Məhkəmə qərarları › İş №2(103)-868/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-868/2024

23.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-868/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 27 saylı Notariat Ofisi və ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 və nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 27 saylı Notariat Ofisi və ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2023 nömrəli 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 117009 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, 32 saylı mənzil X2 xüsusi mülkiyyəti kimi xx.xx.2002-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir.

2. X2 adından X6 X22 notariusu James Martin adından təsdiq edilməklə verildiyi göstərilmiş və apostil edilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə görə o, Cavabdeh2 Azərbaycan Respublikasında onun adına olan istənilən daşınar və daşınmaz əmlakı onun adından idarə etməyi və onun üzərində sərəncam verməyi və istənilən əməliyyatları həyata keçirməyi 3 il müddətinə (qüvvədə olma tarixi xx.xx.2024-cü il) etibar etmişdir.

3. Maraqlı şəxs 26 avqust 2022-ci il tarixdə bağlanmış 4Ə-606 saylı reyestrlə təsdiq olunmuş, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə yuxarıda qeyd edilən etibarnaməyə əsasən mülkiyyətçi X2 adından çıxış edən Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 47,6 kv.m. olan 32 saylı mənzili Cavabdeh1 95.000 (doxsan beş min) manata satmışdır. Müqavilə bağlanarkən mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh3 notariat qaydada ərizə verərək mənzilin satılmasına razı olduğunu bildirmiş və müqavilədə qeyd olunan müddətdə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mükiyyət hüququ ilə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

5. “Cinayət işi başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçıla qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, 32 saylı mənzilin 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində vəzifə səlahiyyətlərindən sui-istifadə olunmaqla qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə edilərək dələduzluqla ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır.

6. Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2002-ci il tarixli qərarı ilə ********* nömrəsi verilmiş həmin cinayət işinin adı çəkilən şəxsin (müstəntiqin) icraatına qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır.

7. Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2002-ci il tarixli qərarı ilə Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.3.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1457/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh3 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin məhkəmə qərarının icra edildiyi andan hesablanması qərara alınmışdır.

9. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 2020-2022-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

10. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ölkədən çıxmış və xx.xx.2017-ci il tarixdə ölkəyə giriş etmişdir.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü X9, xx.xx.1982-ci il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2901/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmışlar. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı və xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh3 2003-cü il tarixdən halhazıradək qeyd olunan ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X15 Dövlət Notariusu tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin, onun əsasında ona məxsus Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3-də yerləşən 32 saylı mənzilin alqı-satqısına dair Cavabdeh1 ilə xx.xx.2022-ci ildə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 3 saylı evin 32 nömrəli ümumi sahəsi 47.6 kv.m., yaşayış sahəsi 30.94 kv.m. olan iki otaqlı mənzil onun mülkiyyətində olmuşdur. Bu barədə Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 117009 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Hazırda mənzil onun sahiblik və istifadəsində olsa da, bir neçə gün əvvəl ona məlum olmuşdur ki, X4 etibarnamə düzəltdirərək ona məxsus həmin mənzili xx.xx.2022-ci ildə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ seriyalı, ******* saylı müqavilə ilə Cavabdeh1 satmışdır. Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olaraq saxta yollarla onun mənzilini mənimsəməyə cəhd etmişlər. Müqavilənin bağlandığı tarixdən də göründüyü kimi alqı-satqı müqaviləsi 60 gün əvvəl bağlanmışdır. Lakin Cavabdeh1 nə mənzilə baxmış, nə müqaviləni bağladığı tarixdən indiyədək mənzildə yaşamış və mənzili faktiki qəbul etmiş, nə də onun kim olması, mənzildə niyə yaşaması ilə maraqlanmamış və onun mənzildən çıxmasını tələb etməmişdir. Onun 59 yaşı var və heç bir zaman ABŞ-da olmamış, nə də orada və ya hansısa ölkədə Cavabdeh2 etibarnamə verməmişdir. Eyni zamanda həmin saxta etibarnamədə etibarnamənin xx.xx.2021-cü ildə verildiyi və 3 il müddətinə etibarlı olması qeyd edilmişdir ki, hələ 2024-cü il deyil. Həmçinin həmin etibarnamədəki imza və xətt də ona məxsus deyil.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli 4/963 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 8-ci vərəqəsində İddiaçı adından olan X8 X16 Notarisu tərəfindən təsdiq olunduğu qeyd olunmuş xx.xx.2021-ci il tarixli etibarnamənin kserosurətində “İmza” qrafasında əks olunmuş imza, imzanın qarşısında əks olunmuş “Məhəmmədova Gülnara” yazıları – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 oktyabr 2023-cü il tarixli 2(005)-375/2023 nömrəli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilmiş, X6 X21 Notariusu tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat Ofisində bağlanılmış, AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, Cavabdeh1 mübahisəli mənzilə görə ödədiyi pulun geri qaytarılması üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.

16. Məhkəmə göstərmişdir ki, X6 Tennesi Ştatında verildiyi göstərilən xx.xx.2021-ci il tarixli saxta etibarnamə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura bilməzdi və həmin saxta etibarnamənin əhəmiyyətsizliyi onun əsasında bağlanmış 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını da ehtiva edir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Bu səbəbdən iddia təmin edilməli, etibarnamə və alğısatqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməlidir. Cavabdeh1 mübahisələndirilən mənzili satmaq hüququ olmayan şəxslə alğı-satqı müqaviləsi bağlayaraq əhəmiyyətsiz əqd üzrə mənzili əldə etmişdir, yəni mənzilə dair müqavilənin bağlanmasında lazımi subyekt, səlahiyyətli şəxs iştirak etməmişdir. Bu baxımdan həmin əhəmiyyətsiz əqd üzrə səlahiyyətsiz təmsilçidən mənzili alan şəxs barəsində vicdanlı alıcı institutuna dair qaydalar tətbiq edilə bilməz.

17. Məhkəmə həmçinin etibarsız hesab edilən əqd (alğı-satqı müqaviləsi) üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Hazırkı işin hallarından mübahisəli mənzilin saxta etibarnamə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 satıldığı müəyyən edilmişdir. Hazırda İddiaçı tələbi əsasında müqavilənin etibarsızlığı iddiasına baxılır. Bir cavabdehdən pulun alınaraq digər cavabdehə qaytarılması isə Mülki Məcəllənin 337.5-ci maddəsinin məzmununa uyğun gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarla mənzilin satılmasına dair Cavabdeh3lə razılaşdığını, mənzilə dair behi (15000 manata yaxın) ona verdiyini, digər Cavabdeh2 isə Həsənin ona 20000 manat pul verdiyini, mənzilin pulunun qalanını özü götürdüyünü bildirmişdir. Qeyd edilən hallarla bağlı cinayət işinin istintaqı davam edir. Göstərilənlər 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz edir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları, (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının qeyd etdiyi xüsusatlar arasında kifayət qədər ziddiyyətlər vardır. Əgər İddiaçı mülkiyyətində olan mənzilin satılmasına razılığı və ya xəbəri olmamışdırsa, nədən o, mənzilin alqı-satqısı üçün 23 saylı Notariat ofisinə müraciət etmiş, Cavabdeh3la və onunla həmin Notariat ofisində olmuş, lakin digər şəxslərin –mərhum qardaşının və onun həyat yoldaşının həmin mənzildə qeydiyyatda olması səbəbindən alqı-satqı baş tutmamışdır. Əgər iddiaçının mənzilin satışı ilə bağlı məlumatı olmamışdırsa o, nədən özünə məxsus ev əşyalarını Naibə və Cavahir bacılarının iştirakı və rəhbərliyi ilə qablaşdıraraq müvəqqəti saxlanması üçün Cavabdeh2 yaşadığı mənzilə yola salmışdır. İddia ərizəsində mənzilin alıcısı Cavabdeh1 görmədiyini bildirmiş, mənzilə baxanlarla maraqlanmadığını, həmin vaxt namaz qıldığını bildirmişdir. Halbuki, evlə maraqlanan şəxslərə daha rahat baxması üçün şərait yaratmışdır. Bu halı həmin vaxt orda iştirak etmiş dostu Bayramda təsdiq edə bilər. Hətta həmin vaxt Cavabdeh3 oğulluğu Fəxri də orda iştirak edirdi. Bundan başqa, sözügedən mənzilin alqı-satqı müqaviləsnin təsdiq etmiş notarius, qanunun tələbinə görə təqdim edilmiş sənədlərin doğruluğunu yoxlamalı olduğu halda bunu etməmiş və nəticə etibarı ilə qanunsuzluğa yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

23. Cavabdeh1 və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).

26. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

27. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

37. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.

38. Mübahisələndirilən alqı-satqı müqaviləsi əqdin subyekt tərkibinə dair şərtlərə əməl edilmədən bağlanmış, mənzilə dair müqavilənin bağlanmasında lazımi subyekt, yəni səlahiyyətli şəxs iştirak etməmiş və bağlanmış müqavilə iddiaçının iradə ifadəsini əks etdirməmişdir.

39. İddiaçının mülkiyyətində olan mənzil 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılsa da, etibarnamənin verildiyi dövrdə iddiaçının ölkə hüdudları daxilində olduğu müəyyən edilmiş, müvafiq ekspert rəyi ilə də imzanın iddiaçıya aid olmadığı öz təsbitini tapmışdır.

40. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının adından verildiyi bildirilən xx.xx.2021-ci il tarixli etibarnamə etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Ona görə də həmin etibarnamə əsasında bağlanmış müqavilə də etibarsızdır.

41. Eyni zamanda Cavabdeh1 mübahisələndirilən mənzili satmaq hüququ olmayan şəxslə alğı-satqı müqaviləsi bağlayaraq əhəmiyyətsiz əqd üzrə əldə etdiyindən, onun barəsində vicdanlı alıcı institutuna dair qaydaların tətbiq edilə bilməməsi barədə də məhkəmə düzgün nəticəyə gəlmişdir.

42. Cavabdeh1 apellyasiya şikayətində göstərdikləri haqlı iddia tələbinin rədd edilməsinə əsas vermir.

43. Restitusiya ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə ümumən razılaşan Kollegiya hesab edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsi bir cavabdehdən pulun alınaraq digər cavabdehə qaytarılmasını qadağan etməsə də, hazırki işin halları baxımından (cavabdehlər barəsində olan cinayət işi ilə müəyyən olunan hallar nəzərə alınmaqla) bu məsələ müstəqil iddia qaydasında həll olunmalıdır.

44. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar