Məhkəmə qərarları › İş №2(103)-8602/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8602/2021

26.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8602/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İlk iddia üzrə cavabdehin nümayəndəsi X6 və ilk iddia üzrə cavabdehin nümayəndəsi, vəkili X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı "xxxx" MTK-nın ilk iddia üzrə Cavabdeh qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair iddia ərizəsi üzrə; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(001)-403/2019 nömrəli qətnaməsindən ilk iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrə iddiaçı "xxxx" MTK ilk iddia üzrə Cavabdeh qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai prospekti 40a ünvanda "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasında İİ giriş, 15-ci mərtəbə, 4 otaqlı, 187 kv.m. sahəsi olan 100 saylı mənzil 04.12.2010-cu il tarixli 151 saylı «Kooperativ mənzil tikinti haqqında müqavilə»yə əsasən Cavabdeh məxsusdur. Həmin mənzilin aylıq kommunal xərcləri 112,20 manat təşkil edir. Cavabdeh razılaşdırılmış kommunal xidmət haqlarını gecikmələrlə ödəsə də, artıq 4 aydır ki, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir ödəmə aparmır. Cavabdeh sonuncu dəfə 2017-ci ilin dekabr ayının 15-də 112,20 manat ödəniş aparsa da, 01.05.2018-ci il tarixə kimi heç bir ödəniş aparmamış və həmin tarixə olan borcu 448,8 manat təşkil edir. Kommunal xidmət haqlarına dair mütamadi ödənişlər aparmaqla cavabdeh buna dair MTK qarşısında öhdəliklərin daşıyıcı olmasını təsdiq etsə də, son aylarda bu öhdəliklərinə vicdanla yanaşmır, bu isə MTK-nın gəlirlərinə öz mənfi təsirini göstərir. Qeyd olunanlara əsasən ilk iddia üzrə iddiaçı X2 448,8 manat məbləğində borcun tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 21.06.2018-ci il tarixdə ilk iddia üzrə iddiaçı "xxxx" MTK iddia tələbinin həcmini artıraraq, məhkəmədən Cavabdeh "xxxx" MTK-nın xeyrinə 673,20 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X5 ünvan 2 ünvanda yerləşən binanın sakinlərini, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçını aldadaraq vicdansızcasına qanunsuz və əsassız olaraq kommunal xidmətlər adı altında hər ay Kooperativin hesabına böyük miqdarda pul vəsaitlərini toplayır. "xxxx" MTK qarşılıqlı iddia üzrə iddiaçıdan 01 noyabr 2012-ci il tarixdən 31 iyul 2015-ci il tarixə qədər olan müddət ərzində 3960 manat, 01 avqust 2015-ci il tarixdən 31 dekabr 2017-ci il tarixə qədər olan dövr ərzində isə 3277 manat olmaqla, cəmi 7237 manat pul almışdır. Lakin qarşılıqlı iddia üzrə iddiaçıya 2018-ci ilin may ayında məlum olmuşdur ki, ondan kommunal xidmətlər adı altında alınmış həmin vəsaitin çox hissəsi əslində tamamilə qeyri-qanuni olmuşdur. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı sudan, qazdan, elektrik enerjisindən istifadəyə görə kommunal xidmətlərin haqqını müvafiq olaraq su, qaz və elektrik sayğaclarının göstəricilərinə əsasən vaxtı-vaxtında ödəmişdir. Qeyd edilənlər xaricində qarşılıqlı iddia üzrə iddiaçı yalnız binadakı sərnişin liftindən istifadə etmişdir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2000ci il tarixli 40 nömrəli qərarına 1 nömrəli əlavə olan “Mənzil (ev) xidməti tariflərinə” əsasən, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kv.m yaşayış sahəsi üçün 1 ayda 0,015 manat təşkil edir. Həmin qərara 2 nömrəli əlavə olan “Əhali üçün kommunal xidməti tariflərinə” əsasən, yaşayış binalarında liftdən istifadəyə görə adambaşına haqq 1 ayda 0,50 manat təşkil edir. Ona görə də, 01 noyabr 2012-ci il tarixdən 31 may 2018-ci il tarixə qədər olan dövr üçün qarşılıqlı iddia üzrə iddiaçı ümumi sahəsi 187 kv.m. olan mənzilin yerləşdiyi binanın saxlanılması üçün xidmət haqqı olaraq cəmi 188 manat "xxxx" MTK-ya ödəməli idi. Liftdən istifadəyə görə 01 oktyabr 2012-ci il tarixdən 31 iyul 2015-ci il tarixə qədər olan dövr ərzində mənzilində 3 nəfər ailə üzvü yaşadığı üçün 50 manat və 01 avqust 2015-ci il tarixdən 31 may 2018-ci il tarixə qədər olan dövr üzrə isə mənzilində 2 nəfər ailə üzvü yaşadığı üçün 34 manat olmaqla, cəmi 84 manat ödəməli idi. Odur ki, "xxxx" MTK tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıdan alınmış vəsait 31.05.2018-ci il tarixə 7237 - (188 + 84) = 6965 manat təşkil edir və həmin vəsait ona qaytarılmalıdır. Belə ki, onunla "xxxx" Mənzil Tikinti Kooperativi arasında sonuncu tərəfindən kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar hər hansı müqavilə bağlanmamışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28.11.2019-cu il il tarixli, 2(001)- 403/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "xxxx" MTK-nın ilk iddia üzrə Cavabdeh qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi rədd edimişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı "xxxx" MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001) 403/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı "xxxx" MTK kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3606/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı "xxxx" MTK-nın kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ilk iddia tələbinə dair hissədə ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarında Ali Məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Tərəflər arasındakı mübahisə yaşayış sahəsinin saxlanılmasına görə xərclər və kommunal xidmət haqları ilə bağlıdır. MTK üzvlərinin ümumi yığıncağının 27 dekabr 2014cü il tarixli iclasında binanın 6-cı mərtəbəyə qədər yerləşən mənzillərinin 1 kv.m üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yerləşən mənzillərin 1 kv.m üçün 0,60 manat məbləğində kommunal haqqının müəyyən edildiyinə, buna əsasən Cavabdeh hər ay 112,20 manat ödəniş etməli olduğuna, bir müddət həmin ödənişi icra etdiyinə, lakin son 4 ay ərizndə kommunal xidmət haqqını istinad edərək həmin məbləğin Cavabdeh MTK-nın xeyrinə tutulması barədə iddia qaldırmışdır. Eyni zamanda, Cavabdeh “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarına 1 nömrəli əlavə olan “Mənzil xidməti tarifləri”nə əsasən, onun mənzil mülkiyyətçisi kimi mənzilin yerləşdiyi binanın saxlanılması üçün hər ay 1 kv.m üçün 0,015 manat ödəməli olduğu halda, heç bir əsas olmadan MTK-ya 01 noyabr 2012-ci il tarixdə 31 iyul 2015-ci il tarixə qədər 33 aylıq dövr ərizndə 3960 manat, 01 avqust 2015-ci il tarixdən 31 dekabr 2017-ci il tarixə qədər olan 29 aylıq dövr ərzində isə 3277 manat olmaqla, cəmi 7237 manat ödədiyini, ona görə də göstərilən tarif üzrə məbləğ çıxılmaqla, MTK-nın əsassız varlanan şəxs kimi qalan məbləği qaytarmalı olduğuna istinad edərək, həmin vəsaitin MTK-dan onun xeyrinə tutulması barədə qarşılıqlı iddia qaldırmışdır. Sadalanan müddəaların müqayisəli təhlili onu deməyə əsas verir ki, yaşayış sahəsinin mülkiyyətçisi mənzilinin yerləşdiyi binanın saxlanılması üçün xidmət haqqını yazılı müqavilə əsasında ödəyir, lakin yazılı müqavilənin tərtib edilməməsi öz-özlüyündə mənzil mülkiyyətçilərini kommunal haqqın ödənilməsindən azad edilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Hətta mənzilindən istifadə etməyən mülkiyyətçilər belə kommunal xidmətlərə görə haqqın ödənilməsi öhdəliyini daşıyırlar. Bununla belə, kommunal haqqı üçün məbləğ müəyyən edilərkən və ya məbləğ dəyişdirilərkən mənzil mülkiyyətçilərinə həmin qərarın qanuni əsasları göstərilməklə məlumatlandırmalıdırlar. Başqa sözlə, tələb edilən ödəniş konkret xidmətlərə əsaslanmaqla, ağlabatan məbləğlərdə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu halda MPMnin 77.1-ci maddəsinin tələblərinə görə sübut etmə yükü məhz xidmət haqqının ödənilməsini tələb edən iddiaçının üzərinə düşür. Apellyasiya məhkəməsi mübahisəyə qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə ilk iddianın ümumiyyətlə rədd edilməsi barədə nəticəyə gəlməklə, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420.1-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh nümayəndəsi X6 və nümayəndəsi, vəkili X3 qarşılıqlı iddia ərizəsini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli 2(001)-7254/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsinə dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 27 dekabr 2014-cü il tarixli, 03 nömrəli iclas protokolun surətindən görünür ki, həmin iclasda "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillər üçün 01 yanvar 2015-ci il tarixdən 6-cı mərtəbəyə qədər 1 kv.m üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yaşayan sakinlərdən 1 kv.m. üçün 0,60 manat məbləğində pulun yığılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK X4 məktubundan görünür ki, mənzillərə görə 1m2 düşən kommunal tarif 50 qəpikdir. İş materiallrında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti ev 40a, 100 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Amin oğlunun adına dövlət reyestrində qeydə alınmışdır. Həmin Çıxarışın məzmunundan görünür ki, mənzilin ümumi sahəsi 183,1 kv.m təşkil edir. İşin müəyyən edilmiş hallarından və qarşılıqlı iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatdan bəlli olur ki, tərəflər arasında mübahisənin mahiyyəti "xxxx" MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli binada qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan mənzilə görə onun tərəfindən ödənilməli olan yaşayış sahəsinin saxlanılmasına görə xərclər və kommunal xidmət haqlarının məbləği ilə bağlıdır. Belə ki, ilk iddiaçı "xxxx" MTK qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən 15 dekabr 2017ci il tarixdən sonrakı 6 ay üçün hər ay 112,20 manat olmaqla, cəmi 673,20 manat kommunal borcun Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmiş, bu zaman mənzilin hər kvadrat metrii üçün xidmət haqqının 0,60 manat təşkil etməsinə istinad etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Amil oğlu isə həmin iddiaya etirazını, habelə özünün qarşılıqlı iddiasını "xxxx" MTK-nın ötən müddət ərzində ondan kommunal xidmət haqqı adı altında artıq pul məbləği alması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 111.7-ci maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması qaydaları qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29.12.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Qeyd edilən qanunvericilik normaların əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri tərəfindən kommunal xidmətlərin və binanın saxlanması üçün xərclərin ödənilməsi üçün binanın idarəedici ilə mənzilin sahibi arasında yazılı müqavilə olmalıdır. Hazırkı işin hallarından bəlli olur ki, ilk iddiaçı "xxxx" MTK ilə qarşılıqlı iddiaçı Emil Mehidyev arasında belə xidmətlərin göstərilməsi üçün yazılı müqavilə mövcud olmamışdır. Bununla yanaşı, tərəflər mübahisə etməmişlər ki, mübahisə olunan dövr ərzində həmin binanya kommunal xidmətlər ilk iddiaçı tərəfindən həyata keçirilmişdir. Qarşılıqlı iddiaçı bu xidmətlərin keyfiyyətsiz olması, həmçinin onun və ailə üzvlərinin göstərilən kommunal xidmətlərdən yalnız liftdən istifadə etməsi əsası ilə ilk iddiaya etiraz etsə də, bu "xxxx" MTK tərəfindən həmin xidmətlərin göstərilməməsi anlamına gəlmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yazılı müqavilənin mövcud olub-olmamasından asılı olmayaraq, mənzil mülkiyyətçisi olaraq Cavabdeh həmin mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının saxlanıması üçün digər mənzil sahibləri ilə yanaşı məsuliyyət daşıyır. Qeyd edilən kommunal xidmət haqqı "xxxx" MTK-nın ümumi yığıncağının qərarı ilə 1 kv.m sahə üçün 6-cı mərtəbəyədək 0,50 manat, daha yuxarı mərtəbələr üçün isə 0,60 manat müəyyən edilmişdir. Lakin bu qiymətlərin MTK tərəfindən göstərilən kommunal xidmətlərin və binanın ümumi sahələrinin saxlanması üçün xərclərin həqiqi məbləğinə uyğun olub-olmadığı, real çəkilməli olan xərclər əsasında hesablanması həmin qərarın məzmunundan müəyyən edilmir. Başqa sözlə, göstərilən kommunal xidmət məbləğinin hansı meyarlar əsasında müəyyən edilməsi aydın deyildir. Buna görə məhkəmə kollegiyası tərəfindən "xxxx" MTK-nın inşa etdiyi binada halhazırda müqavilə əsasında kommunal xidmətləri həyata keçirən «X8»-nə sorğu edilmişdir. Həmin qurum tərəfindən məhkəməyə daxil olmuş cavabdan bəlli olur ki, həmin binada göstərilən kommunal xidmətlərin və binanın saxlanması üçün kommunal tarif hazırkı dəyəri binada xidmətin düzgün aparılmaması nəticəsində yaranmış problemlərin həll edilməsi, habelə əskik yığımlarının sayının çox olması ilə əlaqədar olaraq 0,50 manat müəyyən olunmuşdur. Həmin problemlər aradan qaldırıldıqdan və qüsurlar aradan qaldırıldıqdan sonra tarif 0,30 manata endiriləcəkdir. Bu məktubdan belə nəticəyə gəlmək olur ki, binada göstərilən kommunal xidmətlərin real qiyməti hər ay hər kvadrat metr üçün 0,30 manat təşkil edir. Hazırda bu tarifin 0,50 manat təşkil etməsi isə əvvəldən mövcud olmuş bir sıra problemlərin həll edilməsi, habelə kommunal xidmətlərə görə yığımın aşağı səviyyədə olması ilə əlaqədar olub, müvəqqəti xarakter daşıyır. Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Aman Mehdiyev məhkəmə iclasında verdiyi izahatında qeyd edilən idarəedici müəssisənin 2021-ci ilin may ayından etibarən həmin binada kommunal xidmətləri göstərilən tariflə həyata keçirdiyini və onların həmin xidmətlərə görə məbləği vaxtlı-vaxtında ödədiyini bildirmişdir. Göstərilənlərə əsasən bu nəticəyə gəlmək olur ki, "xxxx" MTK-nın inşa etdiyi binada kommunal xidmətlərin real dəyəri 1 kv.m üçün 0,30 manat təşkil edir. Bununla yanaşı, iş materiallarından o da müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdeh məxsus olan 100 maylı mənzilə görə kommunal xidmət haqları həmin mənzilin 187 kv.m təşkil etməsi nəzərə alınmaqla hesablanmış və tutulmuşdur. Lakin iş materiallarında olan Dövlət reyestrindən çıxarışın surətindən göründüyü kimi, qarşılıqlı iddiaçıya məxsus olan mənzilin sahəsi 187 kv.m deyil, 183,1 kv.m təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə Cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında ona məxsus olan mənzilə görə kommunal xidmətlərdən istifadə etməsinə görə borcu yaranmışdır. Bu borcun məbləği isə həmin mənzilin həqiqi sahəsi (183,1 kv.m) və bu binada göstərilən kommunal xidmətlərin həqiqi dəyəri (1 kv.m-ə görə 0,30 manat) əsasında müəyyən edilməlidir. Həmin hesablama ilə iddiaçının tələb etdiyi müddət ərzində Cavabdeh borcunun məbləği 329,58 (183,1 kv.metr x 0,30 manat x 6 ay) manat təşkil edir. Bununla da, müəyyən edilir ki, ilk iddiaçının iddiaçı qismən əsaslı olmuşdur. Lakin mübahisəni həll edən birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarına və qanunvericiliyin sadalanan tələblərinə düzgün qiymət verməmiş, ilk iddianı tamamilə rədd etməklə mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İlk iddia üzrə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(001)-403/2019 nömrəli qətnaməsi qismən ləğv edilməli, ilk iddia üzrə Cavabdeh 329,58 manat tutulub ilk iddia üzrə iddiaçı "xxxx" MTK-ya ödənilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(001)-403/2019 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(001)-403/2019 nömrəli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilsin. İlk iddia üzrə Cavabdeh 329,58 manat borc məbləği tutulub ilk iddia üzrə iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(001)-403/2019 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar