Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-863/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız sayılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X3 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X8 arasında bağlanmış AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinə əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan Abşeron rayonunun Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini 7678,53 (yeddi min altı yüz yetmiş səkkiz manat əlli üç qəpik) qiymətinə Cavabdeh2 satmışdır.
2. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı qeyd olunan məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.
3. 11 yanvar 2022-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh2 alqı-satqı üzrə 7678,53 manat məbləğində pul vəsaitini notarius İlham Hüseynovun AZ46MUGA**********00002AZM07 hesab nömrəsinə ödəmişdir.
4. Alqı-satqı müqaviləsi bağlanan anda Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü olmuşdur.
5. Həmin məbləğdən 7198,53 manatı "xxxx" ASC-yə köçürmə yolu ilə ödənmiş, qalıq 480 manatı isə vergi xərcləri kimi tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu 26 saylı Notariat Ofisində qeydə alınmış AN-İ № ******* saylı 4Ə-22 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən 26 saylı notariat ofisində, DƏDRX tərəfindən MA ******* saylı, **********79 reyestr nömrəli ona məxsus olan Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi və üzərindəki tikili - bağ evi, həm polis, həm də qarşı tərəfdən edilən təzyiqlər səbəbindən AN-İ № ******* saylı 4Ə-22 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında heç bir əsas olmadan, qanunsuz şəkildə Cavabdeh2 qaynı Rüstəmov Qəhrəman adlı şəxsin və onunla dostluq münasibətində olan 26 saylı notariat ofisinin notariusunun köməyi və təşkilatçılığı ilə onunla heç bir əlaqəsi və mübahisəsi olmayan Cavabdeh2 adına rəsmiləşdirilərək mənimsənilmişdir. Eyni zamanda Rüstəmov Qəhrəmanın təhdidləri nəticəsində bağlanmış əsassız və qanunsuz alqı-satqı müqaviləsi ilə yanaşı, həm korrupsiya idarəsində və polis idarəsində Rüstəmov Qəhrəmanın şikayətləri araşdırılmış və sübutunu tapmadığı üçün əsassız hesab edilmişdir. O, ilk öncə notariusa ümumi etibarnamə məqsədilə çağırıldığını düşünsə də, orada olanda artıq alqısatqı müqaviləsi hazırlandığının şahidi olmuşdur. Müqavilə düzgün şəkildə tərtib olunmamışdır və torpağın yerləşdiyi əraziyə görə real bazar dəyərinin on beş qat yuxarı olmasına baxmayaraq, qiyməti məcburi ədalətsiz şəkildə 7678,53 manata (yeddi min altı yüz yetmiş səkkiz manat əlli üç qəpik) satmağa məcbur edilmişdir. Eyni zamanda alqısatqı müqaviləsinin tələblərinə məhəl qoyulmamış, hətta, qanunla o, alqı-satqıdan sonra banka gedib pulu müəyyən depozit hesabdan əldə etməli olsa da, banka getməmiş və o, bu günə qədər heç bir pul məbləği heç kimdən almamışdır. Cavabdeh2 həmin müqavilənin ləğv olunmasına razı olduğunu dəfələrlə ona etiraf etməsinə baxmayaraq, qaynı Rüstəmov Qəhrəmanın ona etdiyi təzyiq və təsir altında qaldığını və bu səbəbdən də notariusa gedib müqaviləni pozmağa cürətinin olmadığını ona bildirmişdir. O, dəfələrlə həmin notariusun yanına gedərək, onun dostu Rüstəmov Qəhrəmanla çoxlu sayda belə saxta müqavilələr yazdığını, onların müqavilə barədə imzadan öncə onun yanına neçə dəfə girərək, izah etmək istədiyini, Rüstəmov şikayətini geri götürməzsə, müqavilə etibarsız sayıla bilər məsələsini demək istədikdə belə, onu eşitmək istəmədiyinin şahidi olmuş və qarşı tərəf yeznə-qayın və notarius birləşərək hiylə ilə onun mülkünə dair müqaviləni imzalatdırmışlar. Odur ki, bu müqavilə ləğv olunmalıdır.
8. Cavabdeh 26 saylı Notariat ofisinin xüsusi notariusu X6 iddia ərizəsinə etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə ona qarşı cavabdeh qismində irəli sürülən tələb əsassızdır, həmin iddianı qəbul etmir. Qanunvericiliyin tələbinə əsasən müqavilə iki tərəf arasında bağlanmış azad iradə ifadəsidir, belə olan təqdirdə müqavilə predmetinin satış qiymətinin müəyyən edilməsi yalnız satıcı və alıcının iradə ifadəsindən asılıdır. Notariat ofisi, notarius və ya hər hansı digər şəxslər müqavilə predmetini müəyyən etmir, hətta hər hansı bir formada təsir göstərmək imkanı belə yoxdur. xx.xx.2022-ci il tarixli 4Ə-22 reyestr nömrəli müqavilənin 4-cü bəndinə əsasən əmlakın satış qiyməti 7678,53 manat müəyyən edilib və iddiaçı buna razılığını bildirərək, müqaviləyə imza atıb. Həmçinin, tərəflər xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin satış qiymətinin 7678,53 manat müəyyən edilməsinə dair razılığa gəldikləri barədə ərizə imzalayıblar. “Elektron notariat” informasiya sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində əldə edilmiş “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən, İddiaçı məxsus torpaq sahəsi "xxxx" ASC xx.xx.2021-ci il tarixli 103842-732274/2 nömrəli kredit müqaviləsinə əsasən ipoteka yüklülüyü qeydə alınmışdır. İpoteka saxlayan tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 0.08 hektardan ibarət torpaq sahəsi bank tərəfindən ipoteka ilə yüklü edilmişdir, hal-hazırda kredit öhdəliyinin həcmi 7198 manat təşkil edir, əmlakın alqı-satqısından sonra əldə ediləcək vəsait öhdəliyin icrasına (bankın qeyd etdiyi hesaba) yönəldikdən sonra əmlakın özgəninkiləşdirilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli 8İ- 251 reyestr nömrəli ərizəyə əsasən iddiaçı satışdan əldə edilən vəsaitdən 7198,53 manatın "xxxx" ASC Elmlər filialına, qalan 480 manatın isə vergi puluna ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli 4Ə-22 reyestr nömrəli müqavilənin 5-ci bəndində bu hesablaşma qaydası öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, iddiaçının vəsaitini əldə edilməməsinə dair gətirdiyi dəlil əsassızdır. X2 və yaxud onun təsiri və ya hər hansı formada təzyiqi nəticəsində bağlanmasına dair hər hansı bir sübut yoxdur. İddiaçı yalnız şifahi olaraq öz mülahizəsinə əsaslanaraq iddia ərizəsində qeyd etmişdir ki, onunla Rüstəmov Qəhrəman dostluq münasibətlərindədir və bunun nəticəsində ona zor tətbiq etməklə müqavilə imzalanmışdır. Bu hal həqiqəti əks etdirmir, belə ki, bu müqavilənin bağlanmasında onun və ya notariat ofisinin hər hansı maddi və ya qeyri-maddi nemət əldə etməsi mümkün deyil. Müqavilə tam azad formada satıcı və alıcı arasında şərtlər müəyyən edilməklə imzalanıb. Onun tərəfindən həm alıcıya, həm də satıcıya müqavilənin hüquqi nəticələri detallı formada izah edilmişdir. Hesab edir ki, iddia tələbi əsassız olması ilə yanaşı, iddiaçının gətirdiyi bu dəlil ümumiyyətlə ağlabatan deyil. Satıcı ilə onun hər hansı bir münasibəti olmamış, satıcıya hər hansı formada təsir göstərmək imkanı belə yoxdur. Birinci dəfə elə müqavilə üçün notariat ofisinə müraciət edərkən onu tanımışdır. İddia tələbinə əsasən cavabdeh qismində cəlb edilməsinə baxmayaraq, ona qarşı yönələn tələbin nədən ibarət olması məlum deyil. Hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydasında ilk növbədə tələbini notariat ofisinə ünvanlamalı idi, bu qaydaya riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır.
9. Cavabdeh2 da iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Əmlak "xxxx" ASC-də ipoteka ilə yüklü edildiyindən əmlak satılarkən mütləq ipoteka saxlayanın razılığı olmalıdır. Əgər iddiaçının əmlakını satmaq niyyəti olmasa idi, nə üçün banka müraciət edərək daşınmaz əmlakını satmaq üçün razılıq almaq istəmişdir? (10 yanvar 2022-ci il, 103/103/0009/2022 nömrəli məktubda bu barədə qeyd vardır). İkincisi, iddiaçı təkid edir ki, ona edilən təzyiqlər nəticəsində alqı-satqı müqaviləsi bağlanmış, başqa sözlə o, buna məcbur edilmişdir. İddiaçının bu dəlili nə inandırıcıdır, nə də ki ağlabatandır. Belə ki, iddiaçı notariusa tək deyil, öz həyat yoldaşı Ramin Həsənovla gəlmiş, 11 yanvar 2022-ci il tarixdə, saat 16:16-da iddiaçının əri notariusda ərizəyə imza çəkməklə bildirmişdir ki, o, torpaq sahəsinin satılmasına etiraz etmir və gələcəkdə bununla bağlı hər hansı iddiası olmayacaqdır. Bundan sonra isə həmin tarixdə saat 16:36-da alqı-satqı müqaviləsi bağlanmışdır. Belə olan halda, notariat ofisində kameraların müşahidəsində, habelə iddiaçının ərinin yanında iddiaçıya hansı yolla təzyiq edilə bilərdi? Həyat yoldaşı buna müdaxilə etməzdimi? Çünki işin əsli belədir ki, qabaqcadan öz aralarında razılaşma olmuş, iddiaçı bu səbəbdən torpağın çıxarışı ilə, bankın razılığını almış şəkildə notariat ofisinə yaxınlaşmış və alqı-satqı edilmişdir. Əgər hər hansı təzyiq edilmişdirsə, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilər. Üçüncüsü iddiaçı təkid edir ki, o, notariat ofisinə ümumi etibarnamə vermək üçün gəlmişdir. Lakin bununla bağlı ətraflı məlumat vermir ki, o, kimə hansı məqsədlə etibarnamə verəcəkdi? Bu dəlil isə ümumiyyətlə ağlabatan deyil. Çünki iddiaçı yetkin insandır, o, öz hüquqlarını və vəzifələrini bilir. Bundan əlavə, notariat ofisində alqı-satqı müqaviləsi bağlanarkən müqavilə tərəflərinə, yəni ona və iddiaçıya müqavilədən irəli gələn hüquq və vəzifələri izah edilmiş, nəticələri barədə xəbərdar edilmişlər. Göründüyü kimi, müqavilə bağlanarkən qanunun tələblərinə riayət edilmişdir. Müqavilə 11 yanvar 2022-ci il tarixdə bağlanmış, lakin iddiaçı iddianı bir neçə aydan sonra qaldırmışdır. Əgər həqiqətən də iddiaçıya təzyiq edilmişdirsə, o, bununla bağlı dərhal hüquq mühafizə orqanlarına müraciət edərdi və dərhal da müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırardı. Aydındır ki, iddiaçı müqavilə bağladıqdan sonra fikrini dəyişmiş, əsassız dəlillərlə belə bir iddia qaldırmışdır.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Hətəmzadə) iddia rədd edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmiş, iddiaçı qeyd etdiyi hallarla əlaqədar məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə iş materialları ilə müəyyən edilir ki, İddiaçı müraciəti əsasında ipoteka saxlayan "xxxx" ASC ipoteka predmeti olan hazırkı mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq vermiş və eyni zamanda İddiaçı notarial qaydada tərtib edilmiş Notariat ofisinə 11 yanvar 2022-ci il tarixdə **********251№-li ərizə ilə müraciət edərək, ona məxsus olan və Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən 0.08 hektardan ibarət torpaq sahəsinin (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********79) satılması ilə bağlı ödənilən 7678,53 manatdan 7198,53 manatını "xxxx" ASCnin Elmlər filialına, qalan 480 manatını isə vergi pulu tutulmasına etiraz etmədiyini və gələcəkdə bununla bağlı bir şikayəti, tələbi olmayacağını bildirmişdir. Bütün bunlar isə, həmin müqavilənin məhz iddiaçının iradə bəyanına müvafiq olaraq bağlandığını göstərməklə, onun müqavilənin notariusun və Rüstəmov Qəhrəman adlı şəxsin təsiri altında bağlandığına dair irəli sürdüyü arqumentlərin də əsassız olduğu mənasına gəlir.
12. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5, 337.1 və 339-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki mübahisələndirilən alqısatqı müqaviləsi üzrə iddiaçının mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və üzərində tikili bağ evinin cavabdehin mülkiyyətinə verib-verməməsini, sonuncunun həmin torpaq sahəsini və bağ evini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş 7678,53 manat pul məbləğini (qiyməti) bilavasitə iddiaçıya ödəyib-ödəməməsini və ümumiyyətlə, həmin alqı-satqı müqaviləsinin tərəflərin iradə ifadələrinin həqiqi mənasını əks etdiribetdirməməsini araşdırmadan bu zaman müvafiq halları, o cümlədən tərəflər arasında alqısatqı müqaviləsinin bağlanmasınadək olan danışıqları, iddiaçının əri X11 və X1 arasındakı danışıqları, cavabdehin Qəhrəman Rüstəmovun yeznəsi olmaqla istintaq orqanına verilmiş yazılı ərizə, izahatları, o cümlədən tərəflərin sonrakı hərəkətlərini nəzərə almadan və yalnız alqı-satqı müqaviləsindəki söz ifadələrin hərfi mənasına əsaslanaraq alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığı qənaətinə gəlmişdir. Alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üstüstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə, məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh 26 saylı Notariat ofisinin xüsusi notariusu X6 apellyasiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Cavabdeh 26 saylı Notariat ofisinin xüsusi notariusu X4 apellyasiya şikayətinə etirazı onun iddia ərizəsinə etirazının dəlillərinə uyğun əsaslandırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
18. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
19. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
26. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
27. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
28. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
32. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
39. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
41. Belə ki, əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
42. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) eyni vaxtda mövcud olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələri doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
43. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli, X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
44. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
45. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin bağlanmasınadək tərəflər arasında olan danışıqları, iddiaçının əri X11 və X1 arasındakı danışıqları, cavabdehin Qəhrəman Rüstəmovun yeznəsi olmasını, sonuncunun istintaq orqanına verdiyi ərizə və izahatları, habelə tərəflərin müqavilə bağlandıqdan sonrakı hərəkətlərini nəzərə almadan və yalnız alqı-satqı müqaviləsindəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığı qənaətinə gəlmişdir.
47. Belə ki, iddiaçının bildirdiyinə görə, sözügedən alqı-satqı müqaviləsi cavabdehin qohumu Qəhrəman Rüstəmovun iddiaçının əri Ramin Həsənov barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməsi ilə bağlı Raminin vasitəsilə Bəxtiyar adlı şəxsə verilmiş pul məbləğinin geri qaytarılmasının təminatı kimi bağlanmışdır.
48. İş materialları ilə müəyyən edilir ki, həqiqətən də, cavabdehin qaynı Qəhrəman Rüstəmov xx.xx.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib dostu Ramin Həsənovun (iddiaçının əri) ondan 150.000 manat, habelə Elza adlı baxıcı qadının ona cadu edildiyi adı ilə hissə-hissə 27.500 manat pul aldığını bildirərərk onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sözügedən şikayət əsasında araşdırma aparılmış, hər iki tərəfin izahatı alınmışdır.
49. İşdə olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iddiaçının əri X5 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, Qəhrəmanın xahişi əsasında ona və 3 nəfər tanışının işinə köməklik etmək məqsədilə Bəxtiyar adlı şəxslə əlaqə yaratmış, Qəhrəmanın ona verdiyi 160.000 manat pulu Bəxtiyara vermiş, sonuncu isə işi həll edəcəyinə onları arxayın etmişdir. Qəhrəman işdə irəliləyiş olmadığını görüb verdiyi pulu tələb etməyə başlamış, həmin puldan hissə-hissə qaytarılmış, qalıq 104.000 manat isə qaytarılmadığından Bəxtiyarın barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyi Qəhrəmana təklif etmiş, lakin o razılaşmamış, bir müddət sonra isə Qəhrəman özü ondan hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Araşdırma dövründə Bəxtiyar əlavə 40.000 manat da qaytarmış, Qəhrəman isə pulun tam qaytarılmayacağı təqdirdə, barəsində verdiyi şikayəti geri götürməyəcəyini bildirmiş, onu tutduracağı ilə hədələmişdir. O da məcbur qalıb Qobu qəsəbəsində yerləşən hər tərəfdən mişar daşı ilə əhatə olunmuş 8 sot bağ sahəsini Qəhrəmanın bacısının əri Müşfiq Həsənovun adına rəsmiləşdirmişdir. Belə razılaşmışlar ki, o, bağ sahəsini Qəhrəmanın qohumu Müşfiqin adına rəsmiləşdirsə də, sonradan həmin bağ sahəsini özü baha qiymətə satıb Qəhrəmana qalan 64.000 manat pulu ödəyəcək. Bundan sonra əlavə olaraq 1.000 manat pulu da Qəhrəmana ödəyib. X10 adına olan bağ sahəsini satıb Qəhrəmana 63.000 manat pulu ödəmək fikrində deyil. Belə ki, həmin pulu Bəxtiyar ödəməlidir.
50. Sözügedən araşdırma çərçivəsində Qəhrəman Rüstəmov izahat verərək, ona və tanışlarının işinə köməklik göstərməsi üçün ilkin olaraq dostu Raminə 190.000 manat pul verdiyini, lakin iş alınmadığından pulu Ramindən geri tələb etdiyini, pulun bir hissəsini qaytarsa da, böyük hissəsinin Ramində qaldığını bildirmişdir.
51. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən Qəhrəman Rüstəmov ifadəsində bildirmişdir ki, iddiaçının əri Raminlə işgüzar münasibətləri olub, cavabdeh Müşfiq onun bacısının əridir. Raminlə onun arasında pul mübahisəsi olsa da, onun bu işə hər hansı aidiyyatı yoxdur. Alqı-satqı müqaviləsi bağlanan ərəfədə onun Raminlə bağlı BMCMİ-də heç bir şikayəti olmayıb. 7.000 manatdan çox məbləği özü ödəyib, çünki torpaq sahəsi Bankın girovunda olmuş, cavabdeh isə torpağı almaq istəmişdir. Alıcı və satıcı tərəfləri o tanış etməmiş, özləri bir-birini tanımışlar.
52. X7 həm polisdə araşdırma zamanı verdiyi izahatdan, həm də məhkəmə iclasında verdiyi ifadəsindən bu qənaətə gəlmək olur ki, iddiaçı və cavabdehin yaxın qohumları arasında uzun müddət davam edən dostluq münasibətləri olmuşdur. Belə ki, cavabdehin qayını olan Qəhrəman Rüstəmov polisə yazmış olduğu şikayət ərizəsində iddiaçının əri Ramin Həsənovu dostu kimi göstərmiş, yaxın tanışlarının problemi ilə bağlı dostu Raminin yanında danışdığını, onun da pul müqabilində həmin şəxslərə kömək edə biləcəyini və bu məqsədlə ona pul verdiyini bildirmişdir.
53. Beləliklə, işin materialları və tərəflərin məhkəmədə verdikləri izahatlar əsasında müəyyən olunur ki, hazırkı iddia ilə mübahisələndirilən xx.xx.2022-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanan zaman iddiaçının əri Ramin Həsənov ilə cavabdehin qayını Qəhrəman Rüstəmovun arasında artıq uzun müddət davam edən pul mübahisəsi olmuş, müqavilə bağlanılan zaman alıcının qaynının şikayəti əsasında satıcının ərinin barəsində istintaq orqanında araşdırmalar aparılmışdır.
54. Həmçinin müəyyən edilir ki, torpaq sahəsi real dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır.
55. Belə ki, iş materiallarından, fotoşəkillərdən, iddiaçının izahatından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi bar verən çoxsaylı meyvə ağacları və dekorativ ağaclardan və yaşayış üçün tikilidən ibarət olmaqla, hər tərəfdən çişar daşı ilə əhatə olunmuş 8 sot sahəyə malikdir.
56. İddiaçının təşəbbüsü ilə "xxxx" qiymətləndirmə və konsaltinq xidməti MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TS 05-080-22 saylı hesabatdan görünür ki, torpaq sahəsinin dəyəri 72.514 manat təşkil edir.
57. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə səs yazısı təqdim edilmişdir. Həmin səs yazısında iddiaçının əri Ramin Həsənovla cavabdeh Müşfiq Həsənovun arasında baş tutmuş telefon danışı əks olunmuşdur. Bu səs yazısından da müəyyən edilir ki, cavabdeh Müşfiq Həsənov iddiaçıya məxsus torpaq sahəsinin alqı-satqısının əslində Qəhrəman Rüstəmovun təşəbbüsü əsasında, iddiaçının əri Ramin Həsənovun ona olan borcu ilə bağlı polisə etdiyi şikayəti geri qötürməsi üçün bağlandığını etiraf edir.
58. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
59. Beləliklə, tərəflərin yaxın qohumları arasında pul mübahisəsinin baş verdiyi, bununla bağlı araşdırma aparıldığı, alqı-satqı müqaviləsinin bağlandığı tarixlərin xronoloji ardıcıllığı və sistemliliyi, hadisələrin bir-birilə bağlılığı onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi cavabdehin qohumu Qəhrəman Rüstəmovun iddiaçının əri Ramin Həsənov barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməsi ilə bağlı Raminin vasitəsilə Bəxtiyar adlı şəxsə verilmiş pul məbləğin geri qaytarılmasının təminatı kimi bağlanmışdır.
60. Qeyd edilənlər əsasında Kollegiya bu qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi faktiki olaraq, başqa əqdi pərdələmək məqsədilə bağlandığından yalan əqddir və əhəmiyyətsizdir. Ona görə də etibarsız hesab olunmalıdır.
61. Mülki qanunvericiliyin tələblərinə görə, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 7678,53 manat pul iddiaçıdan alınaraq cavabdehə ödənilməli, qətnamə bu hissədə eyni vaxtda icra olunmalıdır.
62. Belə ki, “Məhkəmə qətnaməsi haqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10-cu maddəsinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir.
63. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin yalnız mübahisələndirilən alqı-satqı müqaviləsinin formal tələblərə əməl edilməklə bağlanmasına, iddiaçının ərinin torpaq sahəsinin satılmasına razılıq ifadə edən yazılı ərizə verməsinə, bu alqı-satqı ilə bağlı gələcəkdə şikayəti və tələbi olmayacağını bildirməsinə istinad edərək, müqavilənin iddiaçının iradə bəyanına müvafiq olaraq bağlandığı qənaətinə gəlməsi işin hallarına uyğun olmamışdır.
64. Belə ki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması, bu zaman ailə üzvlərinin razılığının alınması və onun notariat qaydasında təsdiqlənməsi ümumiyyətlə mübahisə predmeti olmamışdır. İddia tələbi həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olmuş, lakin bu hala qiymət verərkən birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını düzgün müəyyən etməmiş, nəticədə əqdin məcburetmə nəticəsində bağlanıb-bağlanmaması məsələsinə düzgün hüquqi qiymət verilməmişdir.
65. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
66. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 26 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Hazırkı müqavilə üzrə Cavabdeh2 tərəfindən İddiaçı ödənilmiş 7678,53 manat pul iddiaçıdan alınaraq cavabdehə qaytarılsın. Müqavilənin etibarsız hesab edilməsi və 7678,53 manat pulun cavabdehə qaytarılması hissəsində qətnamə eyni vaxtda icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 101 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisi və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.