Məhkəmə qərarları › İş №2(103)-8784/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8784/2021

23.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8784/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 24a saylı evin 104 saylı mənzilindən cavabdehin istifadə hüququna onun tərəfindən 14000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, həmin evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 24a saylı evin 104 saylı mənzili iddiaçının mülkiyyətindədir, həmin mənzil nikahdan əvvəl iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə olunmuş və iddiaçının adına tam mülkiyyət hüququ əsasında 13 aprel 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər 01 dekabr 2007-ci il tarixdə nikaha daxil olmuş və cavabdeh həmin tarixdən sonra iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan həmin mübahisəli mənzilə köçmüşdür. Onların birgə nikahdan iki uşaqları doğulmuş, cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatına alınmış və orada yaşayır. Ondan başqa həmin mənzildə 3 nəfər qeydiyyatdadır və orada yaşayırlar. Tərəflər arasında nikah 10 dekabr 2020-ci il tarixdə pozulmuş, lakin cavabdeh nikah pozulduqdan sonra da həmin mənzili tərk etməmiş və orada yaşamaqda davam edir. Tərəflər arasında hüquq münasibəti 2007-ci ildə yaranmaqla o dövrdə qüvvədə olan mülki qanunvericiliyə əsasən cavabdehin hazırkı mənzildən istifadə hüququ yaranmışdır və bu hüququn itirilməsi müvafiq kompensasiyanın verilməsi ilə mümkündür. Belə olan halda hesab etmək olar ki, 14000 manat məbləğdə kompensasiya bu məqsədlə yetərlidir, çünki cavabdeh həmin məbləğlə hazırkı yaşayış şəraitinə alternativ olan digər yaşayış sahələrindən 3-4 il müddətində istifadə edə bilər. Belə ki, məhkəməyə təqdim edilən sübutlardan da görünür ki, mübahisə dövründə mənzilin yerləşdiyi binada və ona yaxın ərazidə yerləşən binalarda yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı yaşayış üçün yararlı olan mənzillərin bazar qiyməti 65000-70000 manat arasında dəyişir, mənzillərin kirayə haqqı isə 200-300 manat həddindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən 14000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər 14 il əvvəl, yəni 01 dekabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, cavabdeh həmin vaxtdan mübahisəli mənzilə köçmüş, ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuş və mənzilə qeydiyyata alınmışdır. Mənzil tərəflər nikaha girməzdən 8 ay əvvəl alınmış, alınan zaman tam təmirsiz olmuş, birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına təmir olunaraq yaşamaq üçün yararlı vəziyyətə gətirilmişdir. Sonrakı təmirləri də nəzərə almaqla, ümumilikdə mənzilin təmirinə 35-40 min manat vəsait sərf olunmuşdur və hazırda mənzil tam təmirlidir. Birgə nikahdan 26 yanvar 2010-cu il tarixdə X2 və 10 fevral 2015-ci il tarixdə X3 anadan olmuşdur, hər iki uşaq hazırda həmin mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra hər iki uşağın ananın yanında qalması müəyyən olunmuşdur. Cavabdeh nikah pozulduqdan sonra hər iki uşağın ananın yanında qalmasına razı olduğunu bildirmişdir, bu da onu göstərir ki, iddiaçını uşaqlar maraqlandırmır, kompensasiya verilməklə mənzildən yalnız cavabdehin çıxarılmasını istəməsi bilərəkdən 3 nəfərə verilməli olan kompensasiyanı süni surətdə aşağı salmaq məqsədinə xidmət edir. İddiaçı üç otaqlı təmirli mənzilin qiymətinin 65-70 min arası olması barədə heç bir məsuliyyət daşımayan MMC tərəfindən verilmiş arayışı məhkəməyə təqdim edərək, mənzilin qiymətinə dair yanlış fikir formalaşdırmağa çalışır, halbuki Bakı şəhərinin Neapol dairəsində və həmin ərazidə üç otaqlı təmirli mənzilin qiyməti 100000 manatdan artıqdır. Ona görə də hesab edir ki, cavabdehin mənzildən istifadə hüququnun itirilməsi müqabilində kompensasiya məbləği təqribən 35000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil1 isə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinə kompensasiya məbləğinin artırılmasını, cavabdehin nümayəndəsinə 20000 manat məbləğində kompensasiya ödənilməsi barədə təklifin nəzərdən keçirilməsini təklif etdi. İddiaçının nümayəndəsi Vəkil1 təkliflə razılaşmayaraq iddiaçının hal-hazırda kirayədə yaşadığını və kompensasiya kimi yalnız 14000 manat verə biləcək imkanının olduğunu bildirdi. Cavabdehin nümayəndəsi isə məhkəmə kollegiyası tərəfindən təklif edilən 20000 manat məbləğində kompensasiya ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki işin materiallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 24a-da yerləşən, 38,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 104 nömrəli mənzil 13.04.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(011)- 6582/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, boşanmadan sonra 26 yanvar 2010-cu il təvəllüdlü X2 və 10 fevral 2015-ci il təvəllüdlü X1 ananın yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan “Lex Fori” Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən verilən 11 nömrəli arayışa əsasən, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 24a saylı və ona yaxın ərazidə yerləşən binalarda yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı yaşayış üçün yararlı mənzillərin bazar qiyməti 65000 manat-70000 manat arasında dəyişir. Cavabdehin mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notarial qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh 2007-ci ildə əri İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 24a saylı evin 104 saylı mənzilinə köçərək mənzildən istifadə hüququ əldə etmişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.07.2016-cı il tarixli Qərarına əsasən, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 14000 manat məbləğində kompensasiya müqabilində Cavabdeh Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 24a saylı evin yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı 104 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iddiaçının 2007-ci ildən hal-hazırkı dövrə qədər fasiləsiz olaraq həmin mənzildə yaşamasını, uzun illər ərzində birgə təsərrüfatın idarə olunmasında iştirak etməsini, birgə nikahlarından doğulmuş iki yetkinlik yaşına çatmayan uşağı təkbaşına saxlamasını, mənzilin üç otaqdan ibarət olmasını nəzərə almamışdır. Kollegiya hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehin iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil. Məhkəmə kollegiyası iddiaçı tərəfə daha yüksək məbləğdə kompensasiya müqabilində mənzildən istifadə hüququ olan cavabdehlə razılığa gəlmək barədə təklif irəli sürməsinə baxmayaraq, cavabdeh tərəf həmin təkliflə razılaşmamışdır. Yuxarıda sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia tələbi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar