Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-868/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (əvvəlki adı X1) qarşı ödənilmiş siğorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4728/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (əvvəlki adı X1) qarşı “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və “Nissan Tida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş ziyana görə İddiaçı ASC tərəfindən ödənilmiş 2818 manat və 49 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" ASC-yə verilməsi barədə iddiası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4728/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
2. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 362, 936.1, 936.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4; İnzibati Xətalar Məcəlləsinin 332; “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-ci maddələrinə; "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndinə istinadən əsaslandırılmış və qeyd edilmişdir ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən "hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi siğorta hadisəsinin baş verməsi riskini artırır. Siğorta hadisəsi baş verdikdə isə siğortaçı siğorta ödənişi verməli olur və son nəticədə siğortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici siğortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Həmin Qanunun 13.4-cü maddəsinə "qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarının mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Göründüyü kimi, bu normanın siğortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, siğorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda "əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsi nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, "sürücü” kimi iştirak edir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilmiş və orada "sürücünün nümayəndəsi” institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən "hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırkı işdə isə "Hyundai Terracan” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən avtomobilin mülkiyyətçisi Cavabdeh1 iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, hər iki cavabdehin yaşayış ünvanı birdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir:- İddiaçı ASC-nin 25 iyun 2018-ci il tarixli, 2249/CML- 2076/2018 nömrəli siğorta aktından məlum olur ki, 17 may 2018-ci il tarixdə baş vermiş toqquşma hadisəsinə görə “Nissan Tiida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 2500 manat məbləğində vəsaitin zərərçəkənin hesabına köçürüldüyü göstərilmişdir;- İddiaçı ASC-nin 04 iyun 2018-ci il tarixli, 2249/CML-2076/2018-1 nömrəli siğorta aktına əsasən 17 may 2018-ci il tarixdə baş vermiş toqquşma hadisəsinə görə “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 318,6 manat məbləğində vəsaitin "xxxx" MMC-nin hesabına köçürüldüyünün göstərildiyi məlum olur;- 06 iyun 2018-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, İddiaçı ASC tərəfindən X3 hesabına 2500 manat məbləğində siğorta ödənişi köçürülmüşdür;- 27 iyun 2018-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 270 manat məbləğində siğorta ödənişi köçürülmüşdür;- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 21 may 2018-ci il tarixli 091-16157 nömrəli arayışın surətindən məlum olur ki, 17 may 2018-ci il tarixdə saat 17:00 radələrində X7 Cavabdeh1 məxsus və X1 tərəfindən idarə olunan “Hyundai” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Sentra” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı və “Nissan Tiida” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə zərər vurulmuşdur;- 18 may 2018-ci il tarixli, TP972695 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən X1 17 may 2018-ci il tarixdə saat 17:00 radələrində “Hyundai Terracan” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyət vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və araməsafəsi qaydalarının pozulmasına görə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri) barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edildiyi müəyyən olunur;- AC seriyalı 664270 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “Hyundai Terracan” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir;- PAZ********** nömrəli icbari siğorta haqqında şəhadətnamə məlumatlarından məlum olur ki, Cavabdeh1 məxsus “Hyundai Terracan” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 aprel 2018-ci il tarixdən 19 aprel 2019-cu il tarixədək siğortalanmışdır (iş səh. 5, 7, 9, 10, 11, 16, 31, 32).
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4728/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və "xxxx" ASC-nin iddiasının tam təmin edilməsini xahiş etmişdir. Şikayətdə “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən siğortalının və ya siğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh2 avtomobilə sahiblik etmək hüququ olmadığına görə (hadisə baş verən anda “Hyundai Terracan” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsinə verilməsinə dair etibarnamə mövcud olmamışdır) yol nəqliyyat hadisəsi törədərək üçüncü şəxslərə vurulmuş maddi ziyana görə cavabdeh İddiaçı ASC qarşısında mülki məsuliyyət daşıyır, üçüncü şəxslərə ziyana görə ödənilmiş 2818 manatı cavabdeh ASC-yə ödənilməlidir. Eyni zamanda “Hyundai Terracan” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 olduğuna görə, avtomobili etibarnamə vermədən (əvvəl verilmiş etibarnamənin müddəti hadisə baş verən vaxtda ötmüşdür) idarə etmək üçün Cavabdeh2 verdiyi, axırıncı da həmin avtomobillə inzibati xəta hesab olunan yolnəqliyyat hadisəsi törədərək üçüncü şəxslərin əmlaklarına (avtomobillərinə) vurulmuş maddi ziyana görə cavabdeh İddiaçı ASC qarşısında Cavabdeh2 ilə birlikdə subsidiar məsuliyyət daşıyır, hər iki cavabdehdən ziyana və məhkəməyə ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə səhvdir. Məhkəmə avtomobili idarə etmək hüququnun olması ilə avtomobilə sahiblik etmək hüququnu eyniləşdirir. Bunun özü isə birbaşa “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə ziddir. Həmin maddədə idarə etmək və istifadə etmək hüquqları ayrı qeyd olunur ki, məhkəmə də bunu nəzərə almamışdır. “İcbari siğortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən siğortalının və ya siğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Cavabdeh2 (əvvəlki adı X1) iştirakı ilə xx.xx.2018-ci il tarixində (xx.xx.2018-ci il tarixli arayışa müvafiq) baş vermiş yol-nəqliyyat və ya cinayət (inzibati hüquqpozma) hadisəsi üzrə araşdırma materiallarının surətlərinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilməsi ilə bağlı Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə sorğu göndərilmiş və təqdim edilmiş materiallardan hadisə baş verən tarixə “Hyundai Terracan” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 (əvvəlki adı X1) istifadəsinə verilməsinə dair etibarnaməsinin mövcud olduğu müəyyən edilmişdir.
6. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 885, 911-913, 922-927, 935; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 216-220, 227, 233, 358-360; “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 13, 15-18, 25-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri (təkzibedilməz sübutlarla təsdiq edilmədiyindən) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun, siğortaçının mülki məsuliyyətin icbari siğortası üzrə verdiyi siğorta ödənişi məbləğində siğortalıya və (və ya) müvafiq hallarda siğorta olunana qarşı subroqasiya hüququnun yaranmasına əsas olan və iddiaçının istinad etdiyi 25.1.3-cü maddəsinə əsasən icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən siğortalının və ya siğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı Cavabdeh2 avtomobilə sahiblik etmək hüququ olmadığını (hadisə baş verən anda “Hyundai Terracan” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsinə verilməsinə dair etibarnamənin mövcud olmamasını) əsaslandırmağa cəhd etmişdir. Lakin edilən sorğular nəticəsində hadisə baş verən anda “Hyundai Terracan” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsinə verilməsinə dair etibarnamənin mövcud olduğu təsdiq edilmişdir.
9. Qeyd edilənlərdən görünür ki, apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidir. Həmçinin izah edilir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğundan, hazırkı iş üzrə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4728/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.