Məhkəmə qərarları › İş №2(103)-8725/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8725/2021

17.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8725/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2021-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən təbii qazdan istifadəyə görə əlavə sərfiyyat kimi ona əsassız olaraq hesablanmış 1.325 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1103 saylı bağ evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq evin xaricində, yəni küçədə Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları 14.02.2017 və 28.03.2017-ci il tarixlərdə aktlar tərtib etmişlər ki, guya qaz sayğaca iddiaçı tərəfindən müdaxilə olunub və həmin aktlar əsasında iddiaçıya 1.325 manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanmışdır. İddiaçı cavabdeh Birliyin əməkdaşlarının bu hərəkətlərini əsassız hesab edir. Çünki o, özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının yaşayış sahəsində layihəyə uyğun olaraq dövlət reyestrinə daxil edilmiş, sertifikatlaşdırılmış və müvafiq qaydada quraşdırılmış qaz sayğacına baxış keçirilərkən abonentin qeydiyyatda olan sayğacı özbaşına çıxarması və yerində naməlum sayğacın quraşdırılması faktı aşkar olunmuşdur. Cavabdeh Birlik hazırki iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. O bildirdi ki, Birlik tərəfindən quraşdırılmış sayğacı dəyişməyib və əvəzində qeydiyyatsız sayğacı quraşdırmayıb. Sayğac cavabdeh Birlik tərəfindən quraşdırılmış və bununla bağlı akt da tərtib olunmuşdur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli deyil. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus ev cavabdeh Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. İstifadə olunmuş təbii qazın həcmi Birlik tərəfindən həmin ünvanda quraşdırılmış “Zinner G4T” mexanik tipli abonent kodu **********08220 olan qaz sayğacı vasitəsi ilə hesablanır. Sayğac evin daxilində deyil, küçədə yerləşir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14.02.2017-ci il tarixli, ******* saylı və 28.03.2017-ci il tarixli, ******* saylı aktlardan görünür ki, iddiaçının yaşadığı ünvana aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman Birliyin əməkdaşları aşkar etmişlər ki, həmin ünvanda layihəyə uyğun olaraq dövlət reyestrinə daxil edilmiş, sertifikatlaşdırılmış və müvafiq qaydada quraşdırılmış qaz sayğacı özbaşına çıxarılmış və əvəzində qeydiyyata alınmamış başqa sayğac quraşdırılmışdır. İtirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 14.02.2017-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün təşkil edir. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 4.860 kub/metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İtirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 28.03.2017-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 42 gün təşkil edir. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 2.268 kub/metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İddiaçıya aid olan “Abonentin saldosundan görünür ki, yuxarıda qeyd edilən aktlar üzrə iddiaçıya hesablanmış əlavə sərfiyyat borcu 1.325 manat təşkil edir. İddiaçı mənşəyi bilinməyən sayğacın cavabdeh Birliyin əməkdaşları tərəfindən quraşdırılmasını və bununla bağlı onlar tərəfindən müvafiq aktın tərtib olunmasını bildirsə də, həmin aktı Məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh Birlik isə iddiaçı tərəfindən qazdan qanunsuz istifadə olunmasını sübuta yetirir. İş materiallarından görünür ki, Birliyin əməkdaşları qeydiyyatda olan qaz sayğacının çıxarıldığını və yerində heç bir qeydiyyatı olmayan sayğacın yerləşdirildiyini aşkar etmiş, bu halı aktlaşdırmış və müvafiq fotoşəkillər çəkmişlər. MPM-nin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2.). Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, sayğacın naməlum başqa bir sayğac ilə əvəz edilməsi və borcun olmasına dair üzərinə sübutetmə yükü düşən cavabdeh Birlik öz mövqeyini iş materiallarına əlavə edilmiş aktlarla sübuta yetirir. Sonradan quraşdırılmış naməlum sayğacın cavabdeh Birlik tərəfindən quraşdırıldığını bildirən iddiaçı isə bu halı sübut edə bilmir. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızıdır. Rayon Məhkəməsi iddianı əsaslı hesab edib, iddianı təmin etməklə işin hallarına uyğun olmayan və maddi, prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən nəticəyə gəlmişdir. Qətnamə səhvdir. Apellyasiya şikayətinin dəlilləri əsassız deyil və formal mülahizə xarakteri daşımır. MPM-nin 385-ci maddəsinə görə isə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə göstərilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” barədə iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar