Məhkəmə qərarları › İş №2(103)-8790/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8790/2021

23.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8790/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(004)-3733/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 29 iyun 2015-ci il tarixli 2015/00058- 01İP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 29 iyun 2015-ci il tarixli 2015/00058-01 saylı istehlak krediti müqaviləsi və həmin tarixli 2015/00058-01İP saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçıya Cavabdeh BOKT ASC tərəfindən 40000 ABŞ dolları məbləğində kredit verilmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,25 kv.m olan 3 otaqlı mənzil Cavabdeh BOKT ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit borcunu əvvəl hissə-hissə, məhkəmə qətnaməsi üzrə icra mərhələsində isə 42563 ABŞ dolları məbləğində olan bütün qalıq borcunu tam olaraq, birbaşa Cavabdeh BOKT ASC-nin hesabına köçürsə də, cavabdeh həmin məbləği iki il ərzində qəbul etməkdən imtina etmiş və ipoteka predmeti olan mənzilin hərrac yolu ilə satılmasına nail olmuşdur. Cavabdeh BOKT ASC iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət etmiş, məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə cəmi 42563,31 ABŞ dolları borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutulması, tələbin İddiaçı məxsus ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 15/17 saylı evin 77 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən mənzilin ilkin satış qiyməti 128000 manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2017ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 04 iyul 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Mənzil alıcı olmadığı üçün tələbkara “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetinin təkrar hərracdaki ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 81600 manata təklif edilmişdir. Tələbkar təklifi qəbul etmişdir. Hərrac təşkilatı olan “X1” MMC tərəfindən 21 fevral 2019-cu il tarixli “Hərracın yekunları barədə protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə tərtib edilmiş və tərəflər qeyd olunan sənədləri imzalamışlar. Qeyd olunan mənzil hal-hazırda təşkilatın mülkiyyətindədir. İddiaçı cavabdehlər Cavabdeh BOKT ASC-yə, “X1” MMC-yə və Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış, Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 15 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh BOKT ASC-nin girov qəbul etmək hüququ yoxdur. X2 tərəfindən verilmiş lisenziyada Cavabdeh BOKT ASC-nin girov əmanəti qəbul etmək hüququnun olmaması göstərilmişdir. İddiaçı buna görə də ipoteka müqaviləsinin etibarsız olduğunu hesab edir. Bununla əlaqədar etirazda bildirilmişdir ki, girov əmanəti qəbul etmək hüququ ilə girov götürmək hüququ fərqli anlayışlardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(004)- 3733/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu və məhkəmə qətnaməsinin icrasına mane olmaq məqsədilə verildiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(004)-3733/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mülki qanunvericiliyin tələblərinə uyğun ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş, bu barədə məhkəmə qətnaməsi çıxarılmış və mənzil açıq hərraca çıxarılaraq satılmışdır. Məhkəmə qətnaməsinə uyğun şəkildə mənzil açıq hərracda iddiaçı Cavabdeh BOKT ASC təəfindən əldə olunmuşdur. İş materiallarında olan Cavabdeh BOKT ASC-yə kreditlərin verilməsi üçün verilmiş lisenziyaya əsasən müəyyən edilir ki, Cavabdeh BOKT ASC-nə təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verilmişdir. İş materiallarında olan hərrac təşkilatının hərracın yekunları barədə 171 nömrəli protokoluna əsasən müəyyən edilir ki, ipoteka predmeti Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzilidir. İpoteka predmetinin ilkin hərrac qiyməti 128000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən 15% endirimlə 108800 manat, həmin Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 81600 manat olaraq müəyyənləşdirilmişdir. İpoteka predmetinin alıcısı Cavabdeh BOKT ASC-dir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, ipoteka predmeti alıcı tərəfindən 81600 manata əldə olunmuşdur. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh BOKT ASC-nin tam pay hüququ tanınmış, 26.11.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu səbəbdən, ipoteka müqavilənin etibarsız hesab edilməsinə əsas yoxdur. Apellyatorun dəlilləri formal mülahizələrə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(004)- 3733/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar