Məhkəmə qərarları › İş №2(103)-8644/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8644/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8644/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4146/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış YZ-03/18 №-li, 22 yanvar 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi, ünvan 1 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin təhvil verilməsi və həmin sahəyə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4146/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində, eləcə də iddiaçının nümayəndəsinin məhkəmədəki izahatında YZ-03/18 saylı, 22 yanvar 2018-ci il tarixli müqavilənin əvvəlcədən mübahisəli olduğu aydın göstərildiyi halda, məhkəmə bu halı araşdırmamış, ümumiyyətlə buna diqqət yetirməmişdir. Müqavilədə göstərilir ki, iddiaçı özünə məxsus Süleyman Rəhimov küçəsi, 205 ünvanda yerləşən 58,9 kv.metr qeyri-yaşayış sahəsini təhvil verir və bunun qarşılığında həmin ərazidə tikiləcək binanın inşası başa çatdıqdan sonra şirkət ona 120 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürür. İddiaçının təqdim etdiyi 58,9 kv.metr sahənin əvəzində ona 2 dəfə çox 120 kv.metr sahə verilməsinin səbəbi məhkəmədə aydınlaşdırılmamışdır. Halbuki bunun səbəbi vardır. Belə ki, 22 yanvar 2018-ci il tarixli müqavilə bağlanarkən iddiaçı, Süleyman Rəhimov küçəsi, 205 ünvanda ona məxsus 58,9 kv.metr sahəyə bitişik yerləşən 61,1 kv.metrlik ərazinin də faktiki olaraq ona məxsus olduğunu, lakin hələ rəsmiləşdirilmədiyini, bu işlə məşğul olduğunu və tezliklə həmin sahəni də özəlləşdirib sənədi onlara təqdim edəcəyini bildirdiyi üçün ona inanıb belə bir müqavilə tərtib etmişdi. Lakin sonradan dəfələrlə müraciət etməyinə baxmayaraq iddiaçı vəd etdiyi sənədləri təqdim etmədi. Sonda vətəndaş X5 ünvan 2 ünvanda 48,2 kv.metr qeyri-yaşayış sahəsinin ona məxsus olduğuna dair rəsmi çıxarış təqdim edərək onlarla müqavilə bağlamışdır. Odur ki, məsələnin qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədilə 18.04.2018, 27.01.2020-ci il tarixlərdə iddiaçıya məktublar yazaraq ofisə dəvət etsə də, razılığa gələ bilmədiyi üçün 06 aprel 2020-ci il tarixdə yenidən məktub yazaraq kompromis variant kimi S.Rəhimov küçəsi, 205 ünvanda yerləşən 120 kv.m. qeyri-yaşayış sahəsindən X3 məxsus 48,2 kv.metr və iddiaçıya məxsus 58,9 kv.metr sahə çıxıldıqdan sonra qalan 12,9 kv.metr sahə əlavə olunmaqla, onlara təhvil verdiyi 58,9 kv.metr sahənin əvəzində ona 71,8 kv.m qeyri- yaşayış sahəsi təklif etmişdir. Bu, normal təklifdir. Belə ki, bir şirkət olaraq vətəndaşların təhvil verdikləri qeyri-yaşayış sahəsinin əvəzində təhvil aldığı həmin sahənin əvəzində imkan daxilində 10-20 kv.metr artıq ölçüdə qeyriyaşayış sahəsi verir. Bunun təsdiqi kimi nümunə olaraq şirkətlə vətəndaşlar arasında həmin dövrdə bağlanmış 6 ədəd müqaviləni bu apellyasiya şikayətinə əlavə edir. Həmin müqavilələrdən göründüyü kimi heç kimə təhvil verdiyi sahənin 2 qatı qədər sahə verilməmişdir. Beləliklə, yaranmış konflikti razılıq yolu ilə aradan qaldırmaq üçün təşəbbüs göstərdiyinə baxmayaraq, iddiaçı işin mahiyyətini bildiyi halda, onun yalan vədi əsasında tərtib olunmuş müqaviləni əsas gətirərək, müqavilədə müəyyən olunmuş müddəti gözləmədən onlara qarşı iddia qaldırmışdır. Halbuki mübahisələndirilən müqavilənin 1.1-ci bəndinin tələbinə görə iddiaçının təhvil verdiyi shənin əvəzində veriləcək qeyri-yaşayış sahəsi sökülən obyektin yerində inşa ediləcək binanın inşası başa çatdıqdan sonra təqdim edilməlidir. Hal-hazırda həmin binanın inşası başa çatmamışdır. İddia ərizəsində göstərilir ki, guya 30.11.2019-cu il tarixli, ********* nömrəli çıxarışla X3 məxsus olan S.Rəhimov küçəsi 205 ünvanda yerləşən 42,2 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olub həmin ünvanda yerləşən 58,8 kv.metr qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Halbuki dövlətə məxsus olub sonradan X5 tərəfindən özəlləşdirilmiş həmin ərazi məhz müqavilədə göstərilən 120 kv.m. sahənin tərkib hissəsidir və iddiaçı məhz həmin ərazinin də faktiki ona məxsus olduğunu və tezliklə özəlləşdirib sənədləri təqdim edəcəyini bildirsə də bunu etmədiyi üçün başqası tərəfindən özəlləşdirilmişdir. Bütün bunları bildiyi halda iddiaçı bunu nəzərə almaq əvəzinə onun yalan vədi əsasında tərtib olunmuş müqavilənin icra olunmasını tələb edir. İddiaçı özü təqdim etdiyi 58,9 kv.metr əvəzinə ona bundan iki qat artıq qeyri-yaşayış sahəsi verildiyinin səbəbi barədə susmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, işə baxılmasının yeri və vaxtı barədə onlara məlumat verilməyib, bununla da prosessual pozuntu olub. Qətnamədən sonradan xəbərləri olub. Çünki MTK hüquqi ünvanında yox, faktiki olaraq başqa ünvanda yerləşir. Necə olur ki, aldıqlarından iki dəfə artıq sahəni qarşı tərəfə verirlər? Bu proseslər qarşı tərəfin onları aldatması nəticəsində yaranıb. Odur ki, apellyasiya şikayətini müdafiə edir və məhkəmədən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, başqa sahə ilə bağlı hansısa razılaşmaları olmayıb. 58.9 kv.metr sahənin əvəzinə 120 kv.m verilməsi müqavilədə də göstərilib. Bundan başqa, cavabdehin onlara göndərdiyi müqaviləni dəyişəcəkləri barədə məktubdan sonra məhkəməyə müraciət ediblər. İlk addım onların tərəfindən atılmayıb. Əgər aldatma olmuşdursa, onda niyə qarşı tərəf hazırda da onlara kirayə haqqı ödəyir? Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə tam sübuta yetirilir. ünvan 3 ünvanı X2 xüsusi mülkiyyətidir. Ona görə də Cavabdeh ilə İddiaçı arasında bağlanmış YZ-03/18 №-li, 22 yanvar 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklər yerinə yetirilməsi, ünvan 1 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış sahəsinin (zirzəminin) yerində, 120 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi təhvil verilməsi, həmin sahəyə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasının təmin edilməsini tələb etməkdə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh MTK-nın apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətininin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, cavabdeh 22 yanvar 2018-ci il tarixli müqavilənin əvvəlcədən mübahisəli olduğunu göstərsə də mübahisəliliyin nədən ibarət olmasını dəqiq göstərmir. Özünün də qeyd etdiyi kimi müqavilənin 1.1-ci bəndində aydın göstərilir ki, tikinti şirkəti olan cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanda yerləşən 58,9 kv.metr qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb həmin ərazidə tikiləcək binanın inşası başa çatdıqdan sonra ona sökülmüş qeyri yaşayış sahəsinin yerində(zirzəminin)yerində 120 kv.metr qeyri-yaşayış sahəsi(yarımzirzəmini) verməyi öhdəsinə götürür. 58,9 kv.metr sahənin əvəzində 120 kv.metr sahə verilməsinin səbəbinin məhkəmədə aydınlaşdırılmasına da zərurət olmamışdır. Çünki, tərəflər fiziki və hüquqi şəxs olaraq mülki hüquq münasibətlərinin subyektləridir və öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar(MM.m.5.1 və 5.3). İkincisi, cavabdeh mülki hüquq münasibətinin subyekti kimi iddiaçıdan daha güclü, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məşğul olduğu işi iddiaçıdan daha yaxşı blən, əksər hallarda bu cür müqavilələrinin məzmununu və şərtini diktə edən tərəfdir. İddiaçının mübahisəli ünvandakı 61.1 kv.metrilk ərazinin də ona məxsus olduğunu bəyan etməsinə inanması həqiqi olsa belə, bunu özünün də yoxlamasına hansısa maneə yox idi. Başqa sözlə şikayətdə göstərdikləri hallar və danışıqlar olmuşdursa həmin razılaşmaları müqavilənin şərtlərinə daxil edə bilərdilər. Bunu cavabdehə qadağan edən olmamışdır, həm də ona görə ki, hazırki şikayətində bunu məhz iddiaçının şifahi göstərdiklərini bəyan edir. Yəni, cavabdeh doğrudanda 61,1 kv. metrilk ərazini də nəzərə alıb iddiaçıya 120 kv. metr qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürmüşdürsə, bunun müqavilə şərti kimi göstərilməsinə heç bir maneə olmamışdır. Yalnız, cavabdeh tərəfin izahatına əsasən iddianın rədd edilməsi isə şübhəsiz ki, əsaslı ola bilməzdi. Ona görə də mübahisəli ünvanda X5 adlı şəxslə sonuncunun mülkiyyətində olan 48,2 kv.metr qeyri-yaşayış sahəsinə görə müqavilə bağlaması da iddiaının rədd edilməsi üçün əsas ola bilməz. Eyni ərazidə başqa şəxslərlə fərqli şərtlərlə müqavilələrin bağlanması da iddianın əsasız olmasına dəlalət etmir. Üçüncüsü, tərəflər mülki hüquq münasibətlərinin azad və sərbəst subyekti kimi öz aralarında məhkəmədən kənar, qanunvericilikdə nəzrədə tutulan, habelə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilə və digər əqdlər bağlaya bilərlər. Bunu onlara hansısa şəxs qadağan edə bilməz. Hazırki işdə də öhdəliyin əmələ gəlməsi üçün əsas tərəflər arasında bağlanmış müqavilə olmuşdur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi(vaxtında icra edilməməsi,mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür(MM.m.442.) İşdən görünür ki, məhz cavabdeh yuxarıda qeyd olunan səbəblərə görə iddiaçıya müqavilədə dəyişiklik edilməsi barədə ilk dəfə 18.04.2018-ci ildə, sonradan 27 yanvar 2020-ci ildə təklif göndərmiş, iddiaçı da bu təkliflə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Müqavilənin 2.2.1ci bəndinə əsasən cavabdeh yeni tikilicək binanın bünövrəsi(təməli) qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq, müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə məhkəməyə 06.08.2020-ci ildə müraciət etmişdir. Binanın inşası başa çatmasa belə, artıq cavabdeh tərəf müqavilə üzrə öhdəliyini lazımınca, yəni öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edəcəyini hələ müqavilə bağlandıqdan bir neçə ay sonra iddiaçıya təklif göndərməklə bildirmişdir. Dördüncüsü, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, cavabdeh müqavilə ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülərək əvəzində eyni ərazidə 120 kv.m qeyri-yaşayış sahəsi verəcəyini öhdəsinə götürsə də öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək istəmir. Səbəb kimi iddiaçının ona yalan vəd verməsi ilə izah edir. Bu isə yolverilməzdir. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhədliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, hazırki iddianın mahiyyəti baxımından da Mülki Məcəllə ilə və tərəflər arasında olan müqavilə ilə ayrı qaydanın müəyyənləşdirilməmişdir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulmuş şərtlərlə ona verilməsini tələb edə bilər. Ona görə də cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Beşincisi, cavabdehin işə baxılması yeri və vaxtı barədə xəbərdar edilməməsi barədə dəlillər də əsaslı ola bilməz. Çünki, məhkəmə tərəfindən cavabdehin hüquqi ünvanına məhkəmə bildirişləri göndərilmiş, lakin geri qaytarılmış və işə əlavə edilmişdir(bax.i.v.27;36). Cavabdeh hüquqi ünvanında yerləşmədiyindən ona göndərilmiş məhkəmə bildirişlərini almaması hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Çünki, MTK öz hüquqi ünvanında yerləşmirsə, faktiki yerləşdiyi ünvanı hüquqi ünvanı kimi qeydə aldıra bilərdi. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən qətnamənin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirilən hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4146/2020 saylı, 20 oktyabr 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar