Məhkəmə qərarları › İş №2(103)-8675/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8675/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8675/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı1 və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(009)-1475/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinin satılmasına dair "xxxx" MMC tərəfindən tərtib olunmuş 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 18.07.2017-ci il tarixli 2(021)-2982/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutulmanın yönəldilməsi və evdən çıxarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə görə İddiaçı1 12989,93 manat əsas borc, 582,25 manat faiz borcu, 10 manat dəbbə pulu olmaqla, cəmi 13582,43 manat kredit borcu, ipotekaya tutulma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmədə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin ödənilməsi, tutmanın İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsi və İddiaçı2 mülkiyyətində olan həmin mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində mənzildə yaşayanlar – İddiaçı2 və İddiaçı3 istifadə hüququna xitam verilməklə, həmin evdən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra icra sənədi Cavabdeh3nə göndərilmişdir. Cavabdeh3 19.02.2020-ci il tarixli 156 saylı sifariş məktubu əsasında İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi ev 26, ümumi sahəsi 60,33 kv.m., yaşayış sahəsi 37,85 kv.m. olan 3 otaqlı 58 saylı mənzil 58 "xxxx" MMC tərəfindən 19 fevral 2020-ci il tarixdə 20000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərracın nəticələri haqqında yekun protokoluna əsasən həmin mənzil 12750 manata "xxxx" KB ASC-yə satılmışdır. İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi 26 saylı evin 58 saylı mənzilinin 12750 manata "xxxx" KB ASC-yə satılmasına dair "xxxx" MMC tərəfindən 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərrac nəticələri haqqında yekun protokolu qanunsuz olduğundan etibarsız hesab edilməklə ləğv edilməlidir. Belə ki, İddiaçı2 Kazım qızının mülkiyyətində olan mənzil 15% və 25% satış qiyməti aşağı endirilməklə 12750 manata satılması və qiymətləndirilmənin hansı meyarlar əsasında həyata keçirilməsi onlar üçün müəmmalıdır. Həmçinin cavabdehlər tərəfindən hərracın keçirilməsi barədə onlara hər hansı bir məlumat verilməmişdir. Onlar mənzilin hərracda satılması barədə məlumatı yalnız Mirngəçevir şəhər İcra və Probasiya şöbəsinə dəvət olunandan sonra əldə etmişlər. Cavabdehlər tərəfindən mübahisəli mənzilin satılması barədə vaxtında lazımi qaydada məlumat verilmiş olsa da, iddiaçılar mənzilin real bazar qiymətindən dəfələrlə aşağı qiymətə satılmasına imkan verməzdilər və zəruri tədbirlər görərdilər. Çünki evinin aşağı qiymətə qiymətləndirilməsi və satılması nəticəsində banka olan borclarının ödənilməsindən sonra onlara ümumiyyətlə pul qalmır, əksinə onlar yenidən əlavə olaraq pul ödəməlidirlər. Halbuki, Mingəçevir şəhərinin mərkəzində yerləşən 3 otaqlı 70000-80000 manat dəyərində olan mənzilin dəyərindən 5-7 dəfə aşağı qiymətə onların iştirakları olmadan satılması ədalətsizlikdir və onların hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il 551 nömrəli Fərmanının təsiri altına düşməsinə baxmayaraq, onlarla yenidən müqavilə bağlanmamışdır. Bundan əlavə, hərrac onların məlumatları olmadan sərtləşdirilmiş karantin rejimi şəraitində aparılmış və onların iştirakları sərtləşdirilmiş karantin rejimində mümkün də deyildir. "xxxx" MMC tərəfindən keçirilmiş hərrac formal şəkildə, heç kimə demədən, kağız üzərində və bu iş üzrə cavabdeh "xxxx" ASC-nin xeyrinə olaraq keçirilmiş və bununla da onların hüquqlarını kobud şəkildə pozularaq, onlar ağır maddi duruma salınmaqla keçirilmişdir və ona görə də "xxxx" MMC tərəfindən 24.06.2020-ci il tarixli Y-58/1 nömrəli hərrac nəticələri haqqında yekun protokolu qanunsuz olduğundan etibarsız hesab edilməklə ləğv edilməlidir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birinci tərəflərin razılaşması, ikincisi qiymətləndirmə rəyi əsasında müəyyən olunur. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən, hələ daşınmaz əmlaka tutmanın yönəldilməyəcəyi bəlli olmadığı üçün tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edirlər ki, mübahisə olunan mənzilin dəyəri orta bazar qiymətindən qat-qat aşağı qiymətləndirildiyindən, mənzilin qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğuq olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(009)-1475/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(009)-1475/2021 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan: - İş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 13.02.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı1 12989,93 manat əsas borc, 582,25 manat faiz borcu, 10 manat dəbbə pulu olmaqla cəmi 13582 manat kredit borcunun, ipotekaya tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və məhkəmədə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi; tutmanın İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsi; İddiaçı2 mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlak açıq hərrac satıldıqdan sonra 1 ay müddətində mənzildə yaşayanlar İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarına xitam verməklə həmin evdən çıxarılması qət edilmişdir. - İş üzrə "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 24.06.2020-ci il tarixli Y-58/1 No-li protokolun kserosurətinə əsasən Bərdə Rayon Məhkəməsinin 18.06.2017-ci il tarixli 2(021)-2982/2017 saylı icra vərəqəsinin və Cavabdeh3 19.02.2020ci il tarixli 156 saylı sifariş məktubunun icrasına əsasən İddiaçı2 məxsus Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin ümumi sahəsi 60,33 kv.m., yaşayış sahəsi 37,85 kv.m. olan 3 otaqlı 58 saylı mənzili ilkin satış qiyməti 20000 manata hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə həmin əmlak 12750 manata ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmışdır. - İş üzrə 24.06.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" MMC ilə "xxxx" KB ASC arasında Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi 26 saylı evin 58 saylı mənzilin 12750 manata alqı-satqısı həyata keçirilmişdir. - İş üzrə hərracın keçirilməsi barədə hərrac mərkəzi tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış bildirişlərdən və həmin bildirişlərin çatdırılması barədə poçt xəbərnamələrinin kserosurətlərindən görünür ki, göndərilmiş bildirişlər ünvan üzrə şəxsən çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşin faktiki hallarından da göründüyü kimi Bərdə Rayon Məhkəməsinin 18.06.2017ci il tarixli 2(021)-2982/2017 saylı qətnaməsi ilə İddiaçı1 cəmi 13582 manat kredit borcunun və məhkəmə xərclərinin "xxxx" KB ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı2 qıhının mülkiyyətində olan Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 26 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, həmçinin həmin əmlak açıq hərrac satıldıqdan sonra 1 ay müddətində mənzildə yaşayanlar İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarına xitam verməklə həmin evdən çıxarılması qət edilmişdir. Mənzilin ilkin satış qiyməti 20000 manat müəyyən edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18.06.2017-ci il tarixli 2(021)- 2982/2017 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamənin icrası ilə bağlı, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra şöbəsi tərəfindən "xxxx" MMC-yə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçılara bildirişlər göndərilmişdir. Lakin iddiaçılar həmin bildirişləri alsalar da, keçirilən hərracda iştirak etməmişlər. İlkin hərracda mübahisəli evin alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir. Təkrar hərracda da evin alıcısı olmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən mübahisəli mənzil banka təklif edilmiş və mənzil iddiaçının banka olan borcun əvəzinə bank tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə təsdiq olunmadığından və hərracın nəticəsinə dair yekun protokolun ləğv edilməsinə əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(009)-1475/2021 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar