Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8828/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "gecikdirilmiş əmək haqqına görə maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2242/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən son haqq-hesabın ona gec ödənilməsinə görə 392,23 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən son haqq-hesabın ona gec ödənilməsinə görə 392,23 manat, ödənilməmiş 7 günlük məzuniyyət haqqı olaraq 514,71 manat, ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2017-ci il tarixindən Cavabdeh MMCdə Tənzimləmə və Hüquq işləri və SƏTƏM üzrə idarənin kommersiya müqavilələri bölməsində böyük hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Cavabdeh MMC xx xxxxxx 2019-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam vermişdir. Əmək müqaviləsinə xx xxxxxx 2019-cü il tarixində xitam verilməsinə baxmayaraq əmək kitabçası və son haqq-hesab həmin gün ona verilməmişdir. Çoxsaylı müraciətlərdən sonra əmək kitabçası 18 fevralda, son haqq-hesab isə 20 fevralda ona verilmişdir. O, əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi Cavabdeh MMC tərərfindən onunla bağlanan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunu aşkar etmişdir. Bununla bağlı Cavabdeh MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında xx xxxxx 2019-cu il tarixində **********4 saylı protokol tərtib edilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilən son haqq-hesabın məbləği 7.844,74 manat təşkil edir. Beləliklə, 5 gün gecikdirməyə görə, işəgötürən həmin məbləğin (hər gün üçün 1% olmaqla) 5%-i həcmində ödənc ödəməlidir ki, bu da 392,23 manat təşkil edir. Bu barədə onun etdiyi şikayət Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırılmış və pozuntu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu il tarixli, **********4 saylı arayışında göstərilir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən ona qarşı yol verilmiş mülki (əmək hüququ) və inzibati hüquq xarakterli pozuntu öz təsdiqini qanunla müəyyən edilmiş qaydada tapmışdır. Bundan başqa son haqq hesab zamanı bir sıra yalnışlıqlara da yol verilmişdir. İşəgötürənin əmək müqaviləsinin ləğv edilməsi barədə 73 saylı, xx.xx.2019-cu il tarixli əmrinin 2-ci bəndinə qeyd edilmişdir ki, istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödənilsin. Lakin iddiaçının istifadə edilməmiş məzuniyyət günlərinin sayı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, onun 36 gün əmək məzuniyyəti olduğu halda, o, yalnız 15 gününü istifadə etmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilən maddədən göründüyü kimi son haqq-hesaba işçinin istifadə edilməmiş əmək məzuniyyəti, əmək haqqı və digər ödənişlər daxildir. Digər ödənişlərə isə, mükafat da daxildir. Cavabdeh MMC-də hər il yanvar-fevral aylarında şöbələrin bütün işçilərinə rəhbərlik tərəfindən elektron poçt vasitəsi ilə performansın qiymətləndirilməsinə dair müvafiq blanklar göndərilir ki, həmin blank işçilər tərəfindən doldurulub rəhbərliyə təqdim edilir və bunun əsasında hər bir işçiyə mükafat olaraq, 13-cü əmək haqqı ödənilir. Lakin, belə bir email və blank ona gəlsə də, yekunda ona heç bir mükafat köçürülməmişdir. Əgər bu mükafat ona aid deyildisə, bu emaili işəgötürən ona niyə göndərmişdi. Beləliklə, ona ödənilmiş son haqq-hesabın gecikdirilməsindən savayı, hesablanması da düzgün aparılmamışdır. Buraya aiddir: Cavabdeh MMC iddiaçıya istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödəmişdir. Lakin, onun istifadə edilməmiş məzuniyyət günlərinin sayı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, onun 36 gün əmək məzuniyyəti olduğu halda, o, yalnız 15 günün istifadə etmişdi. 36-15=21 gün edir ki, bunun da 14 günü üçün ona ödəniş edilmişdir. Göründüyü kimi, onun 7 (21-14=7) günlük məzuniyyətinin pulu ödənilməmiş olaraq qalır. Bir günlük məzuniyyət haqqı 73,53 (yetmiş üç manat, əlli üç qəpik) manat olduğu halda 7 gün üçün ona 514,71 (beş yüz on dörd manat, yetmiş bir qəpik) manat ödənilməlidir. Cavabdeh MMC tərəfindən hər bir işçiyə mükafat olaraq, ödənilən 13-cü əmək haqqı ona da ödənilməlidir ki, bu da 2.056 manat təşkil edir. İşəgötürənin iddiaçıya qarşı qərəzli hərəkətindən biri də, onu tez-tələsik işdən çıxarmaqla, qeyd edilən pozuntulara yol vermişdir ki, bunun təsdiqi də son haqq hesabını vaxtında ödəmədiyi barədə Dövlət Əmək Müfəttişliyinin məktubudur. İddiaçı Cavabdeh MMC-də baş hüquqşünas vəzifəsində işləmişdir, işəgötürənin ona qarşı yol verdiyi pozuntu məqsədli olmaqla, iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissələrini yaratmaq üçün edilmişdir. Yəni, ona göstərməyə çalışmışdır ki, o, hüquqşünas olaraq, öz hüquqlarını qoruya bilmir. Çünki, cavabdehə qarşı məhkəmələrdə bir neçə iddiası olmuş və cavabdeh buna görə də ona qarşı acıqlı və qərəzli davranmışdır. Odur ki, bütün bunlar ədalətlilik prinsipi əsas tutulmaqla, ona mənəvi ziyana görə kompensasiyanın ödənilməsi üçün əsasdır. İddiaçının işində cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) pul itkisi formasında baş vermişdir. Mənəvi zərərin vurulmasının sübut edilməsi üçün şəxsin əmlak və ya şəxsi qeyriəmlak hüququnun pozulması faktının müəyyənləşdirilməsi mənəvi zərərin vurulduğu qənaətinə gəlmək üçün kifayətdir. Cavabdeh MMC xx.xx.2019-cü il tarixində onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam versə də, əmək kitabçasını və son haqq-hesabı həmin gün ona verməmişdir. Buna görə də, beş gün ərzində çoxsaylı şifahi müraciətlər etməyə, iş yerinə və banka təkrar-təkrar getməyə məcbur olmuşdur. Bütün bunlar nəticəsində, yəni cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) onda mənəvi əzab və məyusluq hissinə səbəb olmaqla, emosional sarsıntı keçirməsinə səbəb olmuşdur ki, nəticədə ona mənəvi ziyan vurmuşdur. Buna görə də həmin ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2242/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Mustafayeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2242/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2017-ci il tarixindən Cavabdeh MMC-də Tənzimləmə və hüquq işləri və Sətəm üzrə idarənin kommersiya müqavilələri bölməsində böyuk hüquq məsləhətşisi vəzifəsində işləmişdir. Cavabdeh MMC xx xxxxxx 2019-cü il tarixində iddiaçı bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam verdi. Əmək müqaviləsinə xx xxxxxx 2019-cü il tarixində xitam verilməsinə baxmayaraq əmək kitabçası və son haqq-hesab həmin gün iddiaçıya verilməmişdir. Çoxsaylı müraciətlərdən sonra əmək kitabçası 18 fevralda, son haqq-hesab isə 20 fevralda iddiaçıya verilmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı iddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi Cavabdeh MMC tərərfindən iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəllənin 172–ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunun aşkar etmişdir. Bununla bağlı Cavabdeh MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında xx xxxxx 2019-cu il tarixində **********4 saylı protokol tərtib edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2–ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4 və 5-ci hissələrinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilən son haqq-hesabın məbləği 7.844,74 manat təşkil edir. Beləliklə, 5 gün gecikdirməyə görə, işəgötürən həmin məbləğin (hər gün üçün 1% olmaqla) 5% -i həcmində ödənc ödəməlidir ki, bu da 392, 23 (üç yüz doxsan iki manat iyirmi üç qəpik) manat təşkil edir. Bu barədə edilən şikayət Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırılmış və pozuntu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu il tarixli, **********4 saylı arayışında göstərilir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2–ci hissəsinin və 172-ci maddəsinin 4–cü hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Cavabdeh MMCnin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı yol verilmiş mülki (əmək hüququ) və inzibati hüquq xarakterli pozuntu öz təsdiqini qanunla müəyyən edilmiş qaydada tapmışdır. İşəgötürənin əmək müqaviləsinin ləğv edilməsi barədə 73 saylı, xx.xx.2019-cu il tarixli əmrinin 2-ci bəndinə qeyd edilmişdir ki, istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödənilsin. Lakin, iddiaçının istifadə edilməmiş məzuniyyət günlərinin sayı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, onun 36 gün əmək məzuniyyəti olduğu halda, o yalnız 15 günün istifadə etmişdir. Həmçinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilən maddədən göründüyü kimi son haqq-hesaba işçinin istifadə edilməmiş əmək məzuniyyəti, əmək haqqı və digər ödənişlər daxildir. Digər ödənişlərə isə, mükafat da daxildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, qısaca ƏM) 154-cü maddəsinə əsasən,əmək haqqı anlayışına işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu daxildir. ƏM-nin 157-ci maddısinin 6-ci bəndinə əsasən, mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Cavabdeh MMC –də hər il yanvar-fevral aylarındaşöbələrin bütün işçilərinə rəhbərlik tərəfindən elektron poçt vasitəsi ilə performansın qiymətləndirilməsinə dair müvafiq blanklar göndərilir ki, həmin blank işçilər tərəfindəm doldurulub rəhbərliyə təqdim edilir və bunun əsasında hər bir işçiyə mükafat olaraq, 13-cü əmək haqqı ödənilir. Lakin, belə bir email və blank iddiaçıya da gəlsə də, yekunda ona heç bir mükafat köçürülmədi. Əgər bu mükafat mənə aid deyildisə, bu emaili işəgötürən ona niyə göndərmişdi?! ƏM-nin 183-ci maddəsinin “d” bəndinə əsasən, əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları Müəssisədaxili intizam qaydalarının məzmununa bir qayda olaraq daxil edilməlidir. Beləliklə, iddiaçıya ödənilmiş son haqq hesabın gecikdirilməsindən savayı, hesablanması da düzgün aparılmamışdır. Buraya aşağıdakılar aiddir: 1) Cavabdeh MMC iddiaçıya istifadə edilməmiş 14 gün məzuniyyət günləri üçün pul əvəzi ödəmişdir. Lakin, mənim istifadə edilməmiş məzuniyyət günlərimin sayı 14 gündən çox idi. Belə ki, əmək müqaviləsinə əsasən, iddiaçının 36 gün əmək məzuniyyəti olduğu halda, o yalnız 15 günün istifadə etmişdi. 36-15=21 gün edir ki, bunun da 14 günü üçün iddiaçıya ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçının 7 (21-14=7) günlük məzuniyyətimin pulu ödənilməmiş olaraq qalır. Bir günlük məzuniyyət haqqı 73,53 (yetmiş üç manat, əlli üç qəpik) manat olduğu halda 7 gün üçün (73,53 x 7=) 514,71 (beş yüz on dörd manat, yetmiş bir qəpik) manat ödənilməlidir. 2) Cavabdeh MMC tərəfindən hər bir işçiyə mükafat olaraq, ödənilən 13-cü əmək haqqı ödənilməlidir ki, bu da 2056 manat təşkil edir. İşəgötürənin iddiaçıya qarşı qərəzli hərəkətindən biri də, iddiaçını tez-tələsik işdən çıxarmaqla, qeyd edilən pozuntulara yol vermişdir ki, bunun təsdiqi də son haqq hesabı vaxtında ödəmədiyi barədə Dövlət Əmək Müfəttişliyinin məktubudur. Bütün bunlar iddiaçıda mənəvi sarsıntılara səbəb olmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırki mübahisədə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi təsdiq olunsa da, tərəflər arasında fərdi əmək mübahisəsinin olduğu aşkardır. Belə olan halda məhkəmə hesab edir ki, tələb bu hissədə əsassızdır və təmin edilməməlidir.” Məhkəmə Əmək Məcəlləsinin qeyd edilən normasına həm tam düzgün istinad etməmiş və həm də onu birtətəfli təfsir etmişdir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin mətni tam olaraq belədir: əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Nəsimi rayon Məhkəməsi isə, əsas cümləni - sonuncu cümləni oradan çıxarmışdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 631 saylı əmək müqaviləsinin surətindən oörünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən xx xxxx 2017-ci il tarixdən Tənzimləmə və Hüquq İşləri və SƏTƏM üzrə idarənin Müqavilələrlə İşlər üzrə Şöbənin Kommersiya Müqavilələri üzrə Bölməsinə Böyük hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətşiz bağlanmışdır. İş materiallarına əlavə olunanCavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli 73 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin surətindən görünür ki, Cavabdeh MMC-nin Baş icraçı direktorunun xx.xx.2018-ci il tarixli, 691 nömrəli əmri ilə Cəmiyyətin Təchizat idarəsinin strukturunda və ştatlarının sayında dəyişikliklər edilmiş, Kommersiya müqavilələri üzrə bölmə Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin tabeliyindən çıxarılaraq Təchizat idarəsinin strukturuna keçirilmişdir. Bununla əlaqədar Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin Kommersiya müqavilələri üzrə ıdlməsinin Böyük hüquq məsləhətçisi İddiaçı eyni vəzifə, eyni əmək funksiyaları və eyni əmək haqqı (2268,15 manat (iki min iki yüz altmış səkkiz manat on beş qəpik) ilə əmək fəaliyyətini Təchizat idarəsinin tərkibindəki Kommersiya müqavilələri bölməsində davam etdirmək rəsmi qaydada təklif olunmuşdur. Lakin adı çəkilən işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş, bununla əlaqədar “02” mart 2017-ci tarixli, 631 nömrəli əmək müqaviləsinə hazırlanmış dəyişikliyi imzalamamışdır. Bundan əlavə əmək qanunverciliyində nəzərdə tutulan qaydada yeni əmək şəraitinin şərtləri ilə razılaşmadığı üçün İddiaçı yeni yaradılmış Dövlət orqanları ilə elaqələr və Hüquq idarəsində mövcud olan iki hüquq məsləhətçisi vəzifəsindən biri təklif olunsa da, sonuncu bu təklifi də qəbul etməmişdir. Tənzimləmə, Hüquq işləri və SƏTƏM üzrə idarənin Kommersiya müqavilələri üzrə bölməsinin Böyük hüquq məsləhətçisi İddiaçı ilə bağlanmış "02” mart 2017-ci il tarixli, 631 nömrəlı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə) xitam verilmişdir və işçi tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********4 saylı məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2848/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1233/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11165/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunan əmək məzuniyyətinin verilməsi barədə əmrlərdən görünür ki, xx.xx.2017-ci il tarixli, 808 №-li əmrə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş ili üçün 11 gün (5 gün əsas, 6 gün əlavə), xx.xx.2017-ci il tarixli, 969 №-li əmrə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş ili üçün 25 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan iş ili üçün 4 gün, xx.xx.2018-ci il tarixli, 113M №-li əmrə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan iş ili üçün 2 gün, xx.xx.2018-ci il tarixli, 153M №-li əmrə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş ili üçün 1 gün, xx.xx.2018-ci il tarixli, 202.1M №-li əmrə əsasən 2018-2019-cu il tarixədək olan iş ili üçün 1 gün, xx.xx.2018-ci il tarixli, 278M №-li əmrə əsasən 2017-2018, 2018- 2019-cu il tarixədək olan iş illəri üçün cəmi 14 gün, xx.xx.2018-ci il tarixli, 284M №-li əmrə əsasən 2018-2019-cu il tarixədək olan iş ili üçün 10 gün məzuniyyət verilmişdir. İş materiallarına əlavə olunan əmək haqqı üzrə çıxarışdan görünür ki, "Cavabdeh" MMC tərəfindən İddiaçı hesabına 7891,81 manat pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 177-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq işilindəəmək məzuniyyətindənistənilənsəbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Kollegiya işin hallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Cavabdeh MMC-də Tənzimləmə və Hüquq işləri və SƏTƏM üzrə idarənin kommersiya müqavilələri bölməsində böyük hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanan əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2848/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən son haqq-hesabın ona gec ödənilməsinə görə 392,23 manat, ödənilməmiş 7 günlük məzuniyyət haqqı olaraq 514,71 manat, ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat və mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehdən son haqq-hesabın gec ödənilməsinə görə hər gün üçün 1% olmaqla 392,23 manat tələb edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddia tələbinin həmin hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Hazırki mübahisədə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi təsdiq olunsa da, tərəflər arasında fərdi əmək mübahisəsinin olduğu aşkardır. Çünki, iddiaçının cavabdehə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası olmuş və həmin tələb ürzə qətnamə qanuni qüvvəyə minmişdir. Odur ki, fərdi əmək mübahisəsinin olması səbəbindən əmək haqqının gecikdirilməsinə görə işçiyə (iddiaçıya) hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1%-i məbləğində ödənc verilməsi ilə bağlı iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddia tələbinin və apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, iddiaçıya istifadə edilməmiş 14 məzuniyyət gününün əvəzinin ödənilməsi nəzərdə tutulmuş və iddiaçı isə iddia ərizəsində və apellyasiya şikayətində həmin məbləğin ödənildiyini bildirmişdir. İddiaçı apellyasiya şikayətində 36 gün əmək məzuniyyəti olduğunu, bunun yalnız 15 gününü istifadə etdiyini və istifadə edilməmiş 21 məzuniyyət günü olmasına baxmayaraq ona yalnız 14 məzuniyyət gününün pul əvəzinin ödənildiyini bildirmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı iddiaçının xx.xx.2017-ci il tarixli, 808 №-li, xx.xx.2017-ci il tarixli, 969 №-li, xx.xx.2018-ci il tarixli, 113M №-li, xx.xx.2018-ci il tarixli, 153M №-li, xx.xx.2018-ci il tarixli, 202M №-li, xx.xx.2018-ci il tarixli, 278M №-li və xx.xx.2018-ci il tarixli, 284M №-li əmrlərlə müvafiq məzuniyyət günlərindən istifadə etdiyi müəyyən edilmişdir. Belə olduqda, qeyd edilən əmrlərlə iddiaçının istifadə edilməmiş 21 gün məzuniyyət gününün olması ilə bağlı dəlili təkzib edilmiş olur. İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin bu dəlilini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. İddiaçının ödənilməmiş mükafat 13-cü əmək haqqı olaraq 2056 manat tələb etməsinə münasibətdə kollegiya bildirir ki, iddiaçı ilə Cavabdeh” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 631 saylı əmək müqaviləsində cavabdehin bu cür mükafat məbləğinin ödənilməsi ilə bağlı öhdəlik daşıdığı müəyyən edilməmişdir. Belə olan halda, cavabdehin üzərinə 2056 manat ödənilməmiş mükafatın ödənilməsi öhdəliyinin qoyulması həm əmək müqaviləsinin, həm də qanunvericiliyin tələblərinə zidd olmuş olardı. Kollegiya iddia tələbinin 10.000 manat məbləğində mənəvi zərərin tələb etməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçının iddia tələbinin əsaslı olması da öz təsdiqini tapmamışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. Odur ki, iddia tələbinin cavadehdən 10.000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə kollegiya hesab edir ki, həmin hissəsdə də birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə heç bir tutarlı və mötəbər olan rəsmi sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2242/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8828/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8828/2020
11.12.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver