Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8796/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)- 2013/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus **********00025 saylı abonent hesabına əsassız hesablanmış 78,70 manat və 885,60 manat, cəmi 964,30 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun mənzilində yaşayış olmamış, lakin evin təmiri ilə əlaqədar ustalar ondan xəbərsiz 2020-ci ilin aprel ayında təbii qazdan istifadə etmişlər. Ona görə də iddia tələbinin həcmini azaldaraq Cavabdeh tərəfindən əsassız hesablanmış 885,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin sentyabr ayından Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X1 yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ilin aprel ayından avqust ayına qədər həmin evdə təmir tikinti işləri aparılmışdır. Ona məxsus yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. 03 mart 2020-ci il tarixdə yaşadığı ünvana sayğac qoyulmuşdur. Yaşadığı ünvana dair 30 mart 2020-ci il tarixli ******* saylı və 08 aprel 2020-ci il tarixli ******* saylı aktlar tərtib olunmuşdur. Təxminən 1 ay əvvəl Cavabdeh əməkdaşları ona yaşadığı fərdi yaşayış evinin qaz xəttinin kəsiləcəyini və sayğacdan kənar təbii qazdan guya qeyri-qanuni istifadə edildiyini, hər iki akt üzrə 78,70 manat və 885,60 manat borc hesablandığını bildirmişlər. Həmin borcun haradan yaranmasını araşdırmaq üçün yerli qaz idarəsinə iki dəfə müraciət etmişdir. Ona məlum olmuşdur ki, təbii qazdan istifadəyə görə haqları vaxtlı-vaxtında ödəsə də, barəsində qanunsuz aktlar tərtib olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, evdə təmir işləri gedən dövrdə ustalar 2020-ci ilin aprel ayında ondan xəbərsiz qaz xəttinə qanunsuz qoşularaq təbii qazdan sayğacdan kənar istifadə etmişlər. Buna görə də hesab edir ki, yalnız 30 mart 2020-ci il tarixdə tərtib olunmuş akt üzrə qanunsuz hesablanmış 885,60 manat borc silinməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-2013/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X3 ünvanı üzrə **********00025 saylı abonent hesabına qaz sərfinə görə hesablanmış 885,60 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş aktlar 2020-ci ilin mart-aprel ayları üçün tərtib edilmiş, hər iki halda cavabdeh təşkilatın səlahiyyətli əməkdaşları qaz xətlərinə və onların üzərinə quraşdırılmış sayğaclara baxış keçirərkən həmin fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində təbii qazdan sayğacsız qeyri-qanuni istifadə halları aşkar etmişlər. Lakin göründüyü kimi cavabdeh faktlarla təsdiq olunmuş qanunazidd hərəkətlərinə onun təqsirsizliyinə dair hər hansı əsas, fakt, əks arqument gətirə bilməmiş, əksinə belə qanunazidd, təqsirli hərəkətlərinin guya olmamasını əsas gətirərək məhkəmədə yanlış fikir formalaşmasına nail olmaq istəmiş, onun maddi imkanının olmamasını nəzərə alaraq iddiaçı birinci instansiya məhkəməsində yalnış fikir formalaşdıra bilmiş, yəni ona hesablanmış borcun silinməsinə nail olmuşdur. İddiaçıya aid olan **********00025 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qətnamə qəbul olunarkən məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarında olan təbii X2nın pozulması haqqında 30 mart 2020-ci il və 8 aprel 2020-ci il tarixli aktlardan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X1 yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edildiyinə görə müvafiq olaraq 885,6 manat və 78,7 manat borc hesablanmışdır. Həmin ünvanda təbii qazdan sayğacsız istifadə olunmasını təsdiq edən fotoşəkillər çəkilmişdir. İddiaçı Xəzər Rayon Məhkəməsinə ünvanladığı 5 may 2021-ci il tarixli ərizədə evində təmir işləri aparan ustalar tərəfindən ondan xəbərsiz 2020-ci ilin aprel ayında təbii qazdan qanunsuz istifadə edildiyini etiraf etmiş və 78,7 manat cəriməni qəbul etdiyini bildirmişdir. Aktların tərtib olunma tarixlərindən görünür ki, həmin aktlardan biri 2020-ci ilin mart ayının sonunda, digəri isə bundan cəmi 9 gün sonra tərtib olunmuşdur. İddiaçı 8 aprel 2020-ci il tarixli aktın doğruluğunu etiraf etsə də, bundan 9 gün əvvəl tərtib olunmuş aktın doğruluğunu şübhə altına almasını əsaslandıra bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.2-ci bəndinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidirlər. Azərbaycan Republikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən iddiaçının barəsində qanunsuz akt tərtib olunmaqla ona ziyan vurulması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti 885,60 manat olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-2013/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh İB-yə qarşı cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X1 yerləşən yaşayış sahəsinə əsassız olaraq borc kimi yazılmış 885,60 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8796/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8796/2021
23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver