Məhkəmə qərarları › İş №2(103)-871/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-871/2021

30.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-871/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «çıxarışın etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində vurulmuş maddi ziyanın hüquqi şəxsin xeyrinə tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-402/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «çıxarışın etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində vurulmuş maddi ziyanın hüquqi şəxsin xeyrinə tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsi barədə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4072 nömrəli vərəqində qeydiyyata alınmış MA № ******* saylı çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsi 9 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində MMC-yə vurmuş olduğu maddi ziyana görə ******* manatın «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının təsisçisi olduğu “xxxx” MMC-nin direktoru vəzifəsində çalışmışdır. Cavabdeh «xxxx» MMC-nin direktoru olduğu zaman təsisçilərin, o cümlədən də iddiaçının xəbəri və icazəsi olmadan, onunla razılaşdırılmadan, hüquqi şəxsin xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4072 (çıxarış-seriya MA № 0254858) nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsini sökdürmüşdür. Nəticədə Cavabdeh «xxxx» MMC-yə külli miqdarda ziyan vurmuşdur. Həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin hər bir kvadrat metrinin orta satış qiyməti 2000-2500 manat təşkil edir. Bununla bağlı iddiaçı cavabdehə iradlarını bildirmiş və vurduğu ziyanın əvəzinin ödənilməsini ondan dəfələrlə tələb etmişdir. Lakin edilmiş çoxsaylı irad və müraciətlərə baxmayaraq cavabdeh bu günə kimi “xxxx” MMC-yə vurduğu ziyanın əvəzini ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Həmçinin hesab edir ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 660,2 m2 təşkil edən qeyri-yaşayış sahəsi söküldüyündən həmin sahəyə dair verilən çıxarış da etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 402/2020 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində gömstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı hüquqi şəxs “xxxx” MMC-nin təsisçilərindən biridir. Cavabdeh isə hüquqi şəxsin direktoru olmuş, işlədiyi müddətdə hüquqi şəxsə ziyan vurmuşdur. Hüquqi şəxs hazırda da fəaliyyət göstərir, ləğv olunmamışdır. Hesab edir ki, iddiaçı bir təsisçi kimi hüquqi şəxsə vurulmuş ziyanı cavabdehdən tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia digər əsasla rədd olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması (tələb hüququnun mövcudluğu); 2) Əgər yuxarıda qeyd edilən hal mövcuddursa, cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən göstərmişdir ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsi 9 ünvanında yerləşən ümumi sahəsi 660,2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsini, nəticədə «xxxx» MMC-yə ******* manat ziyan vurulmasını iddia etsə də, qeyri-yaşayış sahəsinin məhz cavabdeh tərəfindən sökülməsini və ya sökdürülməsini təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının bu tələbini sübuta yetirilməməsinə görə əsassız hesab edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı o əsasla rədd etmişdir ki, iddiaçı mübahisə olunan tikilinin məhz cavabdeh tərəfindən sökülməsini, cavabdeh tərəfindən hüquqi şəxsə ziyan vurulmasını sübut edə bilməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, ilkin olaraq iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması (tələb hüququnun mövcudluğu) yoxlanılmalı idi. İşdən görünür ki, iddiaçı hüquqi şəxsin təsisçisilərindən biri olmaqla cavabdeh tərəfindən hüquqi şəxsə ziyan vurulmasını iddia edərək, vurulmuş ziyanın cavabdehdən hüquqi şəxsin xeyrinə tutulmasını tələb etmişdir. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, sökülməsi iddia olunan tikili (sahəsi 660,2 m2 olan qeyri-yaşayış sahəsi) hüquqi şəxs «xxxx» MMC-nin mülkiyyəti kimi qeydə alınmışdır. Qeyd edilməlidir ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırki iddia tələbinin mahiyyətindən isə aydın olur ki, iddiaçı özünün deyil, hüquqi şəxsin (“xxxx” MMC) maraqları baxımından, hüquqi şəxsin xeyrinə iddia qaldırmışdır. Halbuki, Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Göründüyü kimi, hüquqi şəxslər öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. İddiaçı isə hüquqi şəxsin xeyrinə iddia qaldırmaq hüququna (tələb hüququna) malik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, iddiaçının hüquqi şəxsin təsisçilərindən biri olması faktı da vəziyyəti dəyişdirmir. Çünki, Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Həmçinin, hüquqi şəxsin işdə olan nizamnaməsinin 9.2.1-ci maddəsinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyalarına malik olan direktor tərəfindən həyata keçirilir. Nizamnamənin 9.2.2-ci maddəsinə əsasən direktor – cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə münasibətdə o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir və s. Göründüyü kimi, nizamnamə ilə də təsisçinin hüquqi şəxsi məhkəmədə təmsil etməsi halı müəyyən olunmamışdır. Qanunverici müəyyən hallarda başqa şəxslərin mənafeyi üzrə iddia qaldırmaq imkanını müəyyən etsə də (MPM-nin 5.2, 59-cu mad.), bu hazırki işin hallarına uyğun deyildir. Göründüyü kimi, iddiaçı hazırki iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilənləri nəzərə almamış, iddiaçının hazırki tələbi irəli sürməkdə subyektiv hüquqlara malik olub-olmamasını yoxlamamışdır, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə, qətnamə qanuni və əsaslı sayıla bilməz. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri yuxarıda qeyd edilən əsaslarla rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «çıxarışın etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində vurulmuş maddi ziyanın hüquqi şəxsin xeyrinə tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2(001)-402/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-402/2020 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar