Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8677/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə X2 Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Vəfadar Kazım oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə dair bacısı X5 ilə arasında 07 iyun 2015-ci il tarixində 6 saylı notariat kontorunda renta müqaviləsi bağlandığını, müqaviləyə əsasən mənzilinin müqabilində bacısının ona baxmaq, yəni onunla maraqlanmaq, gündəlik tələbatlarını təmin etmək, qida, geyim, müalicə və s. kimi zəruri xərclərini ödəmək, həmçinin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30.05.2018-ci il tarixli 3997 saylı alqı-satqı müqaviləsinə görə ödəməli olduğu 8550 manat pul vəsaitini ödəmək öhdəliyini üzərinə götürdüyünü, bacısı öhdəliklərini yerinə yetirmədiyindən Əmlak Məsələləri Dövlət Komitəsinin ona qarşı məhkəmədə iddia qaldırdığını, bundan sonra ünvan 3 ünvanlayaraq 07 iyun 2015-ci il tarixdə bağladığı renta müqaviləsinin ləğv olunmasını xahiş etdiyini, notariat kontorunun verdiyi 07.01.2020-ci il tarixli cavab məktubundan renta müqaviləsi deyil, bacısının əri olan cavabdehlə bağışlama müqaviləsi bağlamış olduğunu öyrəndiyini, bu cavab məktubundan sonra bacısı və onun həyat yoldaşı Cavabdeh1 tərəfindən onlara olan inam və etibarından sui-istifadə edilərək aldadıldığını başa düşdüyünü, bağışlama müqaviləsinin iradəsinin ifadəsi olmadığını, yaşlı və bir çox xəstəliklərdən əziyyət çəkən qoca qadın olmaqla renta müqaviləsi əvəzinə bağışlama müqaviləsinə imza etdirildiyini, bağışlama müqaviləsinin cavabdehin onu qocalığından və xəstəliyindən istifadə edərək aldatması nəticəsində bağlandığını, hazırkı dövrədək həmin mənzildə yaşadığını, bütün kommunal xərcləri ödədiyini, mənzilini heç kəsə bağışlamaq niyyətində olmadığını irəli sürmüş, buna görə də ünvan 4 ünvanında yerləşən 7 saylı mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 07 iyun 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması və tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, cavabdehin iddianı qismən etirafına, mənziliin bağışlanması müqabilində onun mənzili təmir etdirdiyini bildirməsinə, beləliiklə də bağışlamanın faktiki olaraq əvəzli şəkildə reallaşmış olmasının müəyyənləşməsinə əhəmiyyət vermədiyini, tətbiq edilməli olan qanunvericiliyi tətbiq etmədiyini, iddiaçının öz hüququnun pozuntusunu notariat kontorunun cavab məktubundan sonra öyrəndiyini nəzərə almayaraq onun müddəti ötürmüş olmasına dair əsassız qənaətə gəldiyini irəli sürmüşdür. Məhkəmə iclaslarının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndəsi) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, baldızı olan iddiaçının mənzili ona bağışlamasının səbəbi baldızının ona məxsus geniş sahəli və yeni təmirli mənzili gördükdən sonra öz mənzilini də bənzər şəkildə təmir etdirmək istəyi olmuş, belə razılaşmışlar ki, o, baldızının mənzilini təmir etdirəcək, sonuncu isə orada ömrünün sonuna qədər yaşamağa davam etməklə mənzili ona bağışlayacaqdır. İddiaçının mənzilində 2015-ci ildə 73 500 ABŞ dolları məbləğində təmir işləri aparmış, təmiri renta münasibətləri əsasında deyil, evin öz adına keçirilməsi müqabilində etmiş, bu hal iddiaçıya yaxşı məlum olmuşdur. İddiaçıya ömürlük baxmağa dair üzərinə öhdəlik götürməmiş, lakin ona qohumu kimi əlindən gələn köməyi etmiş, hətta 2020-ci ilin əvvəlində Covid-19 infeksiyasına tutularkən müalicəsinə də məhz özü köməklik göstərmişdir. Sonradan baldızı ilə aralarında olan münasibətlər onun ətrafında olan bəzi şəxslərdən xoşu gəlmədiyi üçün korlansa da, hazırkı dövrədək həyat yoldaşı vasitəsilə baldızına hər bir köməklik məhz onun tərəfindən olunur. Özünün digər yerlərdə daha geniş sahəli evləri olduğundan ona bağışlanmış mübahisəli mənzilə köçüb yaşamasına zərurət olmamış, mülkiyyətində olan evdə baldızının yaşamaqda davam etməsinə də etiraz etməmişdir. İddiaçı bacısı ilə renta müqaviləsi bağlamağı razılaşdırmış olsa idi, müqavilə tərəfi kimi də bacısı imza edərdi. Lakin iddiaçı yaxşı bilir ki, notariat kontorunda onunla bərabər müqaviləni özü imzalamışdır və imzaladığı müqavilənin də məzmunu ona notarius tərəfindən təkrarlanaraq izah edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddia ərizəsində üçüncü şəxslər kimi göstərilmiş Bakı şəhəri 6 saylı notariat kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh1 iddiaçının bacısının həyat yoldaşıdır və iddiaçı, 07.06.2015-ci il tarixdə Bakı şəhəri 6 saylı Dövlət notariat kontorunda bağladığı bağışlama müqaviləsi əsasında mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili Cavabdeh1 bağışlamışdır. İşin iddiaçının özünün də bildirdikləri ilə müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, bağışlama müqaviləsi bağlanmamışdan əvvəl tərəflər mübahisəsi gedən mənzilin cavabdeh tərəfindən təmir ediləcəyi və təmirdən sonra iddiaçının orada yaşamağa davam edəcəyi barədə razılığa gəlmiş, razılığa əsasən mənzil cavabdehin hesabına təmir olunmuşdur. İş materiallarından aydın olur ki, sözügedən mənzil həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş, 12.06.2015-ci il tarixdə onun adına müvafiq çıxarış verilmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X7 ifadəsində göstərmişdir ki, X3 uzun müddətdir tanıyır, tez-tez ona baş çəkir. Katiybə Bəhramova yoldaşı öldükdən sonra tək qaldığından bacısı X5 ilə razılığa gəlmişdir ki, bacısı onun gündəlik tələbatlarını, qida, geyim, müalicə və s. kimi zəruri xərclərini çəkəcəyi halda, ölümündən sonra özünə məxsus ev bacısına qalsın, lakin bacısı vəd etdiklərinə əməl etməmiş bir müddət iddiaçıya diqqət göstərsə də, sonralar onun tələbatlarını ödəməkdən imtina etmişdir. Hazırda da Katiybə Bəhramova öz pensiyası ilə öz müalicəsini və qalan xərclərini təmin etməyə çalışır və mənzildə özü tək yaşayır. İddiaçı, bacısının ona baxmaq, yəni onunla maraqlanmaq, gündəlik tələbatlarını təmin etmək, qida, geyim, müalicə və s. kimi zəruri xərclərini ödəmək, həmçinin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30.05.2018-ci il tarixli 3997 saylı alqı-satqı müqaviləsinə görə ödəməli olduğu 8550 manat pul vəsaitini ödəmək öhdəliyini üzərinə götürməsi müqabilində bacısı ilə renta müqaviləsi bağlamaq barədə razılığa gəldiyini, lakin sonradan bacısının əri olan Cavabdeh1 tərəfindən onlara olan inam və etibarından sui-istifadə edilərək aldadılmaqla xəbəri olmadan mənzilə dair bağışlama müqaviləsi bağladığını, bağışlama müqaviləsinin iradəsinin ifadəsi olmadığını, yaşlı və bir çox xəstəliklərdən əziyyət çəkən qoca qadın olmaqla renta müqaviləsi əvəzinə bağışlama müqaviləsinə imza etdirildiyini, bağışlama müqaviləsinin cavabdehin onu qocalığından və xəstəliyindən istifadə edərək aldatması nəticəsində bağlandığını iddia edərək hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə onun iddia tələblərini təmin etmədiyi zaman həm irəli sürdüyü faktiki halların sübuta yetirilməməsinə, həm də iddia üzrə kəsici müddətin ötürülmüş olmasına əsaslanmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya işin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmadığı nəticəsinə gəlmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 347-ci maddəsinə görə isə, şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma sayılır; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının aldadılmış olması iddiası təsdiqini tapmamış, bağladığı müqavilənin iradə ifadəsinə uyğun olmadığı sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İddiaçının, bağışlama müqaviləsinin mənzilin təmir olunması müqabilində bağlandığı və beləliklə də “əvəzli əqd” statusu qazanmaqla bağışlamanın mahiyyətinə zidd münasibətin ortaya çıxdığı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, həmin halın mövcudluğu hazırkı işin halları baxımından müvafiq müqavilənin etibarsızlığına səbəb ola bilməz. Belə ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq, qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi də qeyd etmişdir ki, “...bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır”. Kollegiyanın qənaətinə görə, mübahisələndirilən bağışlama müqaviləsinin mənzilin cavabdeh tərəfindən təmir olunması və iddiaçının orada yaşamağa davam etməsi razılaşması çərçivəsində bağlanması, müqavilənin əvəzsizliyinə zidd olmamış, iddiaçının (hədiyyə verənin) zənginləşməsi ilə nəticələnməmişdir. İddiaçının iddiasını əsaslandırdığı hallardan biri kimi irəli sürdüyü “Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30.05.2018-ci il tarixli 3997 saylı alqı-satqı müqaviləsinə görə ödəməli olduğu 8550 manat pul vəsaitini ödəmək öhdəliyini üzərinə götürən bacısının öhdəliklərini yerinə yetirməməsi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsinin ona qarşı məhkəmədə iddia qaldırdığı” halı isə ümumiyyətlə müəyyən olunmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəfi olduğu bağışlama müqaviləsinə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi iddiaçının azadlığı olmuş və “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatmadan, yaxud vacib əhəmiyyətli yanılmadan bəhs etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi cavabdehin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1135/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının məbləğləri onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8677/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8677/2021
04.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver