Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-878/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı, cavabdehlərin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(001)-629/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlərə 30.000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh1 məxsus evdə olan cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24.08.2020-ci il tarixli iclasında İddiaçı ərizə təqdim edərək, cavabdehlərə veriləcək kompensasiya məbləğini artıraraq, hər cavabdehə ayrı-ayrılıqda 12.000 manat olmaqla, ümumilikdə 36.000 (otuz altı min) manat məbləğində kompensasiya verilməsi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(001)-629/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 36.000 (otuz altı min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 44A saylı evin 18 saylı mənzilindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiya verilməsi və onların mübahisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1 məxsus cehiz əşyalarının mübahisəli mənzilindən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(001)-629/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci lil tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasındakı mübahisələr 2000-ci ilin sentyabr ayının 1-dək yarandığı üçün onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr də Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Birinci instansiya məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi müqabilində cavabdehlərə cəmi 36.000 manat məbləğində təklif olunan pulun mövcud ərazidə oxşar şəraitli ayrıca yaşayış sahəsindən istifadə etmək üçün ağlabatan olması və təklif olunan məbləğin ədalətli olması qənaətinə gələrkən qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehlər hesab edir ki, mübahisəli mənzilin 5 otaqlı olması nəzərə alınmaqla onlara ağlabatan kompensasiya təklif olunmalı idi. Məhkəmə iclasında cavabdehlərin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasında xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onun Cavabdeh1 hazırda 10000 manat aliment borcu da vardır. Cavabdehlər mənzili könüllü tərk edəcəkləri təqdirdə, həmin aliment borcu da daxil olmaqla, onlara son olaraq 50000 manat kompensasiya ödəyə biləcəyini qeyd etmişdir. Cavabdehlərin vəkili X3 aliment borcu da daxil olmaqla təklif edilən 50000 manat kompensasiya məbləğinin cavabdehləri qane etmədiyini, həmin borc da daxil olmaqla, ümumilikdə 60000 manat kompensasiya məbləğini cavabdehlərin ədalətli və ağlabatan hesab etdiklərini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44a saylı evin 75.3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 18 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 800 nömrəli reyestr kitabının 74616 nömrəli vərəqində 18.06.2010-cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 26.05.2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X4 özünə məxsus olan ünvan 3-də yerləşən yaşayış sahəsi 75.3 kv.m olan 5 otaqlı mənzili oğlu İddiaçı oluna bağışlamışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmiş və 12.03.2009-cu il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8157/2019 saylı qərardadı ilə ünvan 3 ünvanda olan Cavabdeh1 məxsus cehiz əşyalarının siyahıya alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Qiymətləndirmə və Audit MMC tərəfindən verilmiş 21.10.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi ərazisində və yaxın ətrafda yerləşən mənzillərin (köhnə tikili) 2019-cu ilin oktyabr ayına olan orta aylıq icarə haqqı, yaşayış şəraitindən asılı olaraq 400-500 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 02.03.2020-ci il tarixli LP030/20 saylı qiymətləndirici mütəxəssis rəyindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən 44A saylı evin, 18 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 130.000 (bir yüz otuz min) manat, orta aylıq kirayə haqqı 450 (dörd yüz əlli) – 500 (beş yüz) manat arası təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4 ünvanlanmış sorğuya cavab məktubundan məlum olur ki, Azərbaycan Respublikası üzrə Milli Qeydiyyat Sisteminə əsasən Cavabdeh1 adına Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi ev 7, 3153-cü məhəllə, 114 saylı mənzil, Şamaxı şəhəri Mahmudağa küçəsi 10 saylı fərdi yaşayış evi və Şamaxı şəhəri Niyazi Nəcəfov küçəsi 43 sayı fərdi yaşayı evi (paylı) qeydiyyatdan keçmişdir və mülkiyyətindədir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Hazırkı mülki iş materiallarından və tərəflərin verdiyi izahatdan da müəyyən edilir ki, mübahisə predmeti təşkil edən mənzil İddiaçı mülkiyyətindədir və tərəflərin birgə yaşaması mümkün deyildir. Məhkəmə kollegiyası mülkiyyətçinin öz əmlakından maneəsiz istifadə etmək və onun üzərində istədiyi kimi sərəncam vermək kimi konstitusion hüquqlarının təmin edilməli olmasını nəzərə alaraq hesab edir ki, bu hüquqlarının həyata keçirilməsi üçün iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh şəxslərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsini və cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməsi tələb etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə verilməli olan kompensasiya məbləğinin hər cavabdehə 12000 manat olmaqla, ümumilikdə 36000 manat məbləğində müəyyən edilməsini də məhkəmə kollegiyası əsaslı və işin hallarına uyğun hesab edir. Belə ki, iş materiallarında olan və tərəflərin mübahisələndirmədiyi sənədlərlə mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə müqaviləsinin 450- 500 manat təşkil etdiyi müəyyən edilmişdir. Deməli, cavabdehlərə təklif edilən kompensasiya məbləği onların həmin ərazidə oxşar şəraitdə uzun illər ərzində (6-7 il) kirayədə yaşamasına imkan verir. Bundan başqa, Cavabdeh1 mülkiyyətində Bakı və Şamaxı şəhərlərində bir neçə yaşayış sahələrinin olması da müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında ər-arvad münasibətləri 2009-cu ildə pozulmuşdur. 12.03.2009-cu il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmiş, mübahisəli mənzil isə iddiaçının mülkiyyətinə 26.05.2010-cu ildə keçmişdir. Deməli, tərəflər arasında mənzillə bağli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından, birinci instansiya məhkəməsi bu mübahisə ilə bağlı Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(001)-629/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-878/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-878/2021
15.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver