Məhkəmə qərarları › İş №2(103)-8715/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8715/2021

24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8715/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(006)-3432/2019 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə X3 və X5 da cavabdehlər qismində göstərməklə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdehla nikahları dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin aralarında bərabər olaraq bölünməsi; “İnfiniti G25” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı, ** NH *** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilərək açıq hərracda satılması və dəyərinin aralarında bərabər bölünməsi; X4 adına olan “VAZ-21214 Urban” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25.04.2019-cu il tarixdə bağlanmış və X2 adına olan “X22” minik markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 02.04.2019-cu il tarixdə bağlanmış alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin maddi dəyərinin qiymətləndirilərək açıq hərracda satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi; 02.04.2019-cu il tarixədək tərəfindən borc öhdəliklərinə görə ödədiyi 1584162,99 manatın 1/2 hissəsinin, yəni 792081,50 manatın Cavabdeh tutularaq ona ödənilməsi; 02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, Cavabdehla 1996-cı ilin avqust ayında nikaha daxil olaraq ailə qurmuş, iki övladları dünyaya gəlmiş, nikahları dövründə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili, “VAZ-21214” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “X22” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili, “BMW 745” minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili, “Mercedes S600” minik markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili, “Porsche Panamera” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş, hazırda Cavabdeh nikahlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-yə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 02.04.2019-cu il tarixdə Cavabdeh birgə nikah dövründə əldə etdikləri “VAZ-21214” minik markalı, ** MA *** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilləri onun razılığı olmadan, faktiki olaraq ayrı yaşamalarından istifadə edərək özgəninkiləşdirmişdir. Hesab edir ki, həmin alğı-satqı müqavilələri etibarsız hesab edilməli, həm özgəninkiləşdirilən, həm də digər əmlaklar bölgüyə cəlb olunmalıdır. Bundan başqa, Cavabdehla birgə nikahda olduqları müddətdə müxtəlif kommersiya banklarından müxtəlif həcmli kreditlər götürülmüş, kreditlərin böyük bir hissəsi biznes fəaliyyəti ilə əlaqədar alınmışdır. "xxxx" MMC-dən sorğu əsasında alınmış 02.04.2019-cu il tarixli, SF5883 nömrəli çıxarışdan görünür ki, 09.10.2009-cu il tarixdən çıxarış verilən tarixədək, yəni 02.04.2019-cu il tarixə tam ödənilmiş kredit məbləği 1387237,43 manat təşkil etmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən verilmiş 29.03.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, banka 29.03.2019-cu il tarixə borcu cəmi 128046,20 manat, kreditin icra müddətinin bitəcəyi tarixə, yəni 13.12.2021-ci il tarixə 170138,43 manat təşkil edir. “X23 Azərbaycan” QSC tərəfindən 05.04.2019-cu il tarixdə verilmiş maliyyə arayışından görünür ki, onun həmin banka olan borcunun ümumi məbləği 312967,39 manatdır. Bundan əlavə, “X20 Pazarlama San və TİV A.Ş.” ilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Royal Heights” adlı şəhərcikdə “Scallop” tipli 13 və 14 nömrəli mənzillərə dair müqavilələr qızları Ayşa Mədətovanın adına bağlanmış, bu müqavilələrə əsasən 01.04.2019-cu il tarixə satıcıya tərəfindən 102464 Avro (manatla ekvivalenti 196.925 manat 56 qəpik) pul ödənilmiş, həmin tarixə şirkətə olan borc məbləği 127536 Avro (manatla ekvivalenti 245111 manat 43 qəpik) təşkil etmişdir. Göstərilən borc öhdəlikləri yalnız onun tərəfindən, qohumlarından aldığı və öz biznes fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər hesabına ödənilmişdir və hazırda da özü tərəfindən ödənilir. Adına götürülən kredit məbləğlərinin böyük bir hissəsi Cavabdeh tərəfindən səsyazma studiyası qurulması üçün alınmış, vəsaitdən qalan məbləğlər isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənmişdir. Ümumilikdə, 02.04.2019-cu il tarixə olan borc öhdəliklərinin cəmi məbləği 483105,82 manat, tərəfindən borc öhdəliklərinə görə ödədiyi cəmi məbləğ isə 1584162,99 manat təşkil edir. Hesab edir ki, göstərilən tarixədək tərəfindən borc öhdəlikləri üzrə ödənilmiş 1584162,99 manat vəsaitin 1/2 hissəsi, yəni 792081,50 manat Cavabdeh tutularaq ona ödənilməli, eyni zamanda göstərilən tarixə olan borc məbləğini təşkil edən 483105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilin, İddiaçı adına olan “Porsche Panamera” minik markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı, WPOZZZ97ZDL072325 ban №-li) avtomobilin, Türkiyə Respublikasının Bodrum şəhərində müqavilə əsasında ikisinin adına olan evin, İddiaçı adına olan ünvan 3 ünvanında yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən evin, “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLMAME4AA312003 ban №-li) avtomobilin və “X18” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLAAA147A441536 ban №-li, 2007-ci il buraxılışlı) avtomobilin aralarında bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1996-cı ilin avqust ayında X10 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları - 1997-ci il 1 iyul təvəllüdlü oğlu, 24 may 1999-cu il təvəllüdlü qızı dünyaya gəlmişdir. Nəsimi rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Nikahın pozulması tələbinə dair mülki iş hal-hazırda Nəsimi rayon Məhkəməsində icraatdadır. Birgə nikahları dövründə əldə etdikləri aşağıdakı əmlakların məhkəmə qaydasında bölünməsini tələb edir: xüsusi mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 30 nömrəli mənzil; İddiaçı adına olan “Porsche Panamera” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı, WPOZZZ97ZDL072325 ban №-li) avtomobil; Bodrumda kontrakt əsasında ikisinin adına olan ev; İddiaçı adına olan ünvan 6 ünvanda yerləşən ev; Zaqatala rayonu Car kəndində yerləşən birgə tikdirdikləri ev; “Range Rover” markalı, 10EL010 dövlət qeydiyyat nişanlı (SALLMAME4AA312003 ban №-li) avtomobil; “X18” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı (SALLAAA147A441536 ban №-li, 2007-ci il buraxılışlı) avtomobil. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh, “İnfiniti G25” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, X4 adına olan “VAZ 21214” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25.04.2019-cu il tarixdə bağlanmış və X2 adına olan “X22” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 02.04.2019-cu il tarixdə bağlanmış alğısatqı müqavilələrinin etibarsız hesab olunması, həmin avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, 02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid olunması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və qarşlıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, ilkin iddiaçının banklar qarşısında yaranmış öhdlikləri ilə bağlı ilkin iddia tələbinə qiymət verərkən Ailə Məcəlləsinin 41-ci maddəsini düzgün tətbiq etmədiyi, “VAZ 21214” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etsə də, eyni yanaşmanı “Range Rover” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı və “X18” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə tətbiq etmədiyi, ünvan 3 ünvanında yerləşən ev və Zaqatala rayonunun Car kəndində yerləşən evlə bağlı sübutların əldə olunması barədə vəsatətinə əhəmiyyət verməyərək, əsassız şəkildə həmin əmlaklarla əlaqədar tələbini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)- 2390/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3432/2019 saylı saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, “VAZ-21214 Urban” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X11 arasında 25.04.2019-cu il tarixdə, “X22” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X7 arasında 02.04.2019cu il tarixdə bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin, “İnfiniti G25” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı, ** NH *** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 (ikidə bir) hissəsi üzərində İddiaçı, 1/2 (ikidə bir) hissəsi üzərində Cavabdeh mülkiyyət paylarının tanınması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.06.2021-ci il tarixli, 2(102)-2616/2021 saylı qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh, nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini mübahisələndirilən hissədə müdafiə edərək, qeyd etmişlər ki, tərəflərin ailə 2018-ci ilin sentyabr ayından pozulmuşdur. 13.12.2018-ci ildə götürülmüş kredit müqaviləsi üzrə olan puldan cavabdehin xəbəri olmamışdır. Həmin pulu iddiaçı özü götürüb xərcləmişdir. 14.12.2018-ci ildə alınmış “X22” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil həmin kredit hesabına alınmamışdır. Cavabdeh 12.03.2019-cu ildə nikahın pozulması barədə məhkəməyə iddia ərizəsi verərkən, ərizədə tərəflərin uzun müddətdir ki, münasibətdərində ciddi gərginlik olduğunu qeyd etmişdir. Xahiş etmişdir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilərək, ilkin iddia həmin hissədə təmin edilməsin. İş üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili X12 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi növbəti məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X6 mübahisələndirilən hissədə apellyasiya şikayətini qəbul etməyərək, izahatında qeyd etmişdir ki, tərəflərin münasibətləri 2019-cu ilin fevral ayından pozulub. 13.12.2018-ci ildə götürülmüş kredit müqaviləsi üzrə olan pulla 14.12.2018-ci ildə alınmış “X22” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Xahiş etdi ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(006)-3432/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəlləsinin 420-ci maddəsinə əsasən, Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170,138.43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində apelyasiya intansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC ilə kredit müqaviləsini 13.12.2018-ci il tarixdə bağlamış və borc 13.12.2021-ci il tarixinə qədər hesablanmışdır. Tərəflərin ailə münasibətləri isə 2018-ci ilin sonlarından faktiki pozulmuşdur. Ona görə də həmin borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsi və ailənin ümumi ehtiyacları üçün sərf olunduğu qənaətinə gəlmək mümkün deyildir. Halbuki, iş materialarından görünür ki, Cavabdeh nümayəndəsi və vəkili X8 apelyasiya instansiyası məhkəməsinin 27.02.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında tərəflərin faktiki olaraq 2018-ci ilin sentyabr ayında ayrıldıqlarını göstərsə də (iş v. 236), apelyasiya instansiyası məhkəməsinin 11.06.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında tərəflərin faktiki olaraq 2019-cu ilin fevral ayında ayrıldıqlarını qeyd etmişdir (iş v. 266). Həmçinin iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəflərin faktiki olaraq nə vaxt ayrıldıqlarını müəyyənləşdirmək üçün araşdırma aparmamış, tərəflərin faktiki ailə münasibətlərinin pozulduğu tarix barədə iddiaçının nümayəndəsinin ziddiyyətli izahatlarına qiymət verməmiş və heç bir əsaslandırma aparmadan öz mülahizəsi ilə tərəflərin 2018-ci ilin sonlarından faktiki olaraq ayrıldıqları qənaətinə gəlmişdir. Göründüyü kimi tərəflərin faktiki olaraq nə vaxt ailə münasibətlərinin pozulmasının müəyyən edilməsi mübahisə predmeti olan kredit üzrə tərəflər arasında 1/2 hissədə öhdəliyin müəyyən edilməsi məsələsinin düzgün həll edilməsi üçün mühüm əhəmiyyyətə malikdir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq, mübahisə predmeti olan 13.12.2018-ci il tarixli kredit müqaviləsinin iş materiallarına əlavə edilməməsini nəzərə almamış və həmin kredit müqaviləsinin mövcud olub-olmaması, hansı məbləğdə kreditin verilməsi və kredit müqaviləsinin digər mühüm şərtləri barədə araşdırma aparmamışdır. Bundan başqa 02.04.2019-cu il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, mübahisə predmeti olan kredit İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.12.2018-il tarixli müqavilə əsasında, həmin gün əldə olunmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, 14.12.2018-ci il tarixdə Cavabdeh adına ** MA *** dövlət qeydiyyat nişanlı “X22” markalı avtomobil alğı-satqı yolu ilə əldə edilmişdir. Göründüyü kimi ** MA *** dövlət qeydiyyat nişanlı “X22” markalı avtomobil 13.12.2018-ci il tarixli müqavilə ilə kreditin alınmasından 1 gün sonra əldə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və qətnamə qəbul edərkən “X22” minik markalı avtomobillərin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində Cavabdeh paylarını tanısa da, həmin avtomobilin 13.12.2018-ci il tarixli müqavilə ilə alınmış kreditin hesabına əldə olunubolunmaması ilə bağlı araşdırma aparmamışdır. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi tərəflərin faktiki olaraq nə vaxt ayrıldıqları, 13.12.2018-ci il tarixli kredit müqaviləsinin mövcud olub-olmaması, hansı məbləğdə kreditin verilməsi və kredit müqaviləsinin digər mühüm şərtləri, alınmış kreditin ailənin ümumi ehtiyaclarına sərf olunub-olunmaması, o cümlədən ** MA *** dövlət qeydiyyat nişanlı “X22” markalı avtomobilin 13.12.2018-ci il tarixli müqavilə ilə alınmış kreditin hesabına əldə olunub-olunmaması barədə araşdırma aparmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırma ararmaqla, aşağıdakıları müəyyən etmişdir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmədə iddiaçı tərəf münasibətlərinin 2019-cu ilin fevral ayından pozulduğunu, cavabdeh tərəf isə 2018-ci ilin sentyabr ayından pozulduğunu qeyd etmişdir. Cavabdeh 12.03.2019-cu ildə nikahın pozulması barədə Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsində ailəliklərinin son 10 ilində aralarındakı münasibətlərdə ciddi gərginlik, bir çox problemlərinin yarandığını qeyd etmişdir. Apellyasiya mərhələsində bankdan əldə edilmiş 13.12.2018-ci il tarixli, 526/EA saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Azadlıq filialı tərəfindən İddiaçı 36 aya, illik 22 faizlə 135000 manat məbləğində kredit yaşayış sahəsinin tikintisi üçün verilmişdir. 13.12.2018-ci il tarixli, 526/EA saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Porsche Panamera minik” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili 13.12.2018-ci il tarixli, 526/EA saylı kredit müqaviləsinə əsasən götürülmüş 135000 manatın təminatı qismində ipoteka ilə yüklü etmişdir. 13.12.2018-ci il tarixli, 526/EG saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 20-ci döngədə mülkiyyətində olan 0,02 ha torpaş sahəsində yerləşən 2 mərtəbəli binada 117 kv.m ümumi, 70,17 kv.m yaşayış, 46,83 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 11 nömrəli fərdi yaşayış evi 13.12.2018-ci il tarixli, 526/EA saylı kredit müqaviləsinə əsasən götürülmüş 135000 manatın təminatı qismində ipoteka ilə yüklü etmişdir. Beləliklə kollegiya, İddiaçı 13.12.2018-ci il tarixli kredit müqavilə əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsi hissəsini əsassız hesab edir. Belə ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər. Ailə qanunvericiliyində ümumi borcun anlayışı olmasa da, kollegiya hesab edir ki, hüquq tətbiqetmə təcrübəsinə əsasən ər-arvadın ümumi borcunun meyarlarını (əlamətlərini) belə xarakterizə etmək olar: borcun ər-arvadın hər ikisinin təşəbbüsü ilə ailənin ümumi ehtiyacları üçün yaranması (ər-arvaddan biri tərəfindən müqavilənin bağlanması zamanı digərinin razılığının alınması və ya borclu sayıldıqları müqavilənin birgə bağlanması); ər-arvaddan biri tərəfindən bağlanmış müqavilə üzrə aldıqlarının hamısının ailənin ümumi ehtiycları üçün sərf olunması. Ailə Məcəlləsinin 37.3-cü maddəsinin dispoziyasından göründüyü kimi, ümumi əmlak bölünərkən ər-arvadın bütün, yəni onlardan hər hansı birinə şəxsən aid olan deyil, yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Kollegiyanın qənaətinə görə, Ailə Məcəlləsinin 41.2-ci maddəsi 37.3-cü maddəni tamamlayıcı xarakterdədir və qanunverici ər-arvaddan birinin nigah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsini zəruri hesab etmişdir. Əks təqdirdə, yəni ər-arvaddan hər hansı birinə aid olan şəxsi borcun bölgüsü tərəflərdən birinin hüquqlarının əhəmiyyətli şəkildə pozulmasına və digər tərəfin əsassız fayda əldə etməsinə səbəb olar. Başqa sözlə, tərəflərdən hansının götürməsindən asılı olmayaraq ər-arvadın hər hansı birinin borcu yalnız o halda onların payına uyğun bölünə bilər ki, bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğu müəyyən və sübut edilsin. Ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı və s. daxil edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda, həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıbaparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. İş materiallarından İddiaçı "xxxx" ASC ilə kredit müqaviləsini 13.12.2018-ci il tarixdə bağladığı və borcun 13.12.2021-ci il tarixinə qədər hesablanmış məbləğ olduğu aydın olur. İddiaçı iddia tələbində adına götürülmüş kreditin böyük bir hissəsinin Cavabdeh tərəfindən səsyazma studiyası qurulmasına sərf olunduğunu, vəsaitdən qalan məbləğlərin isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərcləndiyini bildirsə də, apellyasiya məhkəməsində nümayəndə izahatında götürülən kreditin 14.12.2018-ci il tarixdə ** MA *** dövlət qeydiyyat nişanlı, “X22” markalı avtomobilin alınmasına sərf edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəf 13.12.2018-ci il tarixli kreditlə bağlı ziddiyyətli fikrlər səsləndirir. Göründüyü kimi, götürülmüş kreditin Cavabdeh tərəfindən səsyazma studiyası qurulmasına sərf olunması, vəsaitdən qalan məbləğlərin isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənməsi və ya 14.12.2018-ci il tarixdə ** MA *** dövlət qeydiyyat nişanlı, “X22” markalı avtomobilin alınmasına sərf edildiyi sübut olunmamışdır. Halbuki, kredit müqaviləsindən görünür ki, kredit iddiaçıya tikinti məqsədləri üçün verilmiş, iddiaçı mülkiyyətində olan avtomobil və torpaq sahəsindəki evini ipoteka ilə yüklü etmiş, həmin evlə bağlı cavabdehin tələbi təmin edilməmişdir. Bundan əlavə iddiaçının adına Zaqatalada torpaq sahəsi müəyyən olunmuşdur. Qeyd olunanlar həqiqətən tərəflərin ailə münasibətlərinin 2018-ci ilin sonlarından faktiki olaraq pozulması, həmin borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc olmadığı və ailənin ümumi ehtiyacları üçün sərf olunmadığı qənaətinə gəlmək üçün əsas verir. Başqa sözlə, İddiaçı müvafiq tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(006)- 3432/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi- İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsi hissəsində təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar