Məhkəmə qərarları › İş №2(103)-8629/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8629/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8629/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2, cavabdeh "xxxx" MTK-nin nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2049/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsindən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 05.09.2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsi onun mülkiyyətinə verilməklə cavabdehdən vurulmuş maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 10.000 manat, iş üzrə dövlət rüsumuna ödənilmiş 31 manat, cəmi 11.031 manat tutularaq ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin cavabdeh Gözəl Bakı MTK tərəfindən sökülüb yerində tikiləcək çoxmənzilli yaşayış binasından yeni mənzil verilməsi ilə bağlı 05.09.2018-ci il tarixdə cavabdehlə müqavilə bağlamışdır. Müqavilənin predmetinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 69.78 kv m-dən ibarət olan daşınmaz əmlakın əvəzinə ən azı 15% olmaqla Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 133.1 kv.m olan təmirli mənzilin və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin mülkiyyətinə verilməsi təsbit edilmişdir. Cavabdeh Gözəl Bakı Mənzil Tikinti Kooperativi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmişdir. Belə ki, müqavilənin şərtlərinə əsasən ondan alınmış və sökülmüş 3 otaqlı 69.78 kv.m olan yaşayış sahəsinin əvəzinə, 3 otaqlı 133.1 kv.m olan təmirli, 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsinin ona verilməsini öhdəsinə götürmüş, lakin öhdəlikləri tam icra etməmiş, yəni 2 otaqlı 62.60 kv.m olan yaşayış sahəsini təmir edib verməmişdir. Bununla əlaqədar olaraq öz pretenziyasını cavabdeh Gözəl Bakı Mənzil Tikinti Kooperativinin direktoru X6 adına ünvanlanmış 30.10.2020- ci il tarixli müraciətində göstərmiş, lakin həmin müraciət 02.11.2020-ci il tarixdə Cəfərov tərəfindən qəbul edilsə də hər hansı cavab verilməmişdir. "xxxx" MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK arasında İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanındakı 3 otaqlı 69.78 kv.mdən ibarət mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzil və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin verilməsinə dair 05 sentyabr 2018-ci il tarixli müqavilənin Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin verilməsi hissəsinə münasibətdə etibarsız hesab edilməsi və İddiaçı "xxxx" MTK-nın işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 manatın tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Pilot” layihə olaraq bina inşa edilməzdən əvvəl Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış müqaviləyə əsasən MTK həmin sahədə mövcud olan mənzillərin sahiblərinə bu ərazidə tikiləcək binalardan onların malik olmuş olduqları sahənin 15%-dən az olmamaqla mənzil sahələri ilə təmin etmə öhdəliyi götürmüşdür. Lakin, bu öhdəliyə əsasən MTK özü mənzil sahiblərinə onların malik olduqları sahədən 30 % artıq verilməsini nəzərdə tutmuşdur. Yəni, MTK faktiki olaraq 15%dən az olmamaq öhdəliyini icra etməliydi. Lakin, bu heç də mənzil sahiblərinə onların malik olduqları sahədən dəfələrlə artıq sahə verilməsini ehtiva etmir. İşin faktiki hallarından da göründüyü kimi, MTK cavabdehə ünvan 4 ünvanında 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzil verilmişdir. İddiaçı MTK-nın düşdüyü vəziyyətdən istifadə edərək haqsız tələblərini artıraraq əlavə mənzil də tələb etmişdir. Səbəb isə ondan ibarət olmuşdur ki, MTK digər sakinləri köçürərək həmin sakinlərlə bağlamış olduğu müqaviləyə əsasən onlara 18-24 ay müddətində mənzillərini təhvil verəcəyi öhdəliyini götürmüşdür. İddiaçı MTK-nın düşdüyü vəziyyətdən istifadə edərək əvvəlcə 31 avqust 2017-ci il tarixində MTK-nı müqavilə bağlamağa məcbur edərək mülkiyyətində olan ünvan 4 ünvanındakı 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilinin əvəzinə, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın B girişində 3- cü mərtəbəsində yerləşən 3 otaqlı 127.1 kv.m olan təmirli mənzili və Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın F girişində 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 44.7 kv.m olan təmirli mənzili almışdır. Bu müqaviləyə əsasən müqavilənin 1.4-cü bəndinə əsasən kirayə haqqının ödənilməyəcəyi göstərilmişdir. 06 mart 2018-ci il tarixində İddiaçı yeni iddialara düşmüş və MTK-nı yeni müqavilə bağlamağa məcbur edərək mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzili və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin ona verilməsinə nail olmuşdur. Yenə də bu müqaviləyə əsasən müqavilənin 1.4-cü bəndinə görə kirayə haqqının ödənilməyəcəyi göstərilmişdir. 07 avqust 2018-ci il tarixində İddiaçı yenidən tələblər irəli sürmüş və MTKnı yeni müqavilə bağlamağa məcbur etmiş və mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzili və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin ona verilməsi və bu müqaviləyə əsasən 1.4-cü bəndinə görə kirayə haqqı olaraq ona 600 manat kirayə haqqı verilməsinə nail olmuşdur. 05 sentyabr 2018-ci il tarixində isə MTK-nı məcbur edərək 07 avqust 2018-ci il tarixində bağlanmış olan müqavilənin eyni məzmunlusunu notarial qaydada bağlamışdır. Yalnız bundan sonra MTK-nın düşdüyü çətin vəziyyətdən istifadə edən X3 mənzilinin sökülməsinə icazə vermişdir. Hansı ki, MTK digər sakinlərin qarşısında götürmüş olduğu öhdəliyi bu səbəbdən 6 aya qədər gecikdirmək məcburiyyətində qalmışdır. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanındakı 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzil verilmişdir, bu onun mənzilinin əvəzinə MTK tərəfindən ona 90%-ə qədər artıq sahənin verildiyini təsdiq edir. Eyni zamanda, MTK-nın rəhbərliyini əsassız olaraq və davamlı şəkildə təhdid edən qarşılıqlı iddia üzrə cavabdeh müxtəlif instansiyalara ərizə ilə müraciət edərək MTK-nın nümayəndələrini təhqir etməkdən belə çəkinməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və surətinin Fövqaladə Hallar nazirinə ünvanlandığı ərizəsində İddiaçı MTK-nın işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətmişdir. Belə ki, həmin ərazidə o, MTK-nın rəhbərliyini heç bir əsası olmayan və cinayət əməlində ittiham edərək “guya MTK-nın rəhbərliyi sakinləri təhdid edərək əllərinin uzun olduğunu və hətta prezidentə də şikayət etsələr belə mənzillərini sökəcəklərini” bildirmişlər. Ərizədə həmçinin gostərilir ki, guya MTK sakinləri məcbur edərək dava-dalaşla evlərindən çıxarmışdır. Ərizədə göstərilənlərdən belə görünür ki, sakinlər "xxxx" MTK-dan narazıdırlar və bu onların müxtəlif instansiyalara çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(006)-2049/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 05.09.2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsi ilkin iddia üzrə İddiaçı mülkiyyətinə verilməklə maddi ziyana görə 1000 (bir min) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Nəsimi rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə görə MTK sakinlərə onların malik olduqlan sahədan 15%-dən az olmamaqla sahə verilməsi öhdəliyini götürmüşdür. Lakin, hamıya məlum olan hal kimi «Pilot» layihələrin icrası ilə bağlı sakinlərə onların malik olduqları sahədan maksimum 30% artıq sahə verilir. İddiaçı isə ona malik olduğu 3 otaqdan İbarət 69,78 kv.m sahə üçün Nəsimi rayonu, Abbas Səhhət küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbədə yerləşən 3 otaqll 133,1 kv.m tamirli mənzil artıq verilmişdir. Göründüyü kimi, bu İlkin Mammadov Vaqİf Okbor oğlunun malik olduğu sahədan faiz nisbatİ İla 90% artıq sahə verilmişdir. Digər sahənin yəni, əlavə olaraq 62,60 kv.m-dan ibarət 2 otaqlı mənzilin tələb edilməsi isə məhz MTK-nın müqaviləni bu hissədə məcbur etmə qarşısında bağlandığını təsdiq edir. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(006)-2049/2021 saylı qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(006)-2049/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər, 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə yönəldiyi üçün birinci instansiya məhkəməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə İddiaçı arasında 31 avqust 2017, 06 mart 2018, 07 avqust 2018 və 05 sentyabr 2018-ci illərdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Gözəl ünvan 5 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalardaİddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 69.78 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 133.1 kv.m olan təmirli mənzilin və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən kirayə pulu V.X11 və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 133.1 kv.m olan mənzil təmir edilib köçənədək veriləcəkdir. Hal-hazırda mübahisəli ünvanda cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası başa çatdırılmışdır. İddiaçı 05.09.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsinin ona verilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Qeyd olunanları və Mülki Məcəllənin 385.1, 442, 445.1-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbləri əsaslıdır. Belə ki, cavabdeh yazılı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməyərək onu pozmuşdur. Ona görə də, iddiaçı öhdəliyin cavabdeh tərəfindən icra olunmasını tələb etməkdə haqlıdır. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsində 05 sentyabr 2018ci il tarixli müqavilənin Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin verilməsi hissəsinə münasibətdə etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfı əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfın iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. "xxxx" Mənzil Tikinti Kooperativi aldatma ilə bağlanmış əqdlərə aid Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrində göstərilən halların təsdiqi barədə hər hansı sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə "xxxx" MTK qarşılıqlı iddia ərizəsində İddiaçı "xxxx" MTK-nın işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 manatın tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Lakin hazırki işdə cavabdehin işgüzar nüfuzuna vurulmuş zərər müəyyən edilmir. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativi onun işgüzar nüfüzuna zərər vurulması ilə bağlı sübutetmə yükünü həyata keçirə bilməmişdir. Gözəl Bakı” Mənzil Tikinti Kooperativi iddiaçının müxtəlif qurumlarla ərizələrlə müraciət etdiyini və ərizələrində MTK-nin işgüzar nüfüzuna xələl gətirəcək məlumatlar yazdığının bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ərizələrdə yazılanlar MTK-nin işgüzar nüfüza xələl yetirməmişdir. Belə ki, iddiaçının qeyd olunan ərizələrinda o, pozulmuş hüquqlarının müdafiəsi bağlı müvafiq qurumlara müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2049/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar