Məhkəmə qərarları › İş №2(103)-88/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-88/2025

14.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-88/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhəri Nizami bələdiyyəsi, Cavabdeh3, Bakı Şəhəri 52 saylı Notariat Ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2021-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinə dair Cavabdeh3 ilə Bakı Şəhəri Nizami bələdiyyəsi arasında bağlandığı bildirilən xx.xx.2006-cı il tarixli qərarın, torpaq alğı-satqısına dair tarixsiz aktın və “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* №-li “Çıxarışın” ləğv edilməsi, həmin torpaq sahəsinə dair satıcı olaraq Cavabdeh3 ilə alıcı olaraq Cavabdeh1 arasında bağlanmış və Bakı Şəhəri 52 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2016-cı il tarixli, AN – 10586046 №-li “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* №-li “Çıxarışın” ləğv edilməsi və icarəsində olan torpaq sahəsində dağıdılmış tikilinin (hasarın) və kəsilmiş 15 ədəd müxtəlif ağacların bərpa edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.metr torpaq sahəsi 15 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bununla bağlı iddiaçı ilə Nizami bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı qanunla nəzərdə tutulmuş qaydada icarəsində olan torpaq sahəsinə görə vaxtlı-vaxtında icarə haqqını ödəmiş və müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 iddiaçının icarəsində olan torpaq sahəsinə dair Nizami bələdiyyəsinin saxta xx.xx.2006-cı il tarixli qərarını hazırlamış, daha sonra torpaq alğı-satqısına dair tarixsiz saxta akt hazırlayaraq, bu sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişlər. Belə ki, həmin qərar və akt Cavabdeh3 adına saxta yolla hazırlanaraq cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, həmin qərar və akt əsasında iddiaçının icarəsində olan torpaq sahəsini əhatə edən Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 52 saylı Notariat Ofisində həmin torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2016-cı il tarixli, AN–10586046 №-li müqavilə bağlamış, bu müqavilə əsasında Cavabdeh1 iddiaçının icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış və bu barədə Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. Cavabdeh1 iddiaçının icarəsində olan torpaq sahəsindəki tikilini (hasarı) dağıtmış, həmin ərazidə olan 15 ədəd müxtəlif ağacları kəsmişdir. İddiaçı bu barədə xəbər alandan sonra dərhal Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə şikayət etmişdir. İddiaçının həmin şikayəti əsasında Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılmışqdır. Cinayət işinin istintaqı zamanı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 29481 №-li və xx.xx.2019-cu il tarixli, 939 №-li rəyləri alınmışdır. Həmin rəylərlə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Hazırda həmin cinayət işinin istintaqı Nizami RPİ-nin İŞ-də davam etdirilir. İddiaçının icarəsində olan torpaq sahəsinin saxtalaşdırılmış sənədlərlə əldə edilməsi təsdiq edildiyindən torpaq sahəsinin geri qaytarılması barədə məhkəməyə müraciət etməsinə dair Nizami RPİ iddiaçıya rəsmi məktub vermişdir. İddiaçı da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. b) iş üzrə tərəflərin Rayon Məhkəməsinə verdikləri izahatlar barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh3 Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, 2014-cü ildə torpaq sahəsi almaq üçün maklerə (vasitəçiyə) müraciət etmiş, makler də ona hazırda mübahisəli olan torpaq sahəsinin olması barədə məlumat vermişdir. Əvvəllər həmin yer Mirrasim Seyidov adlı şəxsə məxsus olmuşdur. Torpaq sahəsi 5 sotdan ibarətdir və orada ağac olmamışdır. Torpaq sahəsini o, Mirrasim Seyidovdan 15.000 ABŞ dollarına almışdır. Pulu da Mirrasim Seyidovun özünə vermişdir. Torpaq Mirrasimin adına olmuşdur. Ona görə də bələdiyyədə onun adına sənəd olmamışdır. Torpaq sahəsinin ətrafını onlar 1 aya çəpərləmişlər, heç kəs də onlara yaxınlaşıb, sahənin ona məxsus olmasını deməmişdir. O vaxt bilsəydi ki, torpaq sahəsi belə problemlidir, sahəni almazdır. Sənədlərin saxta olduğunu yalnız Nizami RPİ-yə çağırıldıqdan sonra bilmiş və vasitəçi ona 15.000 əvəzinə 20.000 pul qaytarmışdır. Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rasim adlı şəxs öz adına olan bələdiyyə sənədini onun adına keçirmiş, ona görə alğı-satqı onun adına olmuşdur. Torpaq sahəsi də 1 ilə yaxın onun adına olmuşdur. Makler də ona satılan torpaq sahəsini sənədləşdirə bilmədiyi üçün pulu ona geri qaytarmışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir.

5. Cavabdeh Bakı Şəhər Nizami bələdiyyəsinin nümayəndəsi X7 Rayon Məhkəməsində verdiyi izahatında bildirmişdir ki, bələdiyyədə yalnız iddiaçı ilə bağlanmış müqavilə vardır. Bununla bağlı bələdiyyədə çertyoj, protokol, qərar da vardır. Lakin digər tərəflə bağlı Nizami Rayon Bələdiyyəsində heç bir sənəd yoxdur. Bələdiyyənin ehtiyat fondu da olmamışdır ki, kiməsə torpaq satsın. Ona görə də Cavabdeh3 adına əmlakın aktla necə keçdiyi onlara məlum deyildir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilə bilər.

6. Cavabdeh 52 saylı Notariat Ofisinin notariusu Elçin Zeynalov iddia tələbinə qarşı etirazla Rayon Məhkəməsinə müraciət etmiş və etirazında göstərmişdir ki, hazırki iş üzrə etibarlılığı mübahisələndirilən müqavilə üzrə tərəflər xx.xx.2016-cı il tarixində 52 saylı Notariat Ofisinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərini rəhbər tutularaq həmin şəxslərin şəxsiyyəti, fəaliyyət qabiliyyəti, eləcə də nümayəndənin səlahiyyəti yoxlanmış, həmçinin daşınmaz əmlakın üzərində məhdudiyyət və yüklülüyün olub-olmaması barədə məlumat “Elektron notariat informasiya sistemindən” xx.xx.2016-cı il tarixində real vaxt rejimində əldə edilmiş və həmin əmlakın üzərində məhdudiyyət və yüklülüyün qeydiyyata alınmaması müəyyən edilmişdir. Əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra iradələrinə uyğun əqdin layihəsi hazırlanmışdır. Əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflər əqdin bağlanmasının nəticələri barədə xəbərdar edilmişlər. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir.

7. İş üzrə digər cavabdehlər Nairə Süleymanlı və “DƏDK və R” PHŞ-in 1 saylı Bakı Əİ-nin nümayəndəsi məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iddia tələbinə dair yazılı münasibət bildirməmiş və bunların səbəbləri haqqında Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 500 kv.metr torpaq sahəsinin Cavabdeh3 ayrılmasına dair Bakı Şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarının, həmin torpaq sahəsinin Cavabdeh3 satılmasına dair Nizami bələdiyyəsinin tarixsiz aktının ləğv edilməsini, həmin torpaq sahəsinə dair satıcı olaraq Cavabdeh3 və alıcı olaraq Cavabdeh1 arasında bağlanmış və Bakı Şəhəri 52 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış 21.112016-ci il tarixli, AN-1 seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsini, “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li “Çıxarışın” ləğv edilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə Nizami bələdiyyəsi arasında “bağlanmış” torpağın alğı-satqısına dair akt və həmin aktın çıxarılmasına əsas olmuş “Alğı-satqı müqaviləsi” yalan əqdlərdir. Belə ki, Cavabdeh3 torpağın mülkiyyətçisi olan Nizami bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış, torpaq sahəsi ayrılması üçün mülki qanunvericiliklə nəzərdə tutulan ilkin sənədlər mövcud olmamışdır. Cavabdeh3 istinad edərək mülkiyyət hüququ əldə etdiyi və bunun nəticəsi olaraq əmlakı özgəninkiləşdirdiyi sənədlər (torpaq sahəsi ayrılmasına dair Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı, torpaq alğı-satqısına dair tarixsiz akt) əslində mövcud olmamışdır. İşin bu halını bələdiyyənin məhkəmə iclasında iştirak edən nümayəndəsi də təsdiq etmişdir. Ona görə də həmin sənədlərin heç bir hüquqi qüvvəsi olmamışdır. Bu səbəbdən xx.xx.2006-cı il tarixli qərar, torpaq alğı-satqısına dair tarixsiz akt ləğv edilməli, həmin qərarın qəbulundan 1 ay sonra Cavabdeh3 ilə Cavabdeh1 arasında 52 saylı Notariat Ofisində bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ seriyalı, 10586046 nömrəli müqavilə də etibarsız hesab edilməli, “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* №-li “Çıxarış” ləğv edilməlidir.

10. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, hal-hazırda torpağın mülkiyyətçisi Cavabdeh3 deyil, Cavabdeh1dır. Həmin şəxslər arasında alğı-satqı həyata keçirilərkən qeyd olunan çıxarış hüquqi qüvvəsini itirmişdir. Ona görə də, “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş RX seriyalı, 093759 №-li, xx.xx.2006-cı il tarixli “Çıxarışın” ləğv olunması barədə tələb təmin edilməməlidir.

11. Rayon Məhkəməsi torpaq sahəsində dağıdılmış tikilinin (hasarın) və kəsilmiş 15 ədəd müxtəlif ağacların bərpa edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması hissəsində iddia tələbinə qiymət verərkən belə nəticəyə gəlmişdir ki, həmin hissədə iddia sübuta yetirilməməsi əsası ilə təmin edilməməlidir.

12. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, “İcarə haqqında” Azərbaycan Respublikası qanununun 1, 8.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 340.2, 706.1, 706.2, 706.3, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 22.1-ci maddəsinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Q.İbadovun şikayəti üzrə” xx.xx.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. d) apellyasiya şikayəti barədə məlumat

13. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdeh1 adından verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Daşınmaz əmlakın dövlət reyestrindən” dövlət tərəfindən verilmiş “Çıxarış” əsasında Cavabdeh3 məxsus olan mübahisəli torpaq sahəsini notarial qaydada təsdiq olunmuş “Alğı-satqı müqaviləsi” əsasında almışdır. Həmin “Alğı-satqı müqaviləsi” əsasında da Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış və bu barədə ona “Reyestrdən çıxarış” verilmişdir. Cavabdeh1 iddiaçını və Cavabdeh3 əvvəllər heç vaxt tanımamışdır. “Alğı-satqı müqaviləsi” bağlanan zaman Cavabdeh1 mübahisəli torpaq sahəsinin Cavabdeh3 adına saxta sənədlər əsasında dövlət qeydiyyatına alınmasını bilə bilməzdi. Buna görə də, hesab edilməlidir ki, o, torpaq sahəsinin vicdanla davranaraq almışdır. Bundan əlavə, iş materiallarında olan ekspertiza rəyindən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olmuş və bələdiyyənin iddiaçıya torpaq sahəsini icarəyə vermək səlahiyyəti olmamışdır. Həmçinin iddiaçının bağladığı icarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitir və icarəyə götürənin həmin torpaq üzərində həmin vaxtdan sonra hüquqları bitdiyindən, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ aradan qalxacaqdır.

15. Cavabdeh3 adından verilmiş apellyasiya şikayətinin məzmunu digər Cavabdeh1 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. e) apellyasiya instansiya məhkəməsində birinci icraat barədə məlumat

16. İşə (ilk dəfə) baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 10/2424 №-li rəy ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan 500 kv.metr torpaq sahəsi ilə Bakı Şəhəri Nizami bələdiyyəsi və iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” əsasında sonuncuya ayrılmış 340 kv.metr torpaq sahəsi 318 kv.metr hissədə naturada və elektron kadastr məlumat bazasının məlumatlarına əsasən üst-üstə düşür.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Nairə Süleymanlının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarının, Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə iddianın təmin edilməsinə dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə sözügedən iddia tələblərinə mülki iddia icraatı qaydasında baxılmalı olmadığına görə, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi (İş № 2(103)-260/2022) ilə cavabdehlər Cavabdeh3 və Nairə Süleymanlının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməsi, Rayon Məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni “Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı Şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2016-ci il tarixli, AN-İ seriyalı, ******* №-li müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli “Çıxarışın” ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının iddiaçıdan alınıb apellyatorlara ödənilməsi, apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pulun iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrindəki” qeydiyyatın məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir. Başqa sözlə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdehlər Cavabdeh3 Cavabdeh1 ilə bağladığı “Alğı-satqı müqaviləsi” üzrə sonuncu vicdanlı alıcı olduğundan, onun əmlak hüquqları qorunmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddə 139.1, 140, 144.1, 144.2, 144.3, 146.1, 146.2, 149.2, 324.1, 337.1, 647.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.2, 385.1. 385.1.1, 385.1.4, 386, 390-cı maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. f) kassasiya instansiya məhkəməsində icraat barədə məlumat

21. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (iş № 2(102)-2293/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını qərara almışdır.

22. Kassasiya instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi zəruri araşdırma aparmadan Cavabdeh1ının mübahisələndirilən daşınmaz əmlakın vicdanlı alıcısı olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçı Cavabdeh3 verilmiş bələdiyyə qərarının saxta olmasını, onun əsasında aparılmış reyestr qeydinin əsassız olmasını, sonradan bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız olmasını və hüquqi əsas olmadan əmlakından məhrum edildiyini iddia etməklə, əmlakın hazırki mülkiyyətçisinin vicdanlı sahib olmamasına dair dəlillər irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə mövqeyini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi məhz iddiaçının şikayəti əsasında aparılan cinayət təqibi materiallarını sorğu vasitəsi ilə əldə edərək araşdırmış, Cavabdeh3 verilmiş bələdiyyə qərarının müvafiq bələdiyyə tərəfindən verilmədiyini, imzaların bələdiyyənin səlahiyyətli şəxsinə, möhürün isə bələdiyyəyə aid olmamasını müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi bələdiyyə qərarı barədə irəli sürülmüş mübahisə ilə bağlı haqlı qənaətə gələrək həmin hissədə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmasını yolverilməz hesab etmiş, həmin hissədə iş üzrə icraata xitam verərək iddiaçıya bələdiyyə qərarının mübahisələndirilməsi imkanının inzibati icraat qaydasında mümkün olduğunu izah etmişdir. İddianın digər hissə üzrə məhkəmə baxışını davam etdirən apellyasiya instansiya məhkəməsi iddiaçıya bu imkandan istifadə etməsinə imkan yaratmamış, tələblərin bir-birinə bağlı olub-olmamasını müzakirə etməmiş və digər əsasla (55-ci bəndə göstərilən əsasla) iddianın rədd olunmalı olması nəticəsinə gəlmişdir. İşin yeni apellyasiya baxışında iddiaçının həmin tələblə inzibati orqana və ya müvafiq prosessual qaydalara əməl olunduqdan sonra məhkəməyə müraciət edibetməməsi, müraciət edilməsi təsdiq olunduğu halda baxılan iş üzrə icraatın dayandırılması mümkünlüyünü tərəflərlə birlikdə müzakirə etməlidir. İddiaçının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş cinayət təqibi materiallarında olan cavabdeh X1 Ziya Novruz oğlu ilə X4 arasında olan üzləşmə protokolunda Ziya Tağıbəyli verilmiş suala cavab olaraq götərmişdir ki, “… mən X2 ifadəsini eşitdim. Həmin ifadəni qismən təsdiq edirəm. Belə ki, Cavabdeh1 mənim anamdır. Təxminən 2015-ci ildə Nizami rayon ərazisində torpaq sahəsi almaq istəyirdim. Həmin dövrdə adını və anket məlumatlarını unutduğum ev alğı-satqısı ilə məşğul olan makler mənə Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 500 kv.m. olan sahəni göstərərək satıldığını bildirdi. Mən həmin vaxt maklerə həmin torpaq sahəsini almaq üçün 40.000 manata razılaşdım. Mən maklerlə danışdım maklerdə torpağın sahibi olan Cavabdeh3 ilə danışdı. Sonra məni Faiqlə tanış etdi. Faiqlə tanış olana qədər makler torpağın sənədinin kserosurətini mənə göstərmişdir. Həmin vaxt torpaq X5 bələdiyyə qərarı əsasında verilmişdir. Əlində ancaq təxminən 2006-cı il tarixli bələdiyyə sənədi var idi. Mən Faiq ilə Xətai rayon Əhmədli qəsəbəsi Bakı kinoteatrı ilə üzbəüz yerləşən notariat kontoruna getdim, orada Faiqin adından mülki etibarnamə aldım. Həmin sənəd əsasında DƏDRX-dən çıxarış aldım. Sonra anamın adına alğı-satqı etmək üçün 52 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə “Alğı-satqı müqaviləsi” bağlandı. Anamın adına olan sənədlər Reyestr Xidmətinə təqdim olundu və onun adına çıxarış verildi”. Həmin protokolda X4 ifadəsində göstərir ki, “… səhəri gün Ziya və Nihad adlı şəxslə görüşdük, söhbət etdik və torpağı 50.000 manata razılaşdıq və həmin vaxt Ziya və Nihada bildirdim ki, bələdiyyə qərarının kötüyü yoxdur. İstəyirsinizsə Kamrana deyim sizə kömək etsin. Onlar dedilər Kamran lazım deyil özümüz düzəldəcəyik”. İddiaçı kassasiya şikayətində isə göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən Nizami RPİ-nin İŞ-dən tələb edilərək öyrənilmiş ********* №-li cinayət işi üzrə dindirilmiş şahidlər X4, X10, X8 və X6 ifadələri və üzləşdirmə protokolları ilə tam təsdiq edilib ki, saxta bələdiyyə qərarını Hüseynov Sürüyə və Cavabdeh3 qəbul edən, daha sonra sonuncudan 99 illiyə etibarnamə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin dövrdə işləyən qardaşı vasitəsilə saxta bələdiyyə qərarı əsasında Cavabdeh3 adına “Çıxarış” alan, daha sonra həmin “Çıxarış” əsasında Cavabdeh3 adından sonuncuya “məxsus” torpaq sahəsini anası, Cavabdeh1 satan Ziya Tağıbəyli bilirdi ki, cinayətlə məşğul olur və özgəninkiləşdirdiyi torpaq sahəsinə aid sənədlər saxtadır. Daha sonra kassasiya şikayətində göstərilir ki, sözügedən cinayət işinin materiallarından aydın olur ki, hazırda torpaq sahəsinin “mülkiyyətçisi” olan Cavabdeh1 oğlu Ziya Tağıbəyli iş üzrə digər Cavabdeh3 və makler Sürüyə Hüseynovla əlbir olaraq birincidən 99 illiyinə etibarnamə alaraq onun adına olan saxta bələdiyyə qərarı əsasında mübahisə predmeti olan torpaq sahəsini özgəninkiləşdirmiş, daha sonra isə Cavabdeh1 ilə formal alğı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini anasının adına, əslində isə öz mülkiyyətinə keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi hallarla bağlı dəlilləri ətraflı araşdırılmalı olduğu halda apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmamışdır. Belə olan halda həqiqətən torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının saxta olması, həmin torpaq sahəsinə dair cavabdeh N.Süleymanovanın oğlu X15 Hüseynov tərəfindən etibarnamə verilib-verilməməsi, həmin etibarnamə əsasında Z.Tağıbəylinin Cavabdeh3 adından reyestrdən çıxarış alınması üçün reyestr orqanına müraciət edib-etməməsi, reyestrdən çıxarışın alınması, alğı-satqı müqaviləsi bağlanarkən satıcının və alıcının adından kimin çıxış etməsi müzakirə edilməli, müəyyən olunmuş hallar işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməli, göstərilən faktların təsdiq olunması halında isə vicdanlıq prinsipinə uyğun dəyərləndirmə aparılmalı və məsələyə maddi hüquqi baxımdan hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin (140-cı maddəsinin) dispozisiyasından da görünür ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna təşkil edir. Mövcud mübahisə daşınmaz əşyanın (torpaq sahəsinin) qanunsuz əldə edilməsi iddiası ilə bağlıdır. Bu zaman vicdanlı əldə etmə ilə bağlı hüquq münasibətlərini Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələri tənzimləyir. Mülki hüquqda vicdanlılıq müxtəlif hüquq münasibətlərində nəzərə alınan dürüstlük qaydasıdır. Bu qayda, hər bir şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə” xx.xx.2011-ci il tarixli qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. g) apellyasiya baxışının hədləri barədə məlumat

23. İşə apellyasiya qaydasında təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Rayon Məhkəməsi, hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianı qismən təmin etsə də, iddiaçı həmin qətnamədən apelyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə mövqeyi ilə razılaşmışdır.

24. Qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermiş şəxslər isə qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş etsələr də, şikayətlərin məzmunundan aydın olur ki, onlar da iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmirlər. Onlar qətnaməni iddia tələbinin bir qisminin təmin edilməsi hissəsini mübahisələndirirlər.

25. Bundan başqa qeyd edilməlidir ki, işə apellyasiya qaydasında il dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin qətnaməsini, qismən, yəni Bakı Şəhər Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması hissəsində ləğv etmiş və bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə də iş üzrə icraata xitam vermişdir

26. Odur ki, Məhkəmə, Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız “Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış və 52 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2016-cı il tarixli, AN 10586046 №-li “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* №-li “Çıxarışın” ləğv edilməsi” hissələrdə yoxlamışdır. h) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

27. İş üzrə cavabdeh Nairə Süleymanlının vəkili (nümayəndəsi) Vəkil4, habelə nümayəndəsi (oğlu) X12ü apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, Nairə Süleymanlının apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, məzmununa uyğun izahat verərək, həm Nairə Süleymanlının, həm də iş üzrə digər Cavabdeh3 verdikləri apelyasiya şikayətlərinin təmin edilməsini Məhkəmədən xahiş etdilər.

28. Cavabdeh Nairə Süleymanlı və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq sonuncu məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

29. İddiaçının vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, hər iki apelyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi.

30. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın sonrakı iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

31. İş üzrə digər cavabdehlər – Bakı Şəhəri 52 №-li Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya baxışı iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. 32 İş üzrə tərəflərin məhkəmə iclasında iştirak etməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

33. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, apelyasiya baxışının predmeti olan hissədə iddia təmin edilməməlidir.

34. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı və həmin Bələdiyyə ilə iddiaçı arasında bağlanmış xx.xx.2006cı il tarixli “İcarə müqaviləsinə” əsasən Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan torpaq sahəsi 15 il müddətinə iddiaçının icarəsinə vermişdir.

35. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində reyestrdə qeydə alınmışdır.

36. Cavabdeh3 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh3 ona məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini 30.000 manata Cavabdeh1 satmışdır.

37. “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, həmin torpaq sahəsi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində reyestrdə qeydə alınmışdır.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2424 saylı rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan 500 kv.metr torpaq sahəsi ilə iddiaçıya Nizami bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsi əsasında ayrılmış 340 kv.metr torpaq sahəsinin 318 kv.metr hissədə naturada və elektron kadastr məlumat bazasının məlumatlarına əsasən üst-üstə düşür.

39. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29481 saylı və xx.xx.2019-cu il tarixli, 939 saylı rəylərdən görünür ki, Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarındaki (torpaq sahəsinin Cavabdeh3 ayrılması barədə) imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir.

40. Bakı Şəhəri Nizami bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli “Torpaq icarə müqaviləsinin” müddəti uzadılmamışdır (məktuba xx.xx.2006-cı il tarixli “Torpaq icarə müqaviləsinin surəti əlavə edilmişdir).

41. Həmin Bələdiyyənin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, mübahisəli 340 kv.m. olan torpaq sahəsinə dair iddiaçı ilə torpaq icarə münasibətləri faktiki olaraq davam etdirilir, onun tərəfindən 2024-cü il daxil olmaqla torpaq icarə haqqı ödənilmişdir və faktiki olaraq həmin torpaq sahəsi onun istifadəsindədir.

42. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından (İş № 2- 1(112)-1460/2024) görünür ki, həmin qərardad ilə İddiaçı cavabdeh Bakı Şəhəri Nizami bələdiyyəsinə qarşı (Cavabdeh1 və Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə) “qərarın və torpaq sahəsinin satılmasına dair aktın etibarsız sayılması tələbi barədə” iddiasının mümkün sayılmaması qərara alınmışdır.

43. Bakı İnzibati Məhkəməsi həmin iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, müqavilə 15 il müddətinə bağlanılmışdır. Bu da o deməkdir ki, icarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Müqavilədə “İcarəçi”nin hüququ kimi “İcarə müqaviləsinin uzadılması üçün “İcarəyəverən”ə təklif vermək” qeyd edilmişdir. Lakin müqavilə müddətinin avtomatik uzadılması ilə bağlı heç bir müddəa yer almamışdır. Eyni zamanda Bakı Şəhəri Nizami bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinin müddəti uzadılmamışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında həmin müqaviləyə qeyd olunan 15 il müddət bitdikdən sonra xitam verilmiş sayılır. İş materiallarından da görünür ki, torpaq icarə müqaviləsinin müddətinin uzadılması və onun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsi barədə heç bir sübut təqdim edilməmiş və ya məhkəmənin sorğuları əsasında əldə edilməmişdir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır”.

44. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından (İş № 2-1(103)-4080/2025) görünür ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı (İş № 2-1(102)-1113/2025) ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

46. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2025ci il tarixli qərardadı (İş № 2-1(112)-4566/2025) ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı, Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməklə “icarə müqaviləsinin uzadılması öhdəliyinin bələdiyyənin üzərinə qoyulması tələbi barədə” iddiasının mümkün sayılmamıası qərara alınmışdır.

47. Bakı İnzibati Məhkəməsi, həmin iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisə torpaqla bağlı bağlanmış icarə müqaviləsindən irəli gəlmiş, cavabdehin statusundan (inzibati orqan olmasından) asılı olmayaraq, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmənin həmin qərardadı iddiaçı Elza Novruzovpa tərəfindən apelyasiya qaydasında mübahisələndirilmiş, qərardad qüvvədə saxlanılmışdır.

48. İşdə olan sənədlərdən həmçinin görünür ki, hazırkı iş üzrə İddiaçı şikayət ərizəsi ilə Nizami RPİ-yə müraciət edərək, onun icarəsinə verilmiş torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyeastrində qeydə alınması aşkar olunmuşdur. Fakt üzrə Nizami RPİ-də ********* №-li cinayət işi başlanılmışdır.

49. Cinayət işinin istintaqı zamanı alınmış ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir.

50. Nizami Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda) əsasən dayandırılmışdır.

51. Nizami RPİ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1.-ci maddəsinə əsasən dayandırılmışdır.

52. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən həm İddiaçı vəkili (nümayəndəsi), həm də Cavabdeh1 vəkili (nümayəndəsi) Məhkəməyə verdikləri izahatlarında bildirmişlər ki, cinayət işi üzrə icraatın dayandırılması barədə Nizami RPİ-nin qərarının bu gün də qüvvədədir, cinayət işi üzrə icraat dayandırılmış vəziyyətdədir.

53. Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası, Mülki Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5).

54. Məhkəmə qeyd edir ki, apelyasiya baxışının predmeti olan hissədə etibarlılığı mübahisələndirilən Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN seriyalı, 10586046 №-li “Alğı-satqı müqaviləsinin” bağlanmasına əsas olan Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, habelə həmin çıxarışın əldə olunması üçün əsas olan Bakı Şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 №-li qərarının və tarixsiz aktın etibarsızlığının tanınması barədə İddiaçı irəli sürdüyü iddia qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə mümkün sayılmamışdır. Başqa sözlə, mübahisəli torpaq sahəsinin Cavabdeh3 adına ayrılması barədə sənədlər etibarsız hesab edilməmiş, ləğv olunmamışdır. Həmin sənədlər hazırda da qüvvədədir.

55. Məhkəmə onu da qeyd edir ki, İddiaçı şikayəti əsasında Nizami Rayon Polis İdarəsində başlanılmış cinayət işi üzrə mübahisəli torpaq sahəsinin Cavabdeh3 ayrılması barədə Bakı Şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 №-li qərarındakı imzanın saxtalışdırılması faktı müəyyən edilsə də, həmin əməlin törədilməsində təqsirli bilinən şəxsin müəyyən edilib məsuliyyətə cəlb olunması mümkün olmamış, bu səbəbdən cinayət işi üzrə icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.

56. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin Cavabdeh3 ayrılması barədə Bakı Şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 №-li qərarındakı imzanın saxtalışdırılması faktı üzrə təqsirli şəxs müəyyən olunmamış, habelə həmin faktla bağlı qanuni qüvvəsini almış məhkəmə hökmü da mövcud deyil.

57. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

58. Bunlardan başqa, işdə olan sənədlərə, o cümlədən qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən o da müəyyən edilir ki, Bakı Şəhəri Nizami bələdiyyəsi və iddiaçı arasında bağlanmış torpağın icarəyə verilməsi barədə xx.xx.2006-cı il tarixli müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, sonradan həmin müqaviləsinin müddəti uzadılmamış, müqaviləyə xitam verilmişdir.

59. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olsa da, onun bağladığı icarə müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi iddiaçının bu hüququnu aradan qaldırmışdır.

60. Bununla bağlı Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

62. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi, iddiaçının subyektiv hüququnun artıq aradan qalxması əsası ilə də təmin edilməməlidir. k) nəticə

63. Beləliklə də apellyasiya baxışının nəticəsini nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni “Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış və 52 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2016-cı il tarixli, AN 10586046 №-li “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* №-li “Çıxarışın” ləğv edilməsi” hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı həmin tələbləri təmin edilməsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar