Məhkəmə qərarları › İş №2(103)-8626/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8626/2021

14.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8626/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-868/2020 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “payların naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 21 dekabr 2011-ci il tarixdə **********50-06301 reyestr nömrəli, 11111 24794 qeydiyyat nömrəli reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.6 kv.metr olan qeyriyaşayış binasında X1 69.3 kv.m olan payının naturada ayrılması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş, mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(103)-3927/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-868/2020 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “payların naturada ayrılması tələbinə dair” mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həmin qərardaddan şikayət vermiş, şikayəti onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138.6 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0,0161 kv.m torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) paylı mülkiyyətdə olmaqla 1/2 hissə (69.3 kv.m) X4, 1/2 hissə (69.3 kv.m) X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların mülkiyyətindədir. Qeyri-yaşayış binasına İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman məlum olmuşdur ki, obyektdə yenidənqurma işləri aparılmışdır. Belə ki, bina genişləndirilmiş, faktiki olaraq iki hissəyə bölünmüş və ayrı-ayrı girişlər açılmışdır. Qeyri-yaşayış binasının əlavə sahələrlə birlikdə sahəsi faktiki olaraq 350 kv.m, iddiaçıya məxsus sahə isə 195.0 kv.m təşkil edir. Qeyri-yaşayış binasında inşa edilmiş əlavə sahələrə dair və aparılmış yenidənqurma işləri (rekonstruksiya) ilə bağlı qanunvericiliyin tələblərinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) və notarial qaydada təsdiq edilmiş bölgü sxemi İdarəyə təqdim edilməmişdir. Ekspert rəyində mövcud vəziyyət əks etdirilməmiş, arayış yetərincə əsaslandırılmamışdır. Bu səbəbdən təkrar ekspertizanın keçirilməsinə ehtiyac yaranmışdır. Qeyd olunan hallar məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müvafiq mülki iş üzrə tərəf qismində cəlb edilməsə də, icra vərəqəsi icra üçün İdarəyə göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan İdarənin müvafiq qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(006)-868/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdeh qurum olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq və vəzifələrinə toxunduğu üçün işdə iştirak etməyə cəlb edilməyən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermək hüququna malikdir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun olduğu müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2(006)-868/2021 saylı qərardadı ləğv olunsun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(006)-868/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun olduğu müəyyən edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar