Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-869/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2602/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, satıcı müqavilə üzrə göstərilmiş X8 M3 məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə dair ödəniş cədvəlinə əsasən alıcı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 555 manat məbləğində ödəniş etməklə, 12-ci ayda isə 549.99 manat məbləğində ödəniş etməklə, cəmi 6654.99 AZN məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür.
3. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 6099.9 manat, 18299 manat cərimənin borcu mövcuddur.
4. İddiaçı MMC tərəfindən göndərilmiş xəbərdarlıq vərəqəsinin surətinə əsasən, Cavabdeh qeyd edilən müqavilələr üzrə cəmi 18299 manat borcunu ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
5. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan “Apple” Macbook Pro M3 təhvil alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, 6099,9 manat əsas, 1829,9 manat cərimə, cəmi 7929,8 manat borcun və 99,29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı Apple markalı komputerə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 555 manat olmaqla cəmi 6654.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1829.90 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 18299.00 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 1829.90 manat "xxxx" MMC-yə ödənilməlidir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2602/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 6099.9 manat əsas, 300 manat məbləğində cərimə borcu üzrə ümumilikdə 6399.9 manat pul vəsaiti, eləcə də 84 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulun dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilələrin 3-cü bəndinə əsasən, gecikdirilən aylıq borc məbləğində cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, cərimə borclarının məbləği əsas borcların məbləğinə mütənasib olmadığından, onların məbləği azaldılmalı və xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 300 manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 462.1, 567, 601, 600.4, 739-cu maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1,107,119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin e-2(002)-2602/2024 saylı, xx.xx.2024-cü il saylı qətnaməsini dəyişərək ödədiyi məbləğlərin əsas borcdan çıxılması, cərimə borcunun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, onunla İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən həmin mağazadan o, 11 ay müddətinə aylıq 555 manat, 12-ci ayda isə 549,99 manat məbləğində ödəniş etməklə Apple markalı komputer almışdı. O, həmin borcun müəyyən məbləğini ödəsə də mağaza bunu nəzərə almamış və bu hissə məhkəmədə tam araşdırılmamışdır. O, İddiaçı MMC-yə müəyyən məbləğdə ödənişlər etsə də mağaza həmin pulları cərimə borcuna çıxmış, əsas borcu əsassız olaraq artırmışdır. Belə ki, ödəniş pulları birinci növbədə əsas borca hesablanmalı olsa da mağaza qanunun bu tələbinə əməl etməmişdir.Mağaza tərəfindən qanunun bu tələbi pozularaq, onun ödənişlərini əsas borca deyil, cərimə borcuna hesablamaqla onun onsuzda ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olmuşdur. Məhkəmədə iddia qaldırarkən ondan 1829.9 manat cərimə borcu tələb edilmişdir. Məhkəmə tərəfindən həmin məbləğ 300 manata endirilsə də yenə də kifayət qədər çoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 çıxış edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdiyini bildirir.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları ilə müəyyən edilir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, satıcı müqavilə üzrə göstərilmiş X8 M3 məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
23. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış kredit müqaviləsi üzrə 6099,9 manat əsas, 1829,9 manat cərimə borcu olmaqla, cəmi 7929,8 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi cərimə borcunu azaltmaqla iddianı qismən təmin etmişdir.
25. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o İddiaçı MMC-yə müəyyən məbləğdə ödənişlər etsə də mağaza həmin pulları cərimə borcuna çıxmış, əsas borcu əsassız olaraq artırmışdır.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, müqaviləyə dair ödəniş cədvəlinə əsasən alıcı tərəfindən xx.xx.2023cü il tarixli müqavilə üzrə 11 ay müddətinə aylıq 555 manat məbləğində ödəniş etməklə, 12-ci ayda isə 549.99 manat məbləğində ödəniş etməklə, cəmi 6654.99 AZN məbləğində ödəniş edilməlidir.
27. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 6099.9 manatdır.
28. Cavabdeh müqavilə üzrə ödənişlər etdiyini və bu ödənişlərin cərimə borcuna silindiyini qeyd etsə də, edilmiş ödənişlərlə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 6099,9 manat əsas borcun tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir.
31. Mülki Məcəllənin 462-ci maddəsində qeyd edilir ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq 1829,9 manat cərimə məbləğinin tənasübsüz yüksək olması səbəbindən cərimə məbləğinin 300 manat məbləğində tutulması ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
33. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasının Plenumunun 15 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 467-ci maddəsinin ictimai münasibətlərə təsiri dairəsi, habelə bu hüquq normasının analogiya əsasında tətbiq edilməsi məsələsini təhlil edərkən, hər hansı bir hüquq normasının fərqli cins (generic) əlamətləri olan ictimai münasibətlərə, habelə fərqli prinsiplərə əsaslanan hüquq münasibətlərinə qanunun analogiyası əsasında tətbiq edilməsinin mümkünsüzlüyünü qeyd edir. Mülki qanunvericilik mülki hüququn sahədaxili münasibətlərində qanunun və hüququn analogiyasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsində isə göstərilir ki, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Mülki hüquq münasibətləri əsasən tərəflərin iradələrinin bərabərliyinə əsaslanan hüquq münasibətləridir. Məhz ona görə mülki münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır. Belə münasibətlərin tənzimlənməsində qanunun və ya hüququn analogiya əsasında tətbiqi pozitiv funksiya daşıyır və mülki hüquq münasibətləri subyektlərinin maraqlarına zidd və etirazına səbəb olmur. Hüquqi məsuliyyətlə əlaqəli münasibətlərdə isə qanunun və ya hüququn analogiyasının tətbiqinə yol verilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 13.5-ci maddəsində cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz qadağası qoyulmuşdur.
35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2602/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov