Məhkəmə qərarları › İş №2(103)-871/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-871/2022

11.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-871/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(011)- 7608/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh İB-yə (bundan sonra, cavabdeh) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə qazdan istifadəyə görə qanunsuz hesablanmış 1144,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən fərdi yaşayış evinə 21 oktyabr 2020-ci il tarixdə qaz xətti çəkildikdən sonra ona sayğacın quraşdırılmasının 20 gün çəkəcəyi bildirilmişdir. Cavabdeh İB-nin əməkdaşları sayğac gələnə qədər rezin şlankla qaz çəkməyi təklif etmiş, o da qəbul etmiş və rezin şlankla evə qaz verilmişdir. Bundan sonra, 11 noyabr 2020-ci il tarixdə sayğac quraşdırılmış və şlank ləğv edilmişdir. 2020-ci ilin noyabr və dekabr ayları üçün sayğac üzrə ödənişlər etmiş, ona hər hansı borc məbləği barədə məlumat verilməmişdir. 29 yanvar 2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuş və dəymiş ziyanın ödənilməsi barədə akt tərtib edilmişdir. Aktla iddiaçının 20 gün ərzində 11448 m3 qaz sərf etdiyi müəyyən edilmişdir. Halbuki, o, qaz sayğacının göstəricisi ilə müəyyən edilmiş borcu vaxtında ödəmiş, tərəfindən sayğaca heç bir vaxt müdaxilə olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(011)- 7608/2021 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) cavabdeh tərəfindən iddiaçının **********03556 saylı abunə koduna hesablanmış 1144,80 manat borcdan 50 manat saxlanılmaqla, qalan 1.094,80 manat borcun silinməsi, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin olunan hissəsində ləğv olunmasını, iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddanın mübahisələndirilən hissədə də rədd olunmalı olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərə görə, Cavabdeh İB ilə İddiaçı arasında 21 oktyabr 2020-ci il tarixdə bağlanılmış «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüş, iddiaçıya məxsus ünvana **********03556 nömrəli abonent kodu verilmiş və “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11 noyabr 2020-ci il tarixli, ******* saylı akta əsasən qaz xəttinin üzərində sayğac quraşdırılmışdır. Bundan sonra, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 yanvar 2021-ci il tarixdə qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə olunduğu aşkar olunmuş və bu barədə həmin tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. Həmin akt əsasında qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli “dəymiş ziyanın ödənilməsinə dair” tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqəsdilə dəymiş ziyanın hesablanması - qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 11448 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İşdə olan abonent saldosundan isə görünür ki, Cavabdeh İB tərəfindən sözügedən ünvanda istifadə olunan cihazlar hissəsində yalnız PQ-4 (4 gözlü qaz piltəsi) göstərilməklə iddiaçıya dəymiş ziyana görə 1144,80 manat borc hesablanmışdır. Hazırda Cavabdeh İB, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qyeri-qanuni xətt aşkarlandığını, buna görə də onun abonent hesabına qanunla müəyyən edilmiş qaydada 1144,80 manat borc hesablandığını bildirir. İddiaçı isə, təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmış borcun məbləği ilə razılaşmır və silinməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra, Qaydalar) 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırkı işin halları baxımından iddiaçının qaz sayğacına qeyri-qanuni xətlə qoşulması faktı mübahisəsizdir (bu fakt, iddia ərizəsinin məzmunu, iddiaçının birinci instansiya və apellyasiya icraatlarında verdiyi izahatlar, işdə olan fotoşəkillərlə təsdiq olunur, həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı qeyri-qanuni qoşulmaya görə ona hesablanmış borcu müəyyən hissədə saxlamış rayon məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir). Belə olan halda, cavabdeh iddiaçıya məxsus ünvanda “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etməklə, bunun nəticəsində dəymiş zərərin ödənilməsini ondan tələb etməkdə haqlı olmuşdur. Bununla belə, Kollegiya, cavabdeh tərəfindən iddiaçıya hesablanmış dəymiş ziyanın məbləği ilə razılaşmır. Birinci instansiya məhkəməsi, bu hissədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, iddiaçının 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar ayı da daxil olmaqla qazdan qanunsuz istifadə etdiyini nəzərə alaraq, cərimə məbləğinin 50 manat həddində olmasını qanuni hesab edir. Kollegiya, hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, məhkəmə, cavabdeh tərəfindən dəymiş ziyanın hesablama qaydasına dair konkret düstur təqdim olunmadığına istinad etsə də, işdə olan 29 yanvar 2021-ci il tarixli «Dəymiş ziyanın ödənilməsinə dair tələbnamə»nin dəymiş ziyan həcminin hesablanması bölməsindən görünür ki, cavabdeh tərəfindən hər bir cihaz üzrə maksimal saatlıq qaz sərfi, orta günlük iş rejimi və hesabat müddəti qeyd olunmaqla, dəymiş ziyan onların bir-birinə hasili əsasında hesablanmışdır. Lakin həmin bəyannamədə cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan üzrə itirilmiş qazın dəyəri 3 ayrı cihaz üzrə hesablansa da, tərəflər arasında bağlanmış müqavilədən və abonent saldosundan görünür ki, həmin ünvanda iddiaçı tərəfindən yalnız bir cihazdan (PQ-4) istifadə olunmuşdur. Ona görə də, Kollegiyanın qənaətinə görə, yalnız həmin cihaz üzrə hesablama aparılmaqla itirilmiş qazın dəyəri müəyyən edilməlidir (2592 m3 x 0,1 manat = 259,20 manat). Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın qismən təmin olunması (259,20 manat saxlanılmaqla qalan borcun silinməsi) barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, nəzərə alınmalıdır ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(010)- 7608/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(010)- 7608/2021 saylı qətnaməsi ləğv olunsun, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən İddiaçı **********03556 saylı abunə koduna hesablanmış 1144,80 (min yüz qırx dörd manat səksən qəpik) manat borcdan 259,20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat saxlanılmaqla, qalan 885,60 (səkkiz yüz səksən beş manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar