Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8743/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-842/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, “Azərqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi, həmin aktdan irəli gələn 1944 manat məbləğin İddiaçı hesab kodundan silinməsi və əsassız yazılmış borca tutulmuş 904,97 manatın qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-yi tərəfindən 2012-ci ildə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 1, ev 1 ünvanına smart-kart tipli, G-4 markalı, 1202AQ********** nömrəli qaz sayğacı quraşdırılmış və X1 adına **********00110 nömrəli abonent kodu verilmişdir. 25 sentyabr 2018-ci il tarixdə quraşdırılmış 1202A0********** nömrəli qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş, evdən qaz sayğacının çıxarıldığı və yoxlanıldığı zaman ona heç bir rəsmi məlumat verilməmiş və Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun iştirakı olmadan köhnə sayğac dəyişdirilərək yeni İtron tipli, G-4 markalı, 1802AZ**********34 nömrəli qaz sayğacı ilə əvəz edilmiş, 05595244 nömrəli plomb vurulmuş və baxış zamanı “sayğacın çıxış plastmas borusunda deşik aşkar olunması” və həmin deşiyin izlərinin yaşıl boya ilə bağlanması barədə ******* nömrəli akt tərtib edilmişdir. Qaz sayğacı Dövlət yoxlamasında da onun iştirakı olmadan yoxlamadan keçmiş və yoxlama barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Sayğac küçədə yerləşdiyindən ona edilmiş müdaxilə onun tərəfindən edilməsi belə aşkarlanmamışdır. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki belə olacağı təqdirdə aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçirilir və elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış “müdaxilə” inandırıcı deyildir. Ən azından sayğacın çıxış boğazından aşağıdakı paneldə deşik açılması üçün plomb qırılmalı idi. Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Digər tərəfdən küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttin abonent nəzarət etmir və ayğacın işlək vəziyyətdə olmasına sayğacın çıxış boğazından aşağıdakı paneldə dəliyin əmələ gəlməsi üçün cavabdeh deyildir. Bundan əlavə cavabdeh “Azərqaz” İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırması aparılmadan şişirdilmiş rəqəmlər yazılmışdır. Belə ki, 25.09.2018-ci il tarixdə 1202AQ********** nömrəli sayğac dəyişdirilmiş və ******* nömrəli akt tərtib edilmişdir. Lakin Cavabdeh İB-nin Bakı Regional Qazın satışı departamenti 21.09.2018-ci il tarixdə qeyd edilmiş müdaxilənin ona aid olması sübuta yetirmədikləri halda 4 gün əvvəldən “Azərqaz” Bakı Regional Qazın satışı departamenti komissiya üzvləri tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında onun koduna əsassız olaraq borc yazılmışdır. 04.12.2019-cu il tarixdə yenidən 1802AZ**********34 nömrəli sayğaca baxış keçirilmiş, lakin heç bir qüsur aşkar edilmədiyi üçün yenidən istifadə olunmasına görə abonentə təhvil verilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-842/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 1.944 manat borcun silinməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 842/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə düzgün hüquqi nəticəyə gəlmədiyindən əsaslı sayıla bilmədiyi üçün qanunsuzdur və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Lakin, məhkəmə cavabdehin təqdim etdiyi sübutsuz dəlillər əsasında qətnamə qəbul etmişdir. Beləliklə, 25 sentyabr 2018-ci il tarixdə onun iştirakı olmadan 1202AQ********** № li sayğac dəyişdirilmiş və ******* №-li AKT tərtib edilmişdir. Lakin, Cavabdeh İB Bakı Regional Qazın Satışı Deportamenti 21 sentyabr 2018-ci il tarixdə qeyd olunmuş müdaxilənin ona aid olmasını sübuta yetirmədikləri halda, 4 gün əvvəldən Cavabdeh İB Bakı Regional Qazın Sattşı Deportamenti “komissiyasının üzvləri” tərəfindən tərtib edilmiş ******* №-li AKT əsasında onun hesab koduna əsassız olaraq borc yazılmışdır. Halbuki, onun tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməyib. 01 dekabr 2020-ci il tarixdə “Abonentin Saldosu”nu aldıqda məlum oldu ki, təbii qazın itirilməsinə görə, əsassız olaraq onun hesab koduna 1.944 manat cərimə yazılmışdır. Ümumi sərfiyyat 9011 m3 olduğu halda, 1.836 manat ödəniş olmuşdur. Lakin, heç bir əsas olmadan 904,97 manat borca görə tutulma olmuşdur. Ona məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə olunması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-842/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı və Cavabdeh İB-nin nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2018-ci il tarixli akta və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair 21.09.2018-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 1.944 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respubblikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin həqiqi hallarına uyğun əsaslandırmadığından, qətnaməni qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi qismən, yəni İddiaçı **********00110 saylı abonet koduna hesablanmış 904.97 (doqquz yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, 25.09.2018-ci il tarixli aktın surətindən görünür ki, X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 1, ev 1 ünvanından İtron tipli, G-4 markalı 1202AQ********** nömrəli qaz sayğacı çıxarıalaraq, yeni İtron tipli, G-4 markalı, 1802AZ**********34 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan, 21 sentyabr 2018-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent X1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 1, ev 1 ünvanına baxış zamanı İtron tipli, G-4 markalı 1202AQ********** nömrəli qaz sayğacının Cavabdeh İB-nin 29/1710- 01648/5-29 saylı rəyinə əsasən “sayğacın çıxış plastmas borusunun deşilməsi” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi “Bədirzadə Bəylər” adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina” qeydi yazılmışdır. İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 21 sentyabr 2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent X1 (abonent kodu: **********00110, ünvan: ünvan 1r 2018-ci il tarixli, ******* saylı akta əsasən, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün (1.2 x 6 x 180=1296 m3), Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün (2.6 x 18 x 180=8424 m3), qəbul edilməklə cəmi 9.720m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır. İş materiallarında olan, abonentin saldosundan və “gasrep” məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********00110 sayla qeydiyyata alınmış abonent koduna (abonent X3) cəmi 904,97 manat borc hesablanmışdır. İş materiallarında olan, Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 035207 saylı, 18 sentyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08.09.2019-cu ildə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin sentyabr ayının 18 günündə 550 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə müqayisəli tətbiq edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiаçı İddiaçı fərdi yaşayış evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək Cavabdeh İB-nin vəzifəsi olduğu halda, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürməsini nəzərə almadan, hər hansı əsas olmadığı halda iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Odur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2018ci il tarixli ******* saylı akt əsasında İddiaçı **********00110 saylı abonet koduna hesablanmış 904.97 (doqquz yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyasının mövqeyinə görə iş materiallarında iddiаçı İddiaçı iddia tələbi təkzibolunmaz sübutlarla təsdiq olunduğundan iddiaçının apelyasiya şikayəti tam, iddia tələbi isə qismən təmin edilməlidir. Məhkəmə kоllegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi işdə olan sübutlara düzgün qiymət verilməməklə çıxarılmış və bu səbəbdən də tam əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmçinin, həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kоllegiyası iş üzrə tоplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları, iddiaçının apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək, hesab edir ki, iddiaçının apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə dair hissədə təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********00110 saylı abonet koduna hesablanmış 904.97 (doqquz yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 1.944 (min dörd yüz qırx dörd) manat təşkil edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-842/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00110 saylı abonet koduna hesablanmış 904.97 (doqquz yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8743/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8743/2021
28.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver