Məhkəmə qərarları › İş №2(103)-871/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-871/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-871/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:mənzilə istifadə hüququna müvafiq kompensasiyanın verilməsi ilə xitam olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi),Sadıqov Vahid Nəriman oğlundan və X4 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha qədər mübahisəli mənzil xx.xx.1988-ci il tarixli, 078475 nömrəli order ilə iddiaçının atası X1 məxsus olmuş, orderə əsasən orada mənzilə hüquqları olan şəxs kimi iddiaçının atası - X2, anası - X7, İddiaçı (özü) və X5 (qardaşı) qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə X2, xx.xx.2018-ci il tarixdə isə X7 vəfat etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh və övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X3 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 25, 30 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri qət edimişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 4000 manat məbləğində kompensasiya verilməklə, onun ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, kompensasiyanın verilməsi ilə istifadə hüquqlarına xitam verilməsinin eyni anda icra olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin mənzilə istifadə hüquqları 2019-cu il tarixdə məhkəmənin qərarı ilə tanınmışdır. Qərarın qəbul olunmasına baxmayaraq, hələ Cavabdeh verdiyi iddia ərizəsindən qabaq həmin mənzildə uzun müddət yaşamamışdır. Yuxarıda qeyd olunanlara istinadən, orderə əsasən, mənzilin sahibi dünyasını dəyişdiyindən və mənzilin orderdə adları qeyd olunan şəxslərin mülkiyyətlərinə keçirilməsi ilə əlaqədar, müvafiq qaydada vərəsəlik işinin və yaxud da mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı bir hüquqi hərəkətlərin yerinə yetirilməsi qeyri-mümkündür. Buna səbəb kimi, Cavabdeh bu barədə razılıq ərizəsini verməməsidir. Bu isə mənzilə olan və gözlənilən mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsində problemlərin yaranmasına səbəb olmuş, hal-hazırda iddiaçının cavabdehlə heç bir əlaqəsi olamayan əmlakı barədə qanunverciliklə nəzərdə tutulmuş hüquqları həyata keçirmək imkanı məhdudlaşdırılmışdır. Nəticədə, həm konstitusiya ilə, həm də mülki qanunvericiliklə iddiaçının hüquqlarının pozuntusunun normativ tələblər çərçivəsində müdafiə olunmasını tələb edir. Odur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzildə olan istifadə hüquqlarına xitam verilməlidir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-3941/2022) iddia təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, təklif olunan kompensasiya məbləği ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi nəticəsində cavabdeh heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə verilmiş iddia tələbi üzrə gözlənilən mülkiyyət hüququ olan iddiaçının tələbini kənara qoymaqla, ancaq mənzilə əmlak hüquqları olmayan şəxsin maraqlarından çıxış etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. O, əlavə olaraq bildirdi ki, hazırda iddiaçı kompensasiya məbləğini 11000 manat müəyyən edir və həmin məbləğ ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsini xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-cimaddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

14. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarı:

15. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

20. Kollegiya nəzərə alır ki, cavabdehin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı var. Onun mübahisəli mənzilə istifadə hüququ tanınıb, o, uşaqları ilə birlikdə uzun müddətdir fasiləsiz olaraq mübahisəli evdə yaşayır, başqa yaşayış sahəsinə malik deyil. Belə olan halda təklif olunan kompensasiya müqabilində onun evə istifadə hüququna xitam verilməsi qanunun məqsədləri baxımından əsaslı və ağlabatan hesab oluna bilməz.

21. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya baxışı zamanı təklif olunan kompensasiya məbləği də cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas vermir.

22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir və özəlləşdirlməmişdir. İş üzrə iddiaçı digər sakinlər kimi mənzildən istifadə hüququ olan şəxsdir.

23. Şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar