Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-861/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə) “müqavilənin ləğvinin etibarsız hesab edilməsi və pulun tutulması tələbinə dair” iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(006)-1611/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə) “müqavilənin ləğvinin etibarsız hesab edilməsi və pulun tutulması tələbinə dair” iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzil barədə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” bağlanmış 05.09.2017-ci il tarixdə 2/23 nömrəli müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi və həmin mənzilin İddiaçı qaytarılması, Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin hər hansı bir obyektiv səbəbdən İddiaçı qaytarılması mümkün olmadığı təqdirdə həmin mənzilin faktiki bazar dəyəri 290000 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə onun arasında 05.09.2017-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 2/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, onun tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr təşkil edən mənzili onun mülkiyyətinə verməli o, isə bunun əvəzində həmin təqdim edilən mənzilin dəyərini cavabdehə ödəmək vəzifəsini öz üzərinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra, o, müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödəniş kimi hesablanmış 94000 manat pulu nağd, qalan pulu isə hər ay müqaviləyə əlavə olunmuş aylıq ödəniş qrafikinə uyğun olaraq cavabdehə ödəmişdir. Sonradan ölkədə baş vermiş pandemiya nəticəsində o, müqavilə müddətinin son 4 ayında ödənişləri etsə də, bunu tam formada icra edə bilməmişdir. Bununla bağlı, mövcud pandemiyaya görə ödənişləri tam şəkildə icra edə bilmədiyini cavabdehə bildirmiş və cavabdeh də buna razılaşaraq hər ay ödənişi qəbul etmişdir. Bundan sonra, 16.10.2020-ci il tarixdə cavabdeh tərəfindən ona bildiriş göndərilmiş və bildirişdə iddiaçının dəfələrlə xəbərdar edilməyinə baxmayaraq ödəniş etmədiyi səbəbindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Cavabdehin qeyd olunan məktubun aldıqdan sonra, o, məsələni aydınlaşdırılması üçün vəkil vasitəsi ilə cavabdehə etiraz məktubu göndərmişdir. Etiraz məktubuna 01.02.2020-ci il tarixli cavab məktubunda cavabdeh onun son 3 ayda heç bir ödəniş həyata keçirmədiyini və ödənişi üzürlü səbəbdən ödəmədiyi səbəbini gətirərək aralarında olan müqaviləyə xitam verildiyini bildirmişdir. İlk növbədə qeyd etmək istəyir ki, cavabdeh müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsası kimi onun son 3 ay ərzində heç bir ödəniş etmədiyini göstərmişdir. Cavabdeh tərəfindən təqdim olunan məlumat tamamilə yalandır. Belə ki, müqaviləyə əlavə olunan aylıq ödəniş qrafikindən və məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən görünür ki, o, müqavilənin son 3 ayında hər ay 1000 manat və oktyabr ayında da 2000 manat ödəniş etmişdir. O, pandemiya ilə bağlı ödənişi tam olaraq həyata keçirə bilmədiyi səbəbindən cavabdehin şifahi razılığına əsasən hər ay 2600 manatın yerinə 1000 manat ödəniş etmişdir. Cavabdeh isə buna münasibətdə onun tərəfindən son ayların aylıq ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən az ödənilməsinə etiraz bildirməmiş və həmin pulları qəbul etmişdir. Həmçinin, müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti də bitdikdən sonra onun tərəfindən cavabdehə 2000 manat ödəniş edilmiş və cavabdeh həmin ödənişi qəbul etmişdir. Beləliklə, cavabdeh onun pandemiya ilə bağlı baş vermiş böhrana görə aylıq ödənişi natamam ödəməsi ilə bağlı müraciətinə, həmin ödənişləri azaldılmış qaydada qəbul etməklə razılıq vermiş və bununla da müqavilənin ödəmə hissəsində dəyişdirilməsinə razılaşmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(006)-1611/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05.09.2017-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair” 2/23 nömrəli müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi, Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən İddiaçı müqavilə bağlayarkən müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin ümumi dəyərin qalan hissəsini 36 ay ərzində aylıq ödəniş qrafikində göstərilən qaydada ödənilməsi barədə öhdəlik götürməsini, 05 sentyabr 2020-ci il tarixinə kimi 94500 manat həcmində pul vəsaitini hər ay bərabər hissələrlə ödəməyi barədə öhdəçilik yazmasını və tərəflərindən əlavə bir ay yarım gözlənilməsini araşdırmamışdır. Əgər işin həmin faktiki halları aydınlaşsaydı onda məlum olardı ki, iddiaçı həmin pul vəsaitlərini vaxtında ödəməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və pozmuşdur. Buna görə də, cavabdehin əlavə bir ay yarım gözlədikdən sonra müqaviləyə xitam verməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə, həmçinin X1 ilə "xxxx" MMC arasında mənzilə dair 28.10.2020-ci il tarixli, 2/75 saylı alqı-satqı müqaviləsinin bağlanmasını və bununla bağlı C.Məmmədliyə 28.10.2020-ci il tarixli 2/75 saylı maliyyə arayışının verilməsini araşdırmamışdır. Həmin məsələnin mühüm əhəmiyyəti ondan ibarətdir ki, C.Məmmədli vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir. Mənzilin satılmasına dair onunla bağlanmış müqavilə isə hal-hazırda qüvvədədir. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iddianın rədd olunan hissəsində iddiaçı qətnaməni mübahisələndirmədiyindən, cavabdeh isə qətnaməni iddanın təmin olunan hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız iddianın təmin olunan hissəsində yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 05.09.2017-ci il tarixli, 2/23 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.m mənzilin dəyərinin bir qismini ödəmişdir. Sonuncu ödəniş iddiaçı tərəfindən Cavabdeh MMC-nin xeyrinə 05 oktyabr 2020-ci ildə edilmişdir (iş materiallarına əlavə edilmiş GDĞ 708003 nömrəli mədaxil orderinin qəbzi). Həmin hallar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Buna baxmayaraq Cavabdeh MMC tərəfindən iddiaçıya 28 oktyabr 2020-ci ildə əsassız olaraq bildiriş göndərilərək bildirilmişdir ki, çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 05 sentyabr 2017-ci il tarixli, 2/23 saylı müqaviləyə 16.10.2020-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv. metr olan mənzilin əldə edilməsinə dair 05.09.2017-ci il tarixli, 2/23 nömrəli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsini və həmin mənzilin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Çünki, iddiaçı müqavilənin şərtlərinə əməl etməklə davamlı olaraq ödənişlər aparmış, tikinti şirkəti isə əsassız olaraq müqaviləyə birtərəfli xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında 05 sentyabr 2017-ci ildə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə görə, Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 188500 manat təşkil edir. Müqavilənin 3-cü bəndinə görə, alıcı 94000 manat məbləğindən ibarət mənzilin ümumi dəyərinin 50% həçmində hissəsini ilkin ödəniş kimi ödəməyə öhdəsinə götürür, ümumi dəyərinin qalan hissəsini isə 36 ay ərzində, hər ayın 5-dək bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafik əsasında ödəyir. Həmin müqavilənin 4.1.6-cı bəndindən görünür ki, tərəf ödəmələr davamlı olaraq 3 (üç) dəfə yerinə yetirilmədikdə tikinti şirkətinin bir tərəfli qaydada xəbərdarlıq edərək bu Müqaviləyə xitam vermək hüququ vardır. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı 2/23 nömrəli müqavilə üzrə müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu ödənişi 05 oktyabr 2020-ci ildə etmiş və həmin məbləğ 2000 manatdan ibarətdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 16.10.2020ci il tarixli, 407 nömrəli bildirişin surətindən görünür ki, dəyəri 188500 manat təşkil edən mübahisəli mənzilə görə İddiaçı 5900 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 447.3.1-ci maddəsinə görə, ikitərəfli müqavilələrdə öhdəliyin pozuntusu cüzi olduqda tərəfin müqavilədən imtina edilməsi yolverilməzdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 05.09.2017-ci il tarixli, 2/23 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq davamlı şəkildə ödənişlər aparmış, mübahisəli mənzilin dəyərinin əhəmiyyətli hissəsini (mənzilin 188500 manat dəyərinin 182600 manatını) ödəmiş, cavabdeh son ayların aylıq ödənişinin ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən az ödənilməsinə etiraz etməmiş, həmin pulları qəbul etmiş, buna baxmayaraq cavabdeh tikinti şirkəti əsassız olaraq müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması qənaətinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçının həmin pul vəsaitlərini vaxtında ödəməməsi, üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və pozması barədə” dəlilinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.6-cı bəndindən görünür ki, tərəf ödəmələr davamlı olaraq 3 (üç) dəfə yerinə yetirilmədikdə tikinti şirkətinin bir tərəfli qaydada xəbərdarlıq edərək bu müqaviləyə xitam vermək hüququ vardır. Lakin iş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı 05.09.2017-ci il tarixli, 2/23 nömrəli müqavilə üzrə vaxtaşırı ödənişlər etmiş, sonuncu ödənişi 05 oktyabr 2020-ci ildə icra etmiş, cavabdeh tərəf həmin ödənişlə razı olaraq onu qəbul etmişdir. Göründüyü kimi iddiaçı müqavilənin icrasından imtina etmədiyi və həmin müqavilənin ləğv edilməsinə əsaslar olmadığı halda cavabdeh tərəf qanunsuz və əsassız olaraq qeyd edilən müqavilə üzrə öhdəlikdən birtərəfli qaydada imtina etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “X1 ilə "xxxx" MMC arasında mənzilə dair 28.10.2020-ci il tarixli, 2/75 saylı alqı-satqı müqaviləsinin bağlanmasının və bununla bağlı C.Məmmədliyə 28.10.2020-ci il tarixli 2/75 saylı maliyyə arayışının verilməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması, C.Məmmədlinin vicdanlı alıcı və mənzilin mülkiyyətçisi olması, həmin mənzilin satılmasına dair onunla bağlanmış müqavilənin isə hal-hazırda qüvvədə olması barədə” dəlilinə qiymət verərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh "xxxx" MMC ilə üçüncü şəxs X1 arasında mübahisəli mənzilə dair bağlanmış 28.10.2020-ci il tarixli, 2/75 saylı müqavilə əhəmiyyətiz əqddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 25.04.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr işin məyyən edilmiş hallarına əsasən belə mübahisələri birinci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün birinci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili ikinci şəxsə satacaqlar. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(006)-1611/2021 saylı qətnaməsi mühahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-861/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-861/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver