Məhkəmə qərarları › İş №2(103)-882/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-882/2021

28.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-882/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – Heydər Əliyev adına X3 nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə Heydər Əliyev adına X3 Cavabdeh1 və Cavabdeh2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Heydər Əliyev adına X6 (Zavod) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zavoda məxsus magistral neft boru kəmərlərinin mühafizə zonasında - ünvan 1 ünvanında cavabdehlər tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını, tikintinin kəmərdən təxminən 10-15 metr məsafədə yerləşdiyini, həmin tikinti işləri başlanılan andan etibarən SOCAR-ın Təhlükəsizlik İdarəsinin 30 saylı komandasının əməkdaşları və Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin X2 Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən cavabdehlərə, eləcə də, tikinti işlərini həyata keçirən nümayəndələrinə neft boru kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının mövcud qanunvericiliyin tələblərinə zidd olması barədə müvafıq məlumatlar verildiyini və tikinti işlərinin dayandırılmasının tələb olunduğunu, lakin onların bu tələbə əhəmiyyət vermədiklərini, neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olmaqla onların mühafizə zonasında hər an yanğın-partlayış və digər fövqəladə halların baş verə biləcəyini bildirmiş, buna görə də ünvan 1 ünvanında neft boru kəmərlərinin mühafizı zonasında cavabdehlər tərəfindən inşa edilən tikililərin sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, həmçinin ekspertizanın keçirilməsinə çəkilmiş xərc qismində 50 (əlli) manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edən cavabdehlər şikayətlərini belə əsaslandırmışlar ki, məhkəmə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aid olmadığını, həmin sahənin şəhid atası olan Vaqif Həsənova verildiyini və sökülməsi tələb olunan tikilinin də məhz Vaqif Həsənov tərəfindən tikildiyini nəzərə almamış, həmin ərazidə çoxsaylı evlərin olmasına, Vaqif Həsənovun evinin neft borusundan 25 metr məsafədə yerləşməsinə əhəmiyyət verməyərək qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətini şikayətin məzmununa uyğun izahat verməklə müdafiə etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə, Heydər Əliyev adına X5 məxsus neft boru kəmərinin mühafizə zonasında - ünvan 1 ünvanında ev inşa edilmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi, həmçinin həmin rəyə əsas təşkil edən Azərbaycan Respublikası ƏMDK yanında DƏK və ÜRX-nin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisinin verdiyi mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, sözügedən ərazidə cavabdehlər tərəfindən inşa edilmiş tikililər iddiaçıya məxsus neft boru kəmərlərinin 6,14 və 11,52 metrlik məsafəsində yerləşməklə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilən "İstismar olunan neft boru kəmərlərinin "Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın müddəalarına əsasən 50 m-lik mühafizə zonasına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndinə görə, ixrac neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia tələbinin təmin edilməsini əsaslı sayır və hesab edir ki, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Sökülməsi tələb olunan tikilinin onlara deyil, Vaqif Həsənova aid olması və onun yerləşdiyi torpaq sahəsinin adı çəkilən şəxsə verildiyi barədə cavabdehlərin arqumentini isə kollegiya əsaslı hesab etmir; belə ki, birincisi onlar, torpaq sahəsinin Vaqif Həsənova, yaxud hər hansı şəxsə verilmiş olduğuna dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər; digər tərəfdən, əgər həqiqətən sözügedən tikili onlara aid deyildirsə və qətnamənin icrası zamanı həmin hal təsbit olunarsa, icra sənədi icra olunması mümkün olmayan sənəd kimi məhkəməyə geri qaytarılacaqdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar