Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8765/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahvedi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” KB ASC, Cavabdeh2 və Abdullayeva (Levent) Afət Şahmar qızına (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 12 saylı Notariat Kontorunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər “xxxx” KB ASC-nin 8 saylı filialı, Cavabdeh3 (Levent) və Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 61Bi8/13 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı, iddianın təmin tədbirinə dair ərizə verərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evdə yerləşən 52 nömrəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin edilməsinin cavabdehlərə, o cümlədən digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad, ərizədə göstərilənlər barədə əsaslı sübutların olmaması, habelə ərizənin təmin edilməsinə dair əsasların müəyyən olunmaması ilə əsaslandırılmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ipoteka predmeti olan mənzilin ½ hissəsi iddiaçıya məxsusdur. Həmin mənzil ipoteka ilə yüklü edilərkən isə onun razılığı alınmamışdır. Bu isə, ipoteka predmetinin gələcək müqəddəratının iddiaçının razılığı və iştirakı olmadan həll edilməsi ilə nəticələnir. Məhz buna görə də, iddianın təmin tədbiri barədə ərizə təqdim etmişdir. Məhkəmə isə, ərizəni hansı əsasla rədd etməsini göstərməmişdir. Nəsimi Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməklə, ərizəyə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə, cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyri-mümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırkı işdən görünür ki, İddiaçı, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evdə yerləşən 52 nömrəli mənzilin Cavabdeh2 ilə birgə nikahda olduqları dövründə əldə edildiyindən onların birgə mülkiyyəti olduğunu, lakin Cavabdeh2 tərəfindən “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərkən razılığının alınmadığını bildirərək, onunla “xxxx” KB ASC və digər cavabdeh (əsas borclu) Cavabdeh3 (Levent) arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İddiaçı, işə baxılıb qurtaranadək həmin mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin edilməsinin cavabdehlərə, o cümlədən digər şəxslərə qadağan edilməsini xahiş edir. Kollegiya hesab edir ki, tələb haqlı sayılacağı halda, qətnamənin real şəkildə icrasının təmin edilməsi üçün mübahisə predmeti olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qadağanın müəyyən edilməsi əsaslıdır və iddianın təmini tədbirinin mahiyyətinə və məqsədinə uyğun gəlir. Çünki, qeyd olunan əmlaka sərəncam veriləcəyi təqdirdə, iş üzrə qəbul olunacaq qətnamənin icrası ya çətinləşəcək, ya da mümkünsüz olacaq. Ona görə də, rayon məhkəməsinin heç bir ilkin araşdıma aparmadan, yalnız formal mülahizələrə əsaslanmaqla ərizəni rədd etməsi əsaslı olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən mənzilin hazırda kimin mülkiyyətində olması (daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən), nə vaxt əldə edilməsi, tərəflərin birgə mülkiyyəti sayılıb-sayılmaması barədə ilkin zəruri sübutlar yoxlanılmalı və yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianın təmini tədbiri haqqında ərizə həll edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4833/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8765/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8765/2020
02.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver