus fərdi evə (abonentin kodu: **********00830) hesablanmış 7200 manat borcun cavabdeh “Cavabdeh” İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin yol verilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və ərizəçiyə izah olunmuşdur ki, ərizənin ümumi məhkəmədə baxılmalı olmadığından qəbul etməkdən imtina edilməsi ona mülki icraat qaydasında kommersiya məhkəməsinə ikinci dəfə müraciət etməyə mane olmur. İddiaçı, şikayət verərək qərardadın ləğv olunmasını, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının adına olan VÖEN-nin Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən fərdi evə heç bir aidiyyəti yoxdur. Bu hal, məhkəmə iclasında öz təsdiqini tapa bilərdi. Bundan başqa, MPM-də məhkəmə aidiyyəti ilə əlaqədar iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmamışdır. Xətai Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi, MPM-in bu maddəsinə istinad edərək, iddia ərizəsini qəbul etməkdən imtina edərkən qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Ona görə də, hazırkı iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, rayon məhkəməsi tərəfindən qeyd olunan əsasla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qüvvədə olan prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır. Ona görə ki, Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə (xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına) əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx xxxxxxxx 2020-ci il tarixli, 10 №-li qərarına əsasən, qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Eyni ilə, inzibati məhkəmələr də onların icraatına daxil olmuş işlər üzrə işin mülki və ya kommersiya məhkəməsinə aid olduğu nəticəsinə gəldikdə, yenə də işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, iddianı mümkün saymamalıdırlar. Bu qaydalar apelyasiya icraatına da şamil edilir. (Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli Qərarı) Göründüyü kimi, MPM-in 153.2.1-ci maddəsində nəzərdə tutulmuş əsasla o halda iddia ərizəsinin qəbulundan imtina edilə bilər ki, inzibati məhkəmədə baxılmalı olan iş mülki və ya kommersiya məhkəməsinə verilmiş olsun. Başqa sözlə, ərizənin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi, onun qəbul edilməsindən imtina edilməsi barədə qərardadın qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, adı çəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, iddia ərizələrinin məhz məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair qərardadlardan verilən şikayətlərə baxılması zamanı da qeyd edilən məsələlər nəzərə alınmalıdır. Belə ki, MPM-lə iddia ərizəsinin geri qaytarılmasına dair qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, iddia ərizəsinin məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadlarının apelyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılması faktiki olaraq məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın apelyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnmiş olacaqdır. Bu isə qanunvericiliyə edilmiş son dəyişikliklərin məqsədinə zidd olmaqla yanaşı, məhkəmə aidiyyəti ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin olunmasına da maneə yaradacaqdır. Odur ki, belə hallarda apelyasiya instansiyası məhkəməsi şikayətə baxarkən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə mahiyyəti üzrə toxunmadan, sadəcə bu əsasla iddia ərizəsinin geri qaytarılmasının qanunsuzluğuna istinad etməklə həmin qərardadın ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul etməlidir. Odur ki, məhkəmə kollegiyası, məhkəmə aidiyyəti (ümumi və ya kommersiya məhkəməsi üzrə) ilə bağlı mülki prosessual qanunvericiliyə edilmiş son dəyişikliklərin tələblərini və Ali Məhkəmənin Plenumunun bu məsələ ilə bağlı qəbul etdiyi qərarındakı tövsiyələri nəzərə alaraq hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və iş, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6144/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar