Məhkəmə qərarları › İş №2(103)-873/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-873/2023

09.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-873/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3826/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-də (Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin Dövlət qeydiyyatı idarəsi tərəfindən qeydə alınmış xx.xx.2012-ci il tarixli ********** nömrəli nizamnamə, VÖEN **********) nizamnamə kapitalında olan 50% payını 50 manata satmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış Bakı şəhəri 6 saylı notariat ofisində 3M-1637 nömrə ilə qeydə alınmış Müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı qohumu Cavabdeh1 ilə danışarkən, belə bir alqı-satqı ona məlum olmuşdur. "xxxx" MMC-də Cavabdeh1 adına olan 50% pay formal olaraq onun adına olsa da, faktiki sahibi iddiaçının atası Toğrul Bağırov olmuşdur. İddiaçı bacısı olan Cavabdeh2 və Cavabdeh1 MMC-də faktiki olaraq atasına məxsus olan payın geri qaytarmalı olduğunu bildirmişdir. Cavabdeh1 da payın iddiaçıya məxsus olduğunu bildirdikdə, Cavabdeh2 Rüfəti aldadaraq guya iddiaçı ilə danışaraq razılaşdığını, payın hamısının onun adına keçməli olduğunu və sonra payın yarısının qardaşı olan iddiaçının adına keçəcəyini bildirmişdir. Beləliklə, Cavabdeh2 digər Cavabdeh1 aldatmaqla alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuş və həmçinin bu zaman iddiaçıya məxsus payı da qanunsuz olaraq mənimsəmişdir. Halbuki, həmin pay faktiki olaraq onların atasına məxsus olduğu üçün hər iki övlada bərabər hissədə pay çatmalı idi. Alqı-satqı müqaviləsinin formallığını təsdiq edən əsas amil müqavilənin dəyəridir. Nizamnamə kapitalındakı 50 faizlik pay simvolik 50 manata satılmışdır. Göründüyü kimi, pay faktiki olaraq iddiaçının atasına məxsus olduğu üçün belə ucuz qiymətə satılmasına dair müqavilə bağlanmışdır. Bu zaman Cavabdeh2 mülki hüquqlarından sui-istifadə edərək, aldatma yolu ilə iddiaçının atasının əmlakına pay hüququnu özbaşına mənimsəmişdir. İddiaçı qeyd olunan müqavilədən məlumatı olmamış və payın bu şərtlərlə alınmasına heç bir razılıq verməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3826/2022 saylı, 16 sentyabr 2022ci il tarixli qətnaməsi (hakim Lalə Rəhimli) ilə iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı mübahisəli müqavilə tərəflərindən heç biri aralarında bağlanmış müqavilənin həqiqətən aldadılma yolu ilə bağlanmasını bildirməmişdir. Bundan başqa, əgər əqd bir tərəfin aldadılması yolu ilə bağlanarsa, həmin əqdi mübahəsləndirmək hüququ aldadıldığını güman edən şəxsə məxsusdur. Digər tərəfdən, iddiaçının müqavilə əsasında satılmış payın əslində onun atasına məxsus olması barədə gətirdiyi əsaslar da məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəli müqavilənin qanunvericiliyin şərtlərinin pozulması ilə və ya həqiqətən aldadılma yolu ilə bağlanması aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilə hər iki tərəfin iradə ifadəsini əks etdirən ikitərəfli əqddir. Cavabdeh1 özü şəxsən notariat ofisində Cavabdeh2 ilə əqd bağlamışdır. Məhkəmə Mülki Məcəllənin 404.1 və 567-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş alqı-satqı müqaviləsinin şərtlərinə tam əməl olunmuşdur. Cavabdeh1 "xxxx" MMC-də nizamnamə kapitalında olan 50% payını 50 manata satması həmin alqı-satqı müqaviləsinin formal olaraq bağlanması anlamına gəlmir. Odur ki, xx.xx.2019-cu il tarixli 3M-1637 nömrəli Bakı şəhəri 6 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin bağlanması zamanı hər hansı şərtlərin pozulması və İddiaçı iddianı əsaslandığı hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin əmlakın bir neçə milyon manat dəyəri vardır. Aydındır ki, heç kim bir neçə milyon dəyərində əmlakını 50 manata sata bilməz. Göründüyü kimi, pay faktiki olaraq iddiaçının atasına məxsus olduğu üçün belə ucuz qiymətə satılmasına dair müqavilə bağlanmışdır. Bu zaman Cavabdeh2 mülki hüquqlarından sui-istifadə edərək aldatma yolu ilə iddiaçının atasının əmlakına pay hüququnu özbaşına mənimsəmişdir. İddiaçının qeyd olunan müqavilədən məlumatı olmamış və payın bu şərtlərlə alınmasına heç bir razılıq verməmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, o və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, onun adına olan müəssisənin faktiki 50% payı əmisi, iddiaçının atası Toğrul Bağırova aid olmuşdur. Lakin məhkəmə qətnamədə göstərmişdir ki, iddiaçının müqavilə əsasında satılmış payın əslində onun atasına məxsus olması barədə gətirdiyi əsaslar da məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 9.Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, bundan əvvəl özü hazırki iddia ilə eyni məzmunda iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı və digər cavabdehin anası bu işlərin onların ailə işi olduğundan qarışmamağı xahiş etdiyinə görə iddiasından imtina etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Ma ddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.1.Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2.Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337 və 339.2, 339.3-cü maddələri nəzərdən keçirilə bilər. Lakin bu işin faktiki halları Mülki Məcəllənin 337, 339.2, 339.3-cü maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də Cavabdeh2 etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməz.

19. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

20. İddiaçı qətnamənin qanunsuz və əsassız olduğunu göstərsə də, bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın isə nədə ifadə olunmasını açıqlamır. "xxxx" MMC-nin əmlakının bir neçə milyon manat dəyəri olduğunu, heç kimin də bir neçə milyon dəyərində əmlakını 50 manata sata bilməsinin mümkün olmadığını göstərsə də buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yəni, MMC-nin mülkiyyətində ümumiyyətlə hansısa əmlakın olduğu təsdiq edilmir. İddiaçı tərəf də MMC-nin mülkiyyətində əmlakın olması barədə məlumatının olmadığını birinci instansiya məhkəməsində təsdiq edib(bax.i.v.72). Apellyasiya baxışı zamanı da MMC-nin mülkiyyətində hansısa əmlakın olduğunu iddiaçı tərəf təsdiq etmədi, yalnız icarəsində hansısa restoranın olduğu barədə fikirlər səsləndirildi. Bu cür vəziyyətdə məhkəmə MMCnin mülkiyyətində bir neçə milyon dəyərində əmlakın olması barədə nəticəyə nəyin əsasında gəlməli idi yaxud payın alqı-satqı qiymətinin 50 manat olmasına niyə şübhə ilə yanaşmalı idi? Əlbətdə ki, ritorik sual olsa da iddiaçı tərəf bu dəlilləri irəli sürərkən buna dair məhkəməyə ilk növbədə sübut təqdim etməli idi, ancaq etməyib, ona görə də bu cür dəlillər irəli sürülməsi də anlaşılan deyildir. 21.Alqı-satqı müqaviləsinin predmeti olmuş payın faktiki olaraq iddiaçının atasına məxsus olması dəlili həqiqi olsa belə bu hal da iddianın əsaslı olmasına təsir etmir və iddianın birbaşa təmin edilməli olmasını labüd edə bilməzdi. Çünki, bunu yalnız iddiaçı bəyan edir, Cavabdeh1 sonradan bu halı təsdiq etməsi belə iddianın əsaslı olması demək deyildir. Çünki, Cavabdeh1 ilk dəfə Cavabdeh2 qarşı 2021-ci ilin fevral ayında eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət edərkən(bax.i.v.68-70) satdığı payın iddiaçının atasına məxsus olması barədə iddia ərizəsində hansısa dəlil irəli sürə bilərdi. Ancaq həmin ərizədə alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi tamamilə başqa əsaslar göstərmişdi. xx.xx.2021-ci ildə isə bu iddiasından imtina etmişdir. Həmin iddianın da həmin vaxt əmisi oğlu olan hazırki iddiaçının xahişi ilə irəli sürülməsi başadüşülən ola bilər. Ancaq həmin iddiada da Cavabdeh1 MMC-dəki payın iddiaçının atasına məxsus olduğunu, əgər həqiqi idisə göstərə bilərdi, ancaq göstərməmişdir. Hazırki iddia üzrə cavabdeh olsa da qeyd olunan payın iddiaçının atasına məxsus olduğunu bəyan etməklə, iddianı etiraf etməyə cəhd etməsi isə yenə də iddianın əsaslı olmasını təsdiq etmir. Çünki, bu cür etiraf qanuna zidd olmamalı və digər şəxslərin, o cümlədən Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır.

22. İddiaçı Cavabdeh2 mülki hüquqlarından sui-istifadə edərək aldatma yolu ilə iddiaçının atasının əmlakına pay hüququnu özbaşına mənimsədiyini göstərsə də digər Cavabdeh1 yuxarıda qeyd olunan digər işdə bu dəlildən xüsusi hal kimi istifadə etməmişdir. Başqa sözlə Cavabdeh1 hazırki apellyasiya baxışı zamanı verdiyi izahatının məzmununda da Cavabdeh2 ona aldatmasını bilavasitə təsdiq etmir. Aldatma təsdiq olunsa belə Cavabdeh1 Cavabdeh2 qarşı 2021-ci ilin fevral ayında eyni məzmunlu iddia irəli sürməsindən İddiaçı məlumatı olmaya bilməzdi. Çünki, Cavabdeh1 hazırki iddianı etiraf edərək qeyd olunan payın iddiaçının atasına məxsus olduğuna görə də həmin vaxt özünün cavabdehə qarşı iddia irəli sürdüyünü bəyan edirsə demək ki, bu hal mütləq ki, İddiaçı istəyi və xahişi ilə olmuşdur. Ona görə də İddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən ən azından 2021-ci ilin fevral ayında məlumatı olmuşdur. Deməli, bu tarixdən hesablansa belə onun 2022-ci ilin fevral ayınadək qeyd olunan müqaviləni mübahisələndirmək üçün müddəti və imkanı olmuşdur. Ancaq iddiaçının hazırki iddiası xx.xx.2022-ci ildə birinci instansiya məhkəməsinə daxil olduğundan Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan kəsici müddəti də ötürmüşdür. Bu hal isə hazırki iddianın rədd edilməsi üçün həm də müstəqil əsas sayıla bilər.

23. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3826/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3826/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar