Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8754/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisənin abonenti olduğunu, yaşadığı ünvana saycağı qoyulduğunu və işıq pulunu vaxtlı-vaxtında ödədiyini, sonuncu dəfə ona xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 30,05 manat borcunun olmasına dair bildiriş gəldiyini, həmin bildirişdə qalıq borcunun 21,30 manat olmasının göstərildiyini, mart ayında sayğacın yandığını və cavabdehin əməkdaşlarının gəlib sayğacı dəyişdirdiklərini, xx xxx 2020-ci il tarixdə isə ona 565,89 manat borcunun olması barədə bildiriş göndərildiyini, bu borcun əsassız hesablandığını bildirmiş, buna görə də ona qanunsuz hesablanmış 521.24 manat cərimənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın ekranının oxunmadığının aşkar edildiyi, aktlaşdırma aparılaraq iddiaçıya 512 manat borc hesablandığı, məhkəmənin isə bu hala qiymət verməyərək borcu əsassız olaraq sildiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına əsasən iddiaçı cavabdeh müəssisənin abonentidir; yaşadığı mənzilə quraşdırılmış sayğacın ekranının oxunmaması səbəbilə “xxxx” ASC-nin əməkaşları tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış akt əsasında ona 521,24 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya həmin akt əsasında hesablanmış borcun əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan “xxxx” ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış 521,24 manat borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir; çünkü cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin elektrik enerjisi ilə təchizatı üzrə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə cavabdeh “xxxx” ASC iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1528/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8754/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8754/2020
10.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver