Məhkəmə qərarları › İş №2(103)-8639/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8639/2021

18.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8639/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(006)-352/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə Cavabdeh1 ilə aralarında bağlanmış 28 dekabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, evin alqı-satqısından ödənilməmiş qalan 14.000 manat puldan qaytarılmamış qalan 11.100 manat pul, 2 il 4 ay qanunsuz istifadəyə görə illik 5% olmaqla 1.295 manat, hüquqi yardıma görə ödənilmiş 150 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 500 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 13.075 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması və ünvan 2ndan onun xeyrinə maddi zərər kimi 500 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İ qrup əlildir. Şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda olan fərdi yaşayış evini 28.12.2017-ci il tarixdə ünvan 2nda Cavabdeh1 alğı-satqı qaydasında satmışdır. Qarşılıqlı razılığa görə cavabdeh satdığı evin pulunun 14.000 manat qalıq hissəsini hər ay ödəmək şərti ilə hissə-hissə ödəməyi razılaşmışlar. Notarius tərəflərin istəyi ilə nisyə alğı-satqı müqaviləsi tərtib etmək əvəzinə evin pulunun bir hissəsinin ona ödənilməsini tərəflərin arasında formal bağlanmış borc müqaviləsi ilə rəsmiləşdirmişdir. Əslində o, cavabdehə borc pul verməmişdir. Borc müqaviləsində göstərilən məbləğ evin alğı-satqısından ödənilməmiş qalan hissəsidir. Cavabdeh Bakı şəhəri, 43 saylı notariat kontorunun notarusu isə yol verdiyi qanun pozuntusu nəticəsində ona vurulmuş zərərə görə maddi məsuliyyət daşıyır. Əgər notarius tərəflərin arzu etdiyi əqdi təsdiq etmiş olsa idi, cavabdehin evin pulunu ödəməməsi əsası ilə alğı-satqını mübahisələndirmək hüququ yaranardı. Notariusun səhvi nəticəsində cavabdeh R.Nəsirovanın arxasınca sürünməli olmuşdur. Dəfələrlə taksi ilə onun yanına getmişdir, mobil telefonla danışmışdır. Bu günə nəqliyyat xərci və telefon xərci kimi 500 manat xərci çıxmışdır. Hazırda mübahisələndirdiyi əqdin məzmunu qüsurlu olduğundan, həm də iradə ifadəsi düzgün formalaşmadığından etibarsız hesab edilməlidir. Hesab edir ki, cavabdeh onun pulunu qaytarmaqla yanaşı pulunu qanunsuz saxladığı üçün əlavə faizlər də ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(006)-352/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 11.100 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi və məhkəmə iclas protokolları təhrif edilmiş, yalan və əsl olmayan məlumatlar daxil edilmişdir. Evi 20000 manata aldığını qeyd etsə də, guya evi 34000 manata aldığını deməsi göstərilmişdir. İddiaçıya iki alqı-satqı üzrə cəmi 40000 manat ödədiyini bildirsə də, təhrif edilmiş şəkildə göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh1 qeyd etdi ki, evin qiymətini təmirsiz halda 20000 manata, təmirli halda isə 24000 manata razılaşmışlar. 28.12.2017-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən o, evin dəyərini, yəni 20000 manatı satıcı olan iddiaçıya ödəmiş, eyni zamanda həmin puldan 10000 manat iddiaçıdan borc almış, rəsmiləşdirilən borc müqaviləsi də həmin borca görə olmuş, bununla yanaşı 4000 manat da təmirə görə nəzərdə tutulduğundan, borc məbləği 14000 manat qeyd olunmuş, borc münasibətlərinin alqı-satqıya heç bir aidiyyəti olmamışdır. Lakin alqı-satqı zamanı digər birgə mülkiyyətçilərin razılığı alınmadığı üçün o, evi adına rəsmiləşdirə bilməmiş, buna görə də onlar ərizə verərək 28.12.2017-ci il tarixli alqı-satqı müqaviləsini ləğv etmiş və 19.04.2018-ci ildə yeni müqavilə bağlamışlır. Həmin vaxt o, iddiaçıya borclu olduğu 10000 manatı depozitə qoymaqla iddiaçıya qaytarmış, eyni zamanda iddiaçı evdə heç bir təmir işi aparmadığı üçün 4000 manatı da iddiaçıya ödəməmişdir. Bununla da borcunu bağlamış olmuşdur, yəni onun iddiaçıya borcu qalmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili şikayətin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı qeyd etdi ki, evin dəyərini 24000 manata razılaşmışlar, 28.12.2017-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən cavabdeh 10000 manat ödəmiş, qalan 14000 manata görə isə borc müqaviləsi bağlanmışlar. Lakin sonradan digər birgə mülkiyyətçilərin razılığı alınmadığı üçün alqı-satqı müqaviləsini ləğv etdirib, 19.04.2018-ci ildə təkrar alqı-satqı müqaviləsi bağlamışlar və həmin vaxt hər hansı ödəniş olmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddia qismən təmin edilmiş olsa da, qətnaməni iddiaçı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 28 dekabr 2017-ci il tarixdə ünvan 2nda AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan fərdi yaşayış evini 20.000 manata Cavabdeh1 satmışdır. Həmçinin tərəflər arasında eyni tarixdə ünvan 2nda bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı 28.08.2021-ci il tarixədək hər ay 300 manat olmaqla hissə-hissə geri qaytarmaq şərti ilə Cavabdeh1 14.000 manat borc vermişdir. İş materiallarında olan borc müqaviləsinə əlavə edilmiş borcun ödənilməsi cədvəlindən göründüyü kimi, Cavabdeh1 İddiaçı aldığı 14.000 manat borcdan müxtəlif tarixlərdə, sonuncu dəfə 28.09.2018-ci il tarixdə 300 manat olmaqla, cəmi 2.900 manat ödəniş etmiş, iddiaçıya 11.100 manat borcu qalmışdır. ünvan 2 tərəfindən təqdim edilmiş notariat işindən görünür ki, tərəflər 31.03.2018-ci il tarixdə müraciət edərək, aralarında bağlanılmış 28.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişlər və daha sonra 19.04.2018-ci il tarixdə eyni yaşayış evi barəsində təkrar alqı-satqı müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən iddiaçı özünə məxsus olan fərdi yaşayış evini 20.000 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 apelyasiya baxışı zamanı bildirmişdir ki, iddiaçı ilə alqı-saqtı müqaviləsindən əlavə kredit müqaviləsi bağlamışlar, belə ki, o, iddiaçıdan 10000 manat borc pul almış, 4000 manat isə evin təmiri üçün ödəməli olduğunu nəzərə alaraq, müqavilədə borc məbləği 14000 manat göstərilmiş, lakin iddiaçı evi təmir etdirmədiyindən 4000 manata dair onun öhdəliyi də aradan qalxmış, 10000 manatı borcunu isə ikinci dəfə alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçıya vermişdir. Ona görə də hazırda iddiaçıya hər hansı borcu yoxdur. Kollegiya qeyd edir ki, cavabdehin qeyd etdikləri əsassızdır. Göründüyü kimi tərəflər arasında 14000 manat borcun verilməsi barədə kredit müqaviləsi bağlanmışdır və cavabdehin özünün də dediyi kimi, həmin borc münasibətlərinin alqı-satqı əqdinə aidiyyəti olmamışdır. Kollegiya hesab edir ki, hər iki əqddən irəli gələn öhdəliklər müstəqil xarakterli olmaqla fərqli məsuliyyət nəzərdə tutduğundan, eləcə də borc müqaviləsinin hər hansı səbəbdən etibarsız əqd olması nəticəsinə gəlmək üçün əsaslar müəyyən olunmadığından, alqı-satqı müqavilələri üzrə aparılmış ödənişlər borcdan irəli gələn öhdəliklərin icrasına təsir etmir. Borcun ödənilməsi cədvəlindən isə görünür ki, Cavabdeh1 iddiaçıdan aldığı 14.000 manat borcdan müxtəlif tarixlərdə, sonuncu dəfə 28.09.2018-ci il tarixdə 300 manat olmaqla, cəmi 2.900 manat ödəniş etmiş, iddiaçıya 11.100 manat borcu qalmışdır. Tərəflər arasında borc münasibətləri mövcud olduğundan iddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və Cavabdeh1 öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Cavabdeh R.Nəsibov isə qalan borcun ödənilməsini sübut edə bilməmişdir, 4000 manatın evin təmiri üçün nəzərdə tutulduğunu qeyd etsə də, iş materiallarından iddiaçının belə bir öhdəlik götürməsi müəyyən edilməmişdir, beləliklə, müqavilə üzrə ödənilməmiş qalan 11.100 manatın iddiaçıya ödənilməsini sübut etməsi yükü cavabdehin üzərində olduğu halda, bunu sübuta yetirə bilməmiş və hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-352/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar