Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-865/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: (lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4974/2024 saylı işi üzrə 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ( iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06060 saylı saylı X7 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə (lizinq obyekti geri alındığı tarixə) 2273,37 manat əsas, 2715,93 manat (mükafat) faiz, cəmi 4989,28 manat borcun, 4725,00 manat lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat məbləği və dövlət rüsumu olaraq ödədiyi 116.64 manat, cəmi 9880,64 manat məbləği onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təşkilatları arasında xx.xx.2022-ci il tarixli İF/06060 saylı 36 ay müddətli X7 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Ford Mondeo” minik markalı **-AJ-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdehə xəbərdarlıqlar edilsə də on iki aydan çoxdur ki, borc öhdəliklərini yerinə yetirmir. 20 yanvar 2023-cü il tarixindən başlayaraq 20 aprel 2024-cü il tarixinə qədər hər ay 389.33 manat olmaqla 6229.28 manat ödəniş etməli olduğu halda cəmi 1240.00 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 4989.28 manat (6229.28 AZN - 1240.00 AZN). Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 4725 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən xidmət haqqı 50 manat təşkil edir.
2. Cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə ərizələrlə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, avtomobili 1 il əvvəl qüsursuz vəziyyətdə iddiaçıya təhvil vermişdir. Bu barədə heç bir vaxt akt tərtib edilməmiş, həmin vaxt və keçən ay müddət ərzində ona qüsurla bağlı heç bir müraciət olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərlə bağlı bildirir ki, şəkildəki avtomobil onun avtomobili ilə eyni modeldə olsa da onun avtomobili deyil. O, avtomobili qüsursuz halda təhvil vermişdir və təhvil verdiyi vaxtdan indiyə kimi 1 ildən çox müddət ərzində ona qüsurlu olması ilə bağlı heç bir müraciət edilməmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4974/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06060 saylı X7i müqaviləsi üzrə 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 58 manatının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 747.1, 748-1.12, 748-10.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli İF/06060 saylı X7i müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı lizinq obyekti olan “Ford Mondeo” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 36 ay müddətinə 5515,96 manat mükafat hesablanmaqla lizinqə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən onun iddiaçıya 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, xx.xx.2024-cü il tarixə (iddiaçının lizinq obyektinin geri qaytarılması bildirdiyi vaxta) yaranmış 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borcunu iddiaçıya ödəməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu nəzərə almışdır ki, cavabdeh lizinq obyektini iddiaçıya 1 il əvvəl təhvil verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh etirazlarının əsası kimi istinad etdiyi həmin halları sübuta yetirməlidir. Bundan əlavə, iddiaçı lizinq obyektinin təhvil alınması zamanı onun mühərrikinin və digər detallarının olmadığını iddia edərək cavabdehdən 4725 manat məbləğində dəymiş zərərin tutulmasını istəmiş, həmin hissədə iddasını sübuta yetirmək məqsədilə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və xx.xx.2024-cü il tarixli qüsur aktı təqdim etmişdir. İddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla həmin aktlar cavabdehin iştirakı ilə tərtib edilməmişdir. Digər tərəfdən həmin aktları imzalayanların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə həmin aktı mötəbər sübut kimi qiymətləndirmir və qeyd edir ki, lizinq obyektinə məhz cavabdehin təqsiri ucbatından zərərin vurulması iş materialları ilə təsdiq olunmur. Lizinq obyektinin hazırda qüsurlu (nasaz) olmasının qəbul olunması belə, fərqli qənaətə gəlməyə əsas vermir. Belə ki, nəqliyyat vasitəsinin mühərrikinin qüsurlu olması heç şübhəsiz əsaslı təmir halına aiddir. Mülki Məcəlləyə görə, lizinq münasibətlərində lizinq obyektinin əsaslı təmirini qayda olaraq lizinq verən həyata keçirtməlidir. Belə ki, həmin məcəllənin 748-1.7-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Tərəflər arasındakı lizinq müqaviləsində qeyd edilən ana qaydadan fərqli qaydanın nəzərdə tutulması müəyyən olunmur. Bu isə o deməkdir ki, lizinq alanın qəsdi müəyyən olunmadığı müddətcə (hazırkı işdə də bu hal müəyyən edilmir) mühərrikdəki qüsur hər bir halda lizinq verən tərəfindən aradan qaldırılmalıdır. Odur ki, bu əsasla cavabdehdən zərərin tələb edilməsi istisna edilir. Göstərilənlər eyni zamanda iddia tələbinin avtomobilin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat məbləğin tutulması hissəsinin də rədd edilməsini şərtləndirir və məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq bu mövqeyini prosessual qənaət prinsipinə də uyğun sayır. 4.İşin icraatı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki : - xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Mondeo” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir;- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən), X3 (satıcı) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06060 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı, lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı lizinq verənə satır. Alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Nəqliyyat vasitəsinin təsviri markamodel “Ford Mondeo”, tip Sedan, mühərrik GL32512, WF04XXGBB46L32516, buraxılış ili 2006, mühərrikin həcmi 2000 sm3, rəngi qırmızı;- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06060 saylı X7i müqaviləsinə, həmçinin müqaviləyə 1 və 2 saylı əlavələrə (ödəniş cədvəli və akt) əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri aşağıdakılardır: marka-model “Ford Mondeo”, tip Sedan, mühərrik GL32512, WF04XXGBB46L32516, buraxılış ili 2006, mühərrikin həcmi 2000 sm3, rəngi qırmızı. Lizinq obyekti 36 ay müddətinə lizinqə verilir. Lizinq müqaviləsi üzrə mükafat məbləği illik 36 faiz dərəcəsi ilə hesablanır. Lizinq obyektinin qiyməti 11000 manat, avans məbləğ 2500 manat, lizinq məbləği 8500 manat. Bu müqavilə ilə tərəflər üzərinə götürdüklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Lizinq haqqı vaxtında ödənilməzsə o halda lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. Cərimə zərərin miqdarından asılı olmayaraq tam həcmdə hesablanır. Ödəniş cədvəlinə əsasən lizinq alan xx.xx.2023-cü il tarixdən başalayaraq 36 ay müddətində hər ay 389.33 manat məbləğində ödəniş edilməlidir. Həmin tarixdə təhvil-təslim aktına əsasən lizinq obyekti istismara tam yararlı halda lizinq alana təhvil verilmişdir;- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubuna əsasən cavabdehə daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il il tarixli müqavilə üzrə 9498,68 manat borcun 3 gün ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir;- xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixli İF/06060 saylı X7i müqaviləsində göstərilən lizinq obyekti təhvil verildi. Lizinq obyekti Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən avtomobil servisindən üstündə motoru və digər detalları olmadığı halda ustadan geri aldılar. Avtomobil geri alınarkən ustadan akta imza atmağı və ya qeyd qoymağı xahiş etsə də, o bundan imtina etmişdir. Aktı lizinq verən və ya başqa şəxs qismində Osmanlı Məhəmməd, iştirak edən qismində isə digər şəxs (adı oxunaqlı deyil) tərəfindən imzalanmışdır;- Müstəqil ekspert Bayramlı Fərid tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Ford Mondeo” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4725 manat təşkil edir (ehtiyat hissələrinə görə - 3325 manat, işçiliyə görə 1400 manat);- Müstəqil ekspert Bayramlı Fərid tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, “Ford Mondeo” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real dəyəri 6000 manat məbləğində təşkil etmişdir. Tərəfindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 1.275 manat məbləğində müəyyən edilmişdir;- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06060 saylı X7i müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 2273,37 manat, faiz (mükafat) borcu 2715,93 manat olmaqla cəmi 4989,30 manat təşkil edir;- xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddianın qaldırılması üçün 117 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir;- xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 2273,37 manat əsas, 2715,93 manat mükafat borcu olmaqla cəmi 4989,3 manat borcu vardır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4974/2024 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbi təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 385.2, 386; Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 1-ci instansiya məhkəməsi iddianı qismən təmin etməklə, belə qənaətə gəldi ki, iddiaçı lizinq obyektinin təhvil alınması zamanı onun mühərrikinin və digər detallarının olmadığını iddia edərək cavabdehdən 4725 manat məbləğində dəymiş zərərin tutulmasını istəmiş, həmin hissədə iddasını sübuta yetirmək məqsədilə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və xx.xx.2024-cü il tarixli qüsur aktı təqdim etmişdir. İddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla həmin aktlar cavabdehin iştirakı ilə tərtib edilməmişdir. Digər tərəfdən həmin aktları imzalayanların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Lizinq obyektinin hazırda qüsurlu (nasaz) olmasının qəbul olunması belə, fərqli qənaətə gəlməyə əsas vermir. Belə ki, nəqliyyat vasitəsinin mühərrikinin qüsurlu olması heç şübhəsiz əsaslı təmir halına aiddir. Mülki Məcəlləyə görə, lizinq münasibətlərində lizinq obyektinin əsaslı təmirini qayda olaraq lizinq verən həyata keçirtməlidir. Belə ki, həmin məcəllənin 748-1.7-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Tərəflər arasındakı lizinq müqaviləsində qeyd edilən ana qaydadan fərqli qaydanın nəzərdə tutulması müəyyən olunmur. Bu isə o deməkdir ki, lizinq alanın qəsdi müəyyən olunmadığı müddətcə (hazırkı işdə də bu hal müəyyən edilmir) mühərrikdəki qüsur hər bir halda lizinq verən tərəfindən aradan qaldırılmalıdır. İlk olaraq təqdim olunan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı imzalayan şəxslər X2 və X5 şirkətin əməkdaşlarıdır. xx.xx.2024-cü il tarixli qüsur aktını imzalayan isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının reyestrinə daxil olmuş 47 nömrəli xx.xx.2019-cu il tarixində qeydiyyta alınmış müstəqil ekspertdir. Digər tərəfdən cavabdeh lizinq obyekti olan Ford Mondeo minik markalı 77AJ836 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə qəbul edərkən, heç bir şikayətinin olmadığını avtomobilin texniki göstəriciləri və keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəldiyini qəbul edir. Özünün dediyinə görə 6 (altı) aydan artıq istifadə etdikdən sonra avtomobilin matorunda nasazlıq yaranmışdır və tərəflərindən geri alınmışdır. Qətnamədə qeyd olunduğu kimi avtomobilin mühərriki qüsürlü olmamışdır. Uzun müddət istifadə olunmasına baxmayaraq qulluq görmədiyi üçün bu vəziyyətə düşmüşdür. Məhkəmə cavabdehin müqavilə üzrə ödənilməyən lizinq ödənişlərinin ümumi məbləğini qeyd edərkən, lizinq obyektinə dəymiş zərəri və bu zərər nəticəsində iddiaçı olaraq əldən çıxmış gəlirləri nəzərə almamışdır. Cavabdehin lizinq obyektini saz vəziyyətdə saxlamaq və müqavilənin şərtləri pozulacağı təqdirdə təşkilata qaytarmaq öhdəliyi vardır. Məhkəmə qərarqəbul edərkən bu məqamı nəzərə almamışdır. Məhkəmə cavabdehin ümumi borcu,həmçinin lizinqobyekti geri alındıqdan sonra ona vurulmuş zərəri və lizinq obyektinin qiymətini nəzərə almaması, məhkəmənin iş materilların digər sübutlarına baxmayaraq bu qənaətə gəlməsi MPM-nin müvafiq madəsinin pozuntusu hesab edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, avtomobilin lizinq alana tam təmirli vəziyyətdə təhvil verildiyini, lizinq alanın özünün də birinci instansiya məhkəməsində verdiyi izahat zamanı bunu təsdiq etdiyini, lakin lizinq alan tərəfindən müqavilə şərtlərinin lazımı qaydada yerinə yetirilmədiyini, ödənişlərin vaxtıvaxtında ödənilmədiyindən lizinq alana xəbərdarlıq edildiyini, xəbərdarlıqdan sonra da lizinq alan tərəfindən ödənişlərin edilmədiyini, avotmobilin lizinq alanın özü tərəfindən onlara təqdim edilmədiyini, lizinq alanın avtomobilin ustada təmirdə olduğunu bildirdiyini, iddiaçının işçiləri tərəfindən gedib təmirdə olarkən avtomobilin geri alındığını və birinci instansiya məhkəməsi qətnaməsindən həmin təhvil –təslim aktına qol çəkən şəxslərin səlahiyyətli olmadığını əsas gətirsə də, qol çəkən şəxslərin şirkətin əməkdaşları olduğunu və onların əmək müqavilələrinin də apellyasiya şikayətinə əlavə edildiyini,həmçinin cavabdeh birinci instansiya məhkəməsində avtomobili daha əvvəl iddiaçıya təqdim etməsi ilə bağlı iddialar səsləndirsə də, bununla bağlı mötəbər sübutlar təqdim edə bilmədiyini,həmçinin cavabdehin maşın saz vəziyyətdə olduğu təqdirdə onu üçüncü bir şəxsə satıb iddiaçıya olan borcunu ödəyə biləcəyəni, lakin bunu etmədiyini, çünki cavabdehə maşının saz olmadığının məlum olduğunu və onu iddiaçıya təhvil verərək məsuliyyətdən boyun qaçırdığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. 8.Apellyasiya baxışının yeri və vaxtı barədə rəsmi qeydiyyatda olduğu ünvana xəbərdar olunmuş cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəmələrə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçının ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238 və 376-cı maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.748-1.6. Lizinq obyektinə təminatlı xidmət, əgər bu, alğı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir. 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.10. Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir. 748-1.11. Əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;748- 1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;748- 1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-2.4. Lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.2. Satıcının müflisləşməsi ilə bağlı riskin məsuliyyətini, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, satıcını seçən tərəf daşıyır. 748-7.3. Lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır. 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.3. Əgər lizinq alan və lizinq verən arasında lizinq ödənişləri ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-10.5. Lizinq müqaviləsində lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə başlanıldığı vaxtından 6 ay (180 gün) keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 749.2. Tərəflər razılığa gələ bilərlər ki, lizinq alan lizinq verənə qarşı pretenziyalar irəli sürməzdən əvvəl tələbin əmlakı göndərən tərəfindən yerinə yetirilməsini tələb etməlidir. 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür.238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır.238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.239. Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur.241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.244.Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı;245.1.2. ərizə verən şəxsin adı;245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar;245.1.4. ərizə verən şəxsin xahişi;245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı.245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir.245.3. Ərizədən dövlət rüsumu alınmır. 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir.248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.251. Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. 252. Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz.253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər:253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə;253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.
12. Qiyabi icraat qaydasında işə baxan məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq MPM-nin 76, 77, 80-82, 106.2, 220.5, 238-253; MM-in 385, 748- 750-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni (qiyabi) qətnamə qəbul edilməlidir. İddia təmin edilməlidir. Belə ki,birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktını və qüsur aktını mötbər sübut kimi saymamış və bu mövqeyinin əsası olaraq həmin aktların cavabdehin iştirakı olmadan tərtib edildiyini və aktlarda imza çəkən şəxslərin səlahiyyətlərinin müəyyən edilmədiyini qeyd etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdə həmin aktlara imza çəkən şəxslərin səlahiyyətli olmasını müəyyən etmək olar. Digər tərəfdən cavabdehin, yəni lizinq alanın iddia etdiyi kimi avtomobil onun tərəfindən tam saz vəziyyətdə təhvil verilmiş olsa idi, elə onun özü tərəfindən avtomobil üçüncü şəxsə satıla, həmin satışdan əldə edilmiş məbləğ iddiaçıya ödənilə bilərdi və bununla da cavabdehin iddiaçıya borcu qalmazdı, lakin lizinq alan bunu etmək yerinə sanki məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə özü avtomobili təqdim etmədən sadəcə olduğu yeri iddiaçıya bildirmiş və iddiaçı tərəfindən avtomobil təhvil alındıqdan sonra ona qarşı hər hansı bir tələb irəli sürə bilməyəcəyini düşünmüşdür. 13.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qiyabi icraat qaydasında, qət etdi: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4974/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni - qiyabi qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06060 saylı saylı X7 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə (lizinq obyekti geri alındığı tarixə) 2273,37 manat əsas, 2715,93 manat (mükafat) faiz, cəmi 4989,28 manat borcun, 4725,00 manat lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat məbləği və dövlət rüsumu olaraq ödədiyi 116.64 manat, cəmi 9880,64 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər və ya işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.