Məhkəmə qərarları › İş №2(103)-879/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-879/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-879/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(011)-2067/22 nömrəli qətnaməsindən "Azəriqaz" İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(011)- 1964/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, "Azəriqaz" İB tərəfindən İddiaçı **********00008 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 486 manat məbləğində borcun silinməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının bərpa edilməsi, aktın ləğvi və akt əsasında tədbiq edilmiş məbləğin hesab kodundan silinməsi” tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və qeyri-qanuni hesablanmış 5.800 manat məbləğin hesab kodundan silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən 2013-cü ildə iddiaçının faktiki yaşadığı ünvan 1 ünvana smart tipli, G-4 markalı, **********3 № li sayğac quraşdırılmış, 10077052 № li plomb vurulmuşdur. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq “Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan 05 yanvar 2022-ci il tarixdə küçədə quraşdırılmış, istismar müddəti bitmiş köhnə qaz sayağacına "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş, iddiaçıya məxsus evdən qaz sayğacının yoxlanılıdığı zaman ona heç bir rəsmi məlumat verilməmişdir. Buna baxmayaraq, Azəriqaz" İB-nin əməkdaşları iddiaçının iştirakı olmadan qaz sayğacında heç bir qüsur aşkar edə bilməmiş və 05 yanvar 2022-ci il tarixdə smart tipli sayğac ilə əvəz edilmiş, 10077052 nömrəli plomb vurulmuş və bu barədə ******* № li AKT tərtib edilmişdir. 05 yanvar 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» AKT-01066xx/xx-2019 № li müqavilə bağlanmışdır. Qaz sayğacı Dövlət yoxlamasında da iddiaçının iştirakı olmadan yoxlamadan keçmiş və yoxlama barədə iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Sayğacın istismara yararsız vəziyyətə gəlməsi barədə məlumat isə özləri tərəfindən aşkar edilmişdir. Sayğac küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır. İddiaçı tərəfindən sayğaca müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki, belə olacağı təqdirdə aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttlərinə hər ay baxış keçirilir və elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış “müdaxilə” inandırıcı deyildir. Ən azından sayğacın çıxış plastmas borusunun deşilməsi üçün 00502596 № li plomb qırılmalı idi. Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Digər tərəfdən küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, sayğacın çıxış plastmas borusunun deşilməsi üçün cavabdeh deyildir. Bundan əlavə, cavabdehin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsim təsdiq edən sübutları təqdim etmir. 05 yanvar 2022ci il tarixdə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Deportamenti qeyd olunmuş müdaxilənin iddiaçıya aid olmasını sübuta yetirmədikləri halda, «komissiyasının üzvləri» tərəfindən tərtib edilmiş ******* № li AKT əsasında İddiaçının hesab koduna əsassız olaraq borc yazılmışdır. Halbuki, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməyib. Beləliklə, 10 yanvar 2022-ci il tarixdə "Abonentin Saldosu”nu aldıqda məlum olmuşdur ki, təbii qazın itirilməsinə görə əsassız olaraq iddiaçının hesab koduna 5.800 manat cərimə yazılmışdır. 4.Cavabdeh iddiaya qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İB-yə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlar tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmış, həmçinin, müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 599,04 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********00008 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşlar tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 29 noyabr 2019-cu il tarixli, ******* saylı akt, akt əsasında həmin tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, aktla müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yivli birləşmələri korroziyaya uğrayıb. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz sayğacının nominal qaz sərfi 4m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (486 manat). Bu borc bundan öncə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(011)-1964/2021 saylı qətnaməsi ilə mübahisələndirilib. Qətnamə əsasında borc məbləği silinmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər iddiaçının təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə, həmçinin sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etmə nəticəsində 599,04 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Belə ki, bundan 374,4 manat hissəsi 0,1 manat və 224,64 hissəsi 0,12 manatla hesablanmışdır. Faktla bağlı əməkdaşlar tərəfindən fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Ümumi məbləğdən iddiaçı 9 manat ödəniş həyata keçirmiş və 6,1 manat tutulmuşdur. Hal-hazırda iddiaçının 583,94 manat borcu qalmaqdadır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyriqanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar – faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(011)-2067/22 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2022-ci il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir.

6. 16 avqust 2022-ci il tarixində məhkəmə tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, akta əlavə edilmiş fotoşəkillər iddiaçıya məxsus evə aiddir. Lakin həmin ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsilə təmin edilir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(011)- 2067/22 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00008) üzrə İddiaçı hesablanmış 599,04 manat məbləğində borcun silinməsi, Cavabdehndən 68.7 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 599,04 manat məbləğində borc iddiaçıdan tələb edilmiş, lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmamışdır. Məhkəmə iddianın Cavabdeh İB tərəfindən tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, belə bir akt tərtib edilmədiyindən iddia bu hissədə əsassızdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.8, 4.9, 5.2, 6.5- bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, CavabdehİB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş, daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 599,04 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldo-da yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamış, mülki iş ekspertizaya göndərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»a müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir (2.5). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5- 6.7).

13. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh həmin hissəni apellyasiya qaydasında mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın qismən təmin olunduğu hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktda “abonent qaz sayğacından kənar təbii qazdan istifadə edir” qeyd edilmiş, bunun əsasında cavabdeh iddiaçıdan 599,04 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir.

24. Lakin məhkəmə araşdırması zamanı iddiaçının iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmamışdır.

25. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ünvanında yerində müayinə keçirilmiş və həmin ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmiş, iddiaçı isə bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız fotoşəkillərə, iddiaçının iştirakı olmadan tərtib edilmiş akta və onun əsasında hesablanmış və abonentin “saldo”sunda öz əksini tapmış məbləğə əsaslanmışdır.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

27. Həmçinin qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(011)- 2067/22 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Məhəmməd Rüstəmli

Hakimlər: Vahid Sadıqov

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar